Ərdoğan İstanbulu geri qaytarmaq istəyir...

"Hər şey AKP-nin istədiyi məcrada davam etsə belə Yıldırım qalib gələ bilməyəcək"
Türkiyədə bələdiyyə seçkilərinin yenidən keçirilməsi ehtimalı gündəmdədir. Hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə saxtakarlıq olduğunu iddia edərək seçkilərin yenidən keçirilməsini tələb edir. Ayın 7-də Yüksək Seçki Qurumunun bu məsələ ilə bağlı konkret qərar verəcəyi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da seçkinin yenidən keçirilməsini tələb edib: "Mən bu günə qədər danışmadım, susdum, amma artıq yetdi. Burda bir qanunsuzluq var, açıq ortadadır. Ankaraya bir söz demərəm, amma İstanbul seçkisi yenidən keçirilməlidir. Milli iradə nə deyərsə başımız, gözümüz üstündə”. Türkiyə prezidenti 31 mart bələdiyyə seçkilərində İstanbulda seçki məntəqələrində bank işçilərinin vəzifə tutmasını qanunsuzluq adlandırıb, nəticələrlə razılaşmadığını deyib: "4-5 bankın işçiləri seçki məntəqələrində təyin olunub. Bunlar məmur deyil, biz bunları qəbul edib, bunların qərarlarına "eyvallah”mı deyək?! İstanbul seçkilərində bir oyun, bir qanunsuzluq var və mən bir partiya rəhbəri olaraq bu qanunsuzluqları xalqımın iradəsinə uyğun olaraq təqib edirəm. Biz qanunlara əsaslanırıq”.
Qardaş ölkədəki prosesləri "Şərq”ə şərh edən analitik Rusif Məmmədsoy deyib ki, YSK-nın qərarı riski ola bilər. Ekspertin sözlərinə görə, YSK seçkilərin yenidən keçirilməsinə müsbət rəy verərsə, bu zaman 31 martda Binəli Yıldırıma səs verənlərin böyük qismi Əkrəm İmamoğluna səs verəcək: 
"İmamoğlunun gəlişindən sonra İstanbulda müsbətə doğru bir sıra qərarlar qəbul edilib. Məsələn, İstanbulda su ucuzlaşıb. Nəqliyyat vasitələrindən insanların böyük əksəriyyəti çox aşağı və ya ümumiyyətlə pulsuz istifadə edə biləcək. Lakin bütün bu qərarlar bələdiyyə məclisində müzakirəyə qoyulduqdan sonra qəbul ediləcək. İstənilən halda İmamoğlu seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi şüarı reallaşdırır.
 Belə ki, İmamoğlu deyirdi ki, "AKP-dən belə səs alacam". İndiki vəziyyətdə görürük ki, həqiqətən də artıq AKP dəstəkçiləri belə təkrar seçki olarsa, ona səs verəcəklər”. Politoloqa görə, Ərdoğanın bu məsələdə israr etməsinin əsas səbəbi İstanbul kimi dünyanın ən böyük şəhərlərindən olan bir bölgəni müxalifətə vermək istəməməsidir: 
"İstanbul Türkiyə üçün olduqca vacibdir. Ərdoğanın bu şəhərlə bağlı çox böyük planları vardı. Lakin bu planları müxalifət üzvü ilə reallaşdırmaq çətin məsələdir. Bu mənada əlindən gələni edir ki, İstanbulu geri qaytarsın. Amma İstanbul artıq əldən gedib. İstər YSK yenidən seçki təyin etsin, istərsə də seçki saxtakarlığı olsun, xalq İmamoğlunu o postdan göndərməyəcək. 
Bunu əminliklə deyə bilərik. Əgər ikinci seçki keçirilərsə, Binəli Yıldırımın namizədliyi qalacaq. Lakin Yıldırım özü də yorulub və seçkini bitmiş hesab edir. Bu səbəbdən hər şey AKP-nin istədiyi məcrada davam etsə belə Yıldırım qalib gələ bilməyəcək”.
R.Məmmədsoy vurğulayıb ki, YSK bu məsələdə riskə gedərsə, İstanbulda vətəndaş qarşıdurmasına gətirəcək: 
"Xüsusilə iqtisadi böhran daha da dərinləşə bilər. Türk lirəsinin dollar qarşısında dəyəri 7-ni ötə bilər. Hesab edirəm ki, Qərblə münasibətlərin çətin olduğu zamanda məhz Ərdoğan buna getməməlidir. İstənilən halda İmamoğlu İstanbulun yeni bələdiyyə sədridir və gələcəkdə cümhur başqanı olmağa əsas namizədlərdən biridir”.
İsmayıl