Əqli cəhətdən zəif uşaqların sevinci yerə-göyə sığmırdı

Onlar Ramazan ayında unudulmadı
Ramazan günlərində xeyriyyə işləri görmək, xəstə, kimsəsiz uşaqlara dəstək olmaq vacibdir. Onlar cəmiyyətdən təcrid olunmamalıdırlar.
Ötən gün "Ümid var” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə "Romans Palase” restoranında 11 saylı xüsusi təyinatlı məktəbin məzun gününə həsr olunan tədbiri keçirilib. Əqli cəhətdən zəif, xüsusilə daun xəstələrinin təhsil aldığı təhsil ocağının bütün şagirdləri mərasimdə iştirak edirdilər. "Ümid var” Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi mərasimi keçirməkdə məqsəd sağlamlıq imkanları məhdud, əqli cəhətdən zəif, xəstə uşaqları Ramazan ayında yad etmək, onlara dəstək olmaq idi. Məktəbin direktoru Şahzadə xanım və oranın pedaqoqu Nazilə xanımın da dəstəyi ilə ərsəyə gələn tədbirdə həm məktəbin məzunlarına hədiyyələr təqdim edildi, həm də şagirdlərə musiqi, əyləncə sevinci bəxş edildi. Mərasimi aparıcı Tahirə Məmmədqızı idarə edirdi. Xeyriyyə tədbirində Əməkdar artist Ədalət Şükürovun iştirakı uşaqlara xüsusi sevinc bəxş etdi. Müğənni uşaqlarla oynadı, onlarla şəkillər çəkdirdi. Eyni zamanda tanınmış animator Alik də bu gün də uşaqları tək qoymadı. Onlar üçün maraqlı çıxışlar təqdim etdi.
Tahirə