Son illərdə ölkəmizdə xüsusilə gənclər arasında epilepsiya xəstələrinə çox rast gəlinir. Müxtəlif növləri ilə özünü göstərən epilepsiyanın müalicəsi və xəstəyə ilkin yardım baxımından insanlar o qədər də məlumatlı deyil.
Bu xəstəliklə bağlı Sherg.az-ın araşdırmasını təqdim edirik.
Epilepsiya nədir?
Epilepsiya qısa tutmalarla müşayiət olunan beyin fəaliyyətinin pozulmasıdır. Epileptik tutma, adətən, beş dəqiqədən az çəkir. Bu məqalənin əvvəlində təsvir olunan vəziyyət böyük epileptik tutma hallarına xasdır.
Tədqiqatçıların fikrincə, tutma beyin hüceyrələri arasında elektrik fəallığın qeyri-normal sıçrayışı zamanı baş verir. Amma bunun nəyə görə baş verdiyi məlum deyil.
Kimdəsə böyük epileptik tutma baş verəndə nə etməliyik?
«Beyin və beyin pozuntuları ensiklopediyası»nda deyilir: «Ətrafda olanlar xəstənin vəziyyətinə müdaxilə etməməli və tutmanın keçib-getməsini gözləməlidirlər. Onlardan ancaq xəstə üçün heç bir fiziki təhlükənin olmadığına və onun nəfəs aldığına əmin olmaq tələb olunur». Həmin ensiklopediyada qeyd olunur ki, «epileptik tutma beş dəqiqədən çox davam edərsə, təkrarlanarsa və ya xəstə tutmadan bir neçə dəqiqə sonra özünə gəlməzsə, təcili yardım çağırmaq lazımdır».
Xəstənin başının altına yumşaq bir şey qoyun və iti əşyaları başının yanından uzaqlaşdırın. Qıcolma keçəndə xəstəni, şəkildə göstərildiyi kimi, yanüstə çevirin.
Xəstə özünə gələndən sonra ilk öncə, onu əmin edin ki, hər şey yaxşıdır. Sonra ayağa qalxmağa kömək edin və istirahət etməsi üçün sakit bir yerə aparın. Epileptik tutmadan sonra əksər xəstələr çaşqın və yuxulu vəziyyətdə olurlar. Bəziləri isə tez özlərinə gəlir və tutmadan əvvəl gördükləri işi davam etdirirlər.
Bəzi xəstələrdə ani beyin durğunluğu olsa da, onlar yerə yıxılmırlar. Buna kiçik epileptik tutma və ya absan deyilir. Belə tutma qısa çəkir və başqa nəticələri olmur. Bəzi epileptiklərdə isə kiçik tutmalar bir neçə dəqiqə davam edir. Belə vəziyyətlərdə xəstə otaqda gəzinir, paltarını dartışdırır və bu kimi digər qəribə hərəkətlər edir. Epileptik tutmadan sonra onda başgicəllənmələri olur.
Epilepsiya ilə yaşamaq…
Aydındır ki, bir çox epileptiklər növbəti tutmanın nə zaman və harada baş verəcəyi qorxusu ilə yaşayırlar. Camaat içində pərt olmamaq üçün onlar ictimai yerlərdə olmaqdan çəkinə bilərlər.
Epilepsiya xəstəliyi olana necə dəstək olmaq üçün onu təşviq edin ki, hisslərini içində boğmasın, bölüşsün. Siz isə diqqətlə qulaq asın. Epileptik tutması zamanı ona necə kömək edə biləcəyinizi onun özündən soruşun. Belə xəstələrin çoxu avtomobil idarə etmir. Buna görə də ona harasa getmək və ya nə isə etmək lazımdırsa, köməyinizi təklif edə bilərsiniz.
Tutmaların sayını azaltmaq və ya onların qarşısını necə almaq olar?
Stress və kifayət qədər yatmamaq kimi bəzi amillər epileptik tutmaların baş vermə ehtimalını artırır. Buna görə də mütəxəsislər epileptiklərə stressi azaltmaq üçün kifayət qədər dincəlməyi və müntəzəm şəkildə idmanla məşğul olmağı məsləhət görürlər. Bəzi hallarda dərman qəbulu da tutmanın qarşısını almağa kömək edir.
Aysel Aslan