Ənvər Paşanın şəxsi əşyaları nəvəsinə sərvət gətirdi
Osman Mayatəpək bununla belə Türkiyənin Azərbaycandakı səfirliyini ittiham edir
Türkiyə Cümhuriyyətinin tarixi şəxsiyyəti olan Ənvər Paşanın şəxsi əşyaları hərraca çıxarılıb. Bir hissəsi hərbi muzey, digəri isə Yıldız sarayı muzeyinə qoyulan əşyaların bir neçəsini kolleksiyaçılar alıb. Tarixi şəxsiyyətə aid olan 122 ədəd əşyanın arasında zabitlik diplomu, hərbi forma, kepka, medallar, hərbi xəritə və fotoşəkillər, Ənvər Paşanın öz əli ilə çəkdiyi şəkillər, həyat yoldaşı Naciyə xanıma aid fotolar, həmçinin Sultan Rəşadın hədiyyə etdiyi qızıl və gümüş işləməli qılınc, o cümlədən "Purdey” markalı tüfəng var.
Hərracda Ənvər Paşanın "Allah bizimlədir” yazılmış mərasim qılıncı 12 min, Sultan Rəşadın hədiyyə etdiyi qılınc 170 min və 1888-ci ildə istehsal olunmuş tüfəng 225 min, qamçısı 50 min, Yapon İmperatorluğu tərəfindən hədiyyə olunan harakiri bıçağı 40 min, döyüş zamanı boynundan asdığı kiçik "Qurani- Kərim” 15 min, möhürləri hər biri 20 min və xüsusi bayrağı 80 min lirəyə satılıb.
Ənvər Paşanın əşyalarının hərraca çıxarılması ilə bağlı modern.az-a danışan nəvəsi Osman Mayatəpək bu satışın gəlir üçün olmadığını deyib: "Ənvər Paşanın hərraca çıxarılan şəxsi əşyalarını mən özüm təqdim etmişəm. 90 ildir ki, bizim nəsil Ənvər Paşanın şəxsi əşyalarını qoruyur və 45 ildir ki, bu məsələ mənim nəzarətim altındadır. Mən düşünürəm ki, Ənvər Paşa yalnız bizim nəslə aid deyil, bütün türk dünyasına aiddir. Bunları nəzərə alaraq, Ənvər Paşanın mühafizə etdiyimiz şəxsi əşyalarını xalqla da paylaşmağı qərar verdim.
Ənvər Paşanın 5-6 əşyası satılıb. Burada qiymət simvolikdir. Babamın əşyalarını alan şəxslərin özlərinin şəxsi muzeyləri var və orada mühafizə olunacaq. Fikrimcə, kiməsə pulsuz verilən əşyaya o qədər də dəyər verilmir. Ona görə də biz düşündük ki, bu əşyaları çox ucuz qiymətə satışa çıxaraq.
Ənvər Paşa bütün Türk Dünyasına aid böyük şəxsiyyətdir. Ona görə ona məxsus əşyalar muzeylərdə, arxivlərdə saxlanılmalıdır. Türkiyədə buna start verdik”.
Osman Mayatəpək Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət etdiyini, hətta Ənvər Paşanın şəxsi əşyalarının bir qismini Azərbaycan dövlətinə hədiyyə etməklə bağlı təklif irəli sürdüyünü də söyləyib: "Mən səfirlə bir neçə dəfə tədbirlərdə ayaqüstü görüşmüşəm. Amma buna baxmayaraq, yazdığım məktuba cavab verilmir. Bu da məni çox qayğılandırır. Çünki babalarım, Ənvər Paşa və Nuru Paşa Azərbaycan sevdalısı olublar. Ona görə də babalarıma aid əşyaların bir qisminin də Azərbaycanda saxlanılmasının tərəfdarıyam. Təəssüf edirəm ki, dəfələrlə müraciət etməyimə baxmayaraq, Azərbaycanın Türkiyədəki səfirliyi və səfiri mənə cavab vermir. Sizə dediklərimi narazılıq, şikayət kimi qəbul edin”. Azərbaycanın Türkiyədəki səfirliyindən isə bildirilib ki, Ənvər Paşanın nəvəsi Osman Mayatəpək Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etməyib və səfirlə görüşməyib: "Ənvər Paşanın nəvəsi Osman Mayatəpəkin səfirlə bir neçə dəfə görüşməsi və səfirliyə məktub ünvanlaması yalandır. Onun cənab səfirlə görüşməsi həyata keçirilməyib. Belə bir müraciəti də olmayıb. Yəni, Osman Mayatəpək böhtan xarakterli bir açıqlama verib və həqiqətə uyğun deyil”.
Azərbaycanlı kolleksionerlər isə Ənvər Paşanın hərraca çıxarılan şəxsi əşyalarını baha qiymətə satıldığı üçün ala bilməyiblər.
Ənvər Paşanın şəxsi əşyalarının nəvəsi Osman Mayatəpək tərəfindən satışa çıxarıldığını qeyd edən gənc yazar, kolleksiyaçı Dilqəm Əhməd "Şərq”ə deyib ki, məqsədi də o olub ki, Ənvər Paşanın şəxsi əşyaları diqqət çəksin və bu arxivə hökumət sahib çıxsın. Onun sözlərinə görə, bu auksion təşkil ediləndə Türkiyədə sosial şəbəkələrdə "Ənvər Paşanın arxivi yağmalanmasın” haştaqı ilə etiraz kampaniyası da başladılmışdı: "Sözün açığı, bu cür auksionlara mənim kimi insanlar qatıla bilmir. Çünki həddindən artıq bahalı olur. Təsəvvür edin ki, Ənvər Paşanın qılıncı 170 min, tüfəngi isə 225 min lirəyə satılıb. Söhbət on minlərlə dollardan gedir. Onu da deyim ki, Ənvər Paşanın auksiona çıxarılan 122 şəxsi əşyasından 64-nü Türk ordusunun tərkibində olan hərbi muzey satın alıb”. Daha çox Azərbaycan Cümhuriyyətinə aid foto və sənəd kolleksiyası ilə məşğul olduğunu vurğulayan kolleksioner xatırladıb ki, cümhuriyyətçilər 28 aprel işğalından sonra əsasən Türkiyəyə gedib, öz mübarizələrini orada davam etdiriblər: "Həmin dövrə aid maraqlı mənbələr də əldə etmişəm, sadəcə almaq üçün 4 min manat civarında pul lazımdır”.
Ənvər Paşanın şəxsi əşyalarının bu qədər baha qiymətə hərraca çıxarılmasına gəldikdə isə D.Əhməd deyib ki, burada məqsəd heç də sadəcə nəvəsinin dediyi kimi Ənvər Paşanın əşyalarını xalqla paylaşmaq deyil: "Osman Mayatəpək başa düşürdü ki, onda olan bu zəngin arxiv axır-əvvəl dövlətə verilməlidir. Yəqin ki, dövlətə pulsuz vermək istəməyib, ona görə də bu cür auksion təşkil edib. Qiymətə gəldikdə isə, belə şeylər həmişə baha satılır. Nəzərə alaq ki, bu gün hərraca çıxarılan əşyalar Türkiyə tarixinin ən önəmli hərb nazirinin şəxsi əşyalarıdır. Əslində elə kolleksionerlik varlıların peşəsidir. Bəzən olur ki, rəssamlara aid bir tablo milyonlarla dollara satılır”.
Digər kolleksiyaçı, jurnalist Ruslan Rəhimov isə deyib ki, Ənvər Paşa tarixi şəxsiyyətlər arasında çox böyük dəyər verdiyi bir insandır: "Kolleksiyamda onun rəsminin olduğu bəzi açıqcalar var. Çox istəyərdim ki, onun şəxsi əşyalarından da kolleksiyamda nələrsə olsun. Ancaq auksiona çıxarılan əşyalar çox baha qiymətə satıldığı üçün təəssüf ki, ala bilmədik.
Onu da deyim ki, əşyaların ən dəyərlilərini Türkiyənin Yıldız Sarayı Muzeyi və Genelkurmay Başkanlığı Hərbi muzeyinin alması çox sevindirici haldır.
Əgər nə vaxtsa, hardasa Ənvər Paşaya aid bir əşya, onun əlyazması olan sənədlər qarşıma münasib qiymətə çıxsa, mütləq alacam”.
Qiymətlərin baha olmasına normal baxdığını vurğulayan kolleksiyaçı da deyib ki, əşyalar auksion üsulu ilə satılıb və müəyyən bir başlanğıc qiyməti olub: "Daha sonra müxtəlif kolleksiyaçı bu əşyaları almaq üçün biri-birləri ilə yarışıblar. Kim daha çox təklif edibsə, əşyanı da o alıb. Elə auksionun da marağı bundadır. Hətta deyərdim ki, Ənvər Paşa kimi bir şəxsiyyətə aid bəzi əşyalar ucuz qiymətə satılıb. Qiymətlər bizim üçün çox baha olsa da, o əşyaların dəyəri budur. Ən azından onların xatirə və mənəvi dəyəri çoxdur”.
Şəymən