Ər çörəyi...

İndi sosial rollar bir az dəyişib“Nə kişilər, nə qadınlar üzərlərinə düşən məsuliyyət hissini daşımaq istəmirlər”
Qadın kimdir deyib daha çox həqiqətləri danışmaq olar. Qadın həm də anadır. O ana ki, bəzən o, böyük iddialarından, xoşbəxtliyindən, hətta qadınlığından əl çəkməyə razı olar, yuxusuz qalıb körpəsinin laylasını çəkər, ac ikən tox olduğunu göstərməyə çalışar.
Bir də tənha qadınlar var. Həyatın bütün çirkinliklərinə sinə gəlib ayaq üstdə durmağa çalışan tənha qadınlar.... Tənha analar var. O analar ki, bəzən göz yaşını təkliyində boğaraq qayğısız olduğunu göstərməklə övladına təsəlli verər, bəzən sabahın açılmasını yuxusuz qalaraq qarşılayan qadınlar var. Adına - ana deyərlər.
Adətən işgüzar, karyerist qadınlara qibtə edirlər, onların ayaqda durmasına həsəd çəkirlər, bəzən onlar kimi həyat arzulayırlar. Ev xanımları işgüzar qadın görəndə bəzən köks ötürərlər. O qadınlar ki, rahatlıqla ər çörəyi yeyirlər... O qadınlar ki, ər çörəyi yeyərkən həyatın acı oyunlarından uzaqda qalıblar. Onlar əslində bəzən rahatlıqlarının fərqinə varmırlar. Bir də bizlər kimi "güclü işgüzar qadınlar” var... Əslində tənhalığa məhkum, güclü görünməyə çalışan, amma zaman-zaman yorulub gecələri yastığını qucaqlayıb göz yaşını, hıçqırtısını eşitməsin deyə soyuq divarlardan belə gizlədən güclü, işgüzar qadınlar da var bu həyatda. Belə bir el deyimi var bizdə. Xanımlarımıza alqış edərkən deyərlər ki, - "Səni ər çörəyi yeyəsən”. Güclü görünən işgüzar xanımlar necə, ər çörəyi yeməyə ehtiyac duyurlarmı bəzən? Ər çörəyi yemək asandımı? Hər halda bunu o çörəyə sahib olanlar daha yaxşı bilmiş olarlar.
Mən də kənardan güclü qadın kimi görünmüşəm çox zaman. Bəlkə bir çoxlarının həsədlə həyatıma qibtə etdiyini də zamanla sezmişəm, "xoşbəxt qadındı” deyənləri də eşitmişəm. Odur ki, o qadınları daha yaxşı tanıyıram, bilirəm - işgüzar güclü xanım rolunu oynayıb əslində bəzən bir sığala möhtac, bir baxışa həsəd olmaq nə qədər çətindi. Odur ki bir də, o işgüzar qadınları sizə tanıdaq, ər çörəyi yeyən, gözəl xanımlar! Axı bizim kimilərin həyatı sizlərin baxışında daha rəngarəng, daha sərbəst, qayğısız, hesabatsız görünür.
O qadınları bir də bizlərdən eşidin. Çox uzağa getməyəcəm. Həyatımdan bir xırda nüansı danışmaq bəlkə də kənardan güclü deyilən qadının reallığını tanıtmış olar sizə. Oğlumu bu yaxınlarda əsgər göndərirəm. Anasını, vətənini müdafiə etsin deyə. Oğlumla birgə hərbi komissarlığın qapısında hələ ana qucağından tam qopmayan yeniyetmələr dayanıb. Hər birinin çiynini bir ata biləyi qucaqlayıb. Hər biri - kasıbı da, varlısı da o qapıya gələndə onu qucaqlayan ata güvənini hiss edərək əsgər yollanır. O an oğlumun baxışlarında olan ata nisgilini, həsrətini görüb göz yaşlarımı qorumaq, ona, "balam, sən tək deyilsən, mən varam” deyə baxışımla təsəlli verməyə çalışıram. Bacardığım qədər dik durub, iti addımlayıb ona güclü olduğumuzu sübut etməliyəm. Bilmirəm bacara bilirəm, ya yox. Amma yenə sındırmıram o məğrurluğumu. Məşhur alman yazıçısı Goethenin qadınlar barədə dediyi bir deyimə tutunub təsəlli tapmağa çalışıram.
"Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır”. Mən də ata olmağa çalışdım o an. Güclü qadınlar bəzən ata olmağa da məcburdu axı...
Qeydiyyatdan çıxanda bir də oğlumun məni qucaqladığını hiss edib özümü toparladım. Güclü görünən o qadının isə həmin an bir təsəlliyə, dəstəyə ehtiyacı vardı. O güclü qadın ki, bəzən başqalarının köməyinə çatmağa can atır, kimlərəsə yardım edir, kiməsə mənən dəstək olur, amma onun nə qədər bu təsəlliyə, qayğıya ehtiyacı olduğunu isə bilən yoxdu. Çünki o, güclü qadındı. Çünki o, bu günə qədər ər çörəyinin dadını bilməyib. Çünki o, oğlunun ehtiyaclarını ödəmək üçün ər çörəyindən mədət ummayıb. Çünki o, güclü qadın, bəzən övladı hiss etməsin deyə ac ikən tox yatmağa məcbur qalıb. Axı oğlu üçün güclü qadın rolunu son pərdəsinə qədər oynamalıdır. O an güclü qadını oynamaqdan çox yoruldum. Mən də dəstək istədim, amma bir oğlumun mənə dikilən baxışı, bir də ona dikilən ananın donmuş göz yaşı məni silkələdi. Sən güclü olmağa məcbursan, dayan dedi...
Qorxaqdılar...
Güclü qadınlardan ehtiyat edərlər. Amma onlar o qədər qorxaq, o qədər ürkək olurlar ki, bunu gizlədirlər. Onlar gecələr qaranlıq otaqda qorxaq olduqlarını tək özlərinə etiraf edər, səhər günəş açılınca sanki maskalanaraq aslan olub həyatla mücadilə edərlər. Məşhur deyimdə olduğu kimi - aslanın erkəyi dişisi olmaz. Güclü qadınlar gecələr döşəkdə büzüşən, səhərləri dik görünməyə məhkumlardı. Tənha olub işgüzar görünən qadınlar əslində həm də o qədər qorxaqdılar ki... onların söykənəcəkləri kimsələri olmaz. Onlar öz qadın eqolarına güvənməkdən başqa güvənəcək kimsə tanımazlar. Elə ona görə də təkliklərini, gücsüzlüklərini bildiklərindən qorxarlar... Amma gizlədərlər...
Bizim kimi güclü qadınlar əslində daha çox qorxaq olurlar. Bir gün övladının tək qalacağından qorxarlar, onlara dəstək ola bilməmək hissindən qorxarlar, itirməkdən qorxarlar. Bir də təklikdən qorxarlar. Tək olub təklikdən qorxmaq isə o qədər çətindi ki. Bir həqiqət də qaçılmazdı. Bizim kimi güclü qadınlar bu həyatı yaşamağa bəzən məcbur, bəzən məhkumdu...
Onlara qibtə etmək olarmı?
İndi ər çörəyi yeyən qadınlar, sualım sizədi - işgüzar qadınlara qibtə etməyə dəyərmi? Onlar əslində göründükləri qədər bəlkə güclü deyillər. Bəzən özlərinə təsəlli verib özlərini aldadaraq güclü qadın kimi görünürlər. Siz onların bu görünüşlərinə o qədər də aldanmayın.
Bir etirafım da olsun. Bu yazını yazarkən ehtiyat edərək ilk cümləmi başladım doğrusu. Tərəddüdlə. İstəməzdim yanlış fikir yaransın. İstənilən halda qadın, qadındı. O, güclü da olsa, zəif də, zərif də. Qadın həyatın ən ecazkar varlığıdı.
Corc Eliotun məşhur bir deyimində isə əslində böyük bir həyat həqiqətini də tapmaq olar - "Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir”. Ər çörəyi yeyən qadınları isə nədənsə, müharibə görməmiş ölkəyə bənzətmək olar. Bəlkə də səhv düşünürəm...
Həyatda tək qadın olaraq yaşamaq, övlad böyütmək, ictimai həyatda tanınmaq o qədər də asan deyil. Tənha qadınlara isə sualımız var. Zaman-zaman ər çörəyi yemək istəyiniz olubmu? İşgüzar qadın olmaq asandımı? 
Suallarımızla "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə həmsöhbət olmaq istədik. Bir çox qayğıya möhtac, təcavüzə məruz qalan qadınlara dəstək olan qadının bir də öz qadın dünyasını tanımağa çalışdıq. Bu həssas mövzuya Mehriban Zeynalovanın maraqlı baxışı oldu:
 "Həqiqətən çox maraqlı, eyni zamanda həssas bir mövzuya toxunmusuz. Bilirsiz, bəzən qadınlar bilərəkdən, ya da bilməyərəkdən karyera arxasınca getməli olurlar. Bir var həyatını planlayırsan ki, mən karyera quracam. Bir də var düşdüyün vəziyyət səni məcbur edir ki, sən gecə-gündüz işləyəsən, özünü həyatda tapa biləsən, təsdiqləyəsən. Çünki övladlarının qarşısında güclü olmalısan. 
Əgər güclü deyilsənsə, inanın ki, övladın qarşısında da hörmətli olmursan. Həyat səni məcbur edib itələyir ki, güclü ol. Bizim kimi qadınlar övladlarını şəxsiyyət kimi böyütmək üçün ilk əvvəl özləri güclü olmağa məcburdular. Sən buna məhkumsan. Çünki başqa çıxış yolu yoxdu. Amma ər çörəyi yemək deyəndə, bu, ata-babadan gələn deyimdi. Düşünmürəm ki, bu deyim bu gün böyük mənada mahiyyətini saxlaya bilməyib. Bu gün ər çörəyi olsa belə o çörəklə qane olmaq olurmu? Əri bu qədər yükləmək, ona psixoloji, mənəvi zorakılıq tətbiq edərək ailənin bütün yükünü tək kişinin üzərinə atmaq doğrudurmu? İndi sosial rollar bir az dəyişib.
 Nə kişilər, nə qadınlar üzərlərinə düşən məsuliyyət hissini daşımaq istəmirlər. İndi uşaq da böyütmək istəmirlər, qadınlar uşaqlarından imtina edirlər. Bu gün valideyn olaraq məsuliyyətdən qaçmaq kimi bir tendensiya yaranıb. Bir də vurğulayıram ki, bir var karyeralı qadınlar, onların məqsədi iş qurmaqdı. Onlar həyatlarının bütün qapılarını bağlayıb yalnız karyera qurmaq üçün hədəf seçirlər - ailə qurmayacam, övlad məsuliyyəti daşımayacam. Bu kimi qadınlar bir az təhlükəli olurlar. Çünki onlar hər kəsin üstündən tapdayıb keçərək hədəfə çatmaq, o karyeranı qurmağa meyilli olurlar. Onlar üçün başqa dəyərlər olmur. Bir də var ki, bizim kimi, sənin, mənim kimi qadınlar. Gecələr yatağında bağıra-bağıra ağladımız da olub, göz yaşımızı övladlarımızdan gizləməyimiz də. Yəqin bizim kimi bu həyata məhkum başqa işgüzar qadınlar da var ki, bəzən bir tikə çörəyi övladımız yesin deyə, "toxam” deyərək süfrədən uzaq qalmağımız da olub. 
Bir paltarda aylarla işə getdiyimiz də, uşağının ehtiyacını ödəmək üçün öz istəklərimizdən imtina etməyimiz də. Bəli, bizim kimi qadınlar ehtiyacı olanlara dəstək olmağa çalışır, yardım edir. Öz dərdi ola-ola başqalarının dərdinə çarə olmağa çalışır. Bu məqamlar bizi onların gözündə lider kimi göstərə bilir. Mən belə düşünürəm. Onlar üçün sənin xarizman, potensialın güclü qadın obrazı yaradır. Bir də var ki, populist çıxışlarla diqqət çəkən lider qadınlar. Onların dövrü qısamüddətli olur. O qədər incə bir mövzudur ki, həssas yanaşmaq lazımdı. Ər çörəyi yemək təki hər qadına qismət olsun, amma bu gün bu həm də bir az mümkünsüzdü. Ailə üzvlərinin hər ikisi işləməlidir ki, biri-birinə dəstək olsunlar. Burda qadının hər dəfə kişiyə əl açma prosesi də xoş deyil. Şəxsən mənim kimi qadın həyat yoldaşı olsa belə ondan pul istəyə bilməz. Bunu özünə yaraşdırmaz. Mənim liderlik keyfiyyətim görünməyəndə belə özümə sığışdırıb kimdənsə pul istəməmişəm. Mən ailəli olanda yoldaşımın cibinə də girməmişəm ki, görüm nə qədər pulu var, ya yox. Bu da bir qədər psixoloji və xarakterik xüsusiyyətlərdi. 
Amma qadın var kişidən tələb edə bilir. Ər çörəyi yemək məsələsinə bir qədər simvolik yanaşsaq, əvvəllər kişilər işləyir, qadınlar yeyirdi. İndi bu çətindi. Mənəvi tərəfə gəlincə, qadın özünü güclü göstərə bilər, amma bəzən təklik ona toxunar, incidər. Ər qayğısına ehtiyac duyar. Deyək ki, getdiyi məkanda, məclisdə cütlükləri görəndə təsirlənə bilərsən. Başqalarının atası övladının başına sığal çəkəndə sənin övladın bundan məhrumdusa, bu səni incidər. Bəzən məcbur qalıb övladımız üçün ata olmağa çalışmışıq. Həyatımdan bir örnək deyim. Qızımı böyütmək üçün hər çətinliyə qatlanmışam ki, şəxsiyyət kimi böyüsün. Bizim sizinlə bir az da oxşar tərəflərimiz var deyəsən. Bacardığım qədər, hətta maksimal dərəcədə qızımın sosial həyatını təmin etmişəm. Amma 28 il sonra getdi atasını axtarmağa. Mən onda anladım ki, illərlə içində bir boşluq yaşayıb. Ata qayğısına ehtiyacı olub. O boşluğu doldurmağa çalışır. Getdi, atasını tapdı, söhbət etdi və qane oldu ki, mən haqlı olaraq ayrılmışam. O, qızımı müdafiə edəcək, qoruyacaq ata deyil. Biz təbii ki, təbliğ edirik ki, valideynlər uşaqlarını bir yerdə böyütsünlər, bu önəmlidir. 
Amma həyatın reallıqlarını da qəbul edək. Bəzən biz istəmədiyimiz həyatı yaşamağa məcburuq. Çünki valideyn, ana olaraq övladlarımız üçün məsuliyyət daşıyırıq. Ayrıla bilərik. Bu, məsuliyyətdən qaçmaq üçün əsas deyil. Düşünürəm ki, zaman gələcək, insanlar valideyn məsuliyyətini tam dərk edərək dünyaya uşaq gətirəcəklər. İndi nəsil artırmaq üçün daha çox dünyaya uşaq gətiririk. Amma zaman gələr ki, məsuliyyət hissi çoxalanda dünyaya uşaq gətirənlərin də sayı azalacaq. Bəzən işgüzar qadınlar özləri-özlərinə qənim kəsilir. Bizim kimi güclü qadınlar özümüzə düşmən kəsilmişik, özümüz-özümüzə cəza veririk ki, sən qadınlığını unutmalısan, çünki anasan, məsuliyyətin var. Uşağın gözündə daha fərqli görünmək istəmişik. Uşağımız bizi zəif görməsin deyə onun yanında ağlamamışıq. Bir də hər birimiz həyatımızı özümüz seçirik. Bəzən düzgün olmayan insanla həyat qururuq, onu tanımadan hisslərə qapılırıq. Gördüklərimizi görmək istədiyimiz kimi təqdim etməyə çalışırıq. Nəticədə bu izdivacdan olan uşaqların sonrakı həyatı dağılmış olur. Qadının qadınlığını unutması isə ağırdı. Hərdən deyirlər ki, "kişi kimi qadın”, bu, çox pis bir bənzətmədi məncə. Qadın hər halında qadındı. Qadın qadınlığını unudanda, bu, özünə verdiyi ən ağır işgəncədir. Bu gün qadın olaraq qalmaq da çox çətindi. Qadının özünü qadın kimi göstərməyi, aparmağı belə çətin olub. Amma seçimi istənilən halda biz etmişik. Təbii ki, bacardığımız qədər zərifliyimizi, xanımlığımızı da göstərməyə çalışırıq. Amma qadın kimi bütün gözəllikləri, qadın hisslərini yaşaya bilirikmi? O gözəlliyi duya bilirikmi? Mən özümü misal çəkərək deyirəm. Mənim istirahət etmək bacarığım ölüb. 
Mən bu hissi itirmişəm. Çoxdan itirmişəm. Mən istirahətə gedəndə belə narahatam, çünki qayğılarım çoxdu, məsuliyyətim, öhdəliklərim var. Bunlardan qurtula bilmirəm. Mən azad ola bilmirəm. Sərbəstəm, amma bu sərbəstlikdə özümə qadağalarım çoxalıb. İşgüzar qadın olmaq məni daha yormur da. Çünki taleyim belə gətirib. Hər halda biz işgüzar qadın olmağa məhkumuq. Bu yaxınlarda özüm üçün bir yazı yazmışdım. Adı belədir - "Mən qorxaqam”. Həyatda çoxları məni güclü hesab edir. Amma mən heç də sizin düşündüyünüz kimi güclü deyiləm. Mən qorxaqam. Məndən sui-istifadə edilər deyə, qorxuram, kiminsə qəlbinə dəyməkdən, kimisə ağrıtmaqdan. Kiməsə ümid verməkdən qorxuram. İnamımı, mərhəmətimi, sevgimi itirməkdən qorxuram. Hərdən məni əjdaha bilib başımı kəsmək istəyənlərin yalanlarından qorxuram. Sadəcə mən də hər bir qadın kimi xoş sözə, qayğıya ehtiyacı olan bir qadınam!”. 
"Mən güclü qadınam” deyərək bəzən özümüzü aldadırıq. Amma bəzən də həqiqətən güclü ola bilirik. Düzdü, bu, sübut olunub ki, qadın kişidən zəif deyil. Ən azı dünyaya uşaq gətiririksə, biz güclüyük. Biz qadını zəif görməyi sevirik. Qadın bütün çətinliklərə baxmayaraq ayaq üstdə durmağı bacarır. Bəli, qadın həm də çox güclü bir varlıqdı”.
Tahirə Məmmədqızı