Erməni nazirin Mingəçevir SES-lə bağlı dedikləri gülüncdür

“Mingəçevir SES hələ sovet dövründə qurulub. Hətta o dövrdə atom bombasının müəyyən gücünə davam gətirəcək gücdə qurulan obyektdir. Ermənistanın nəyi var ki, bu cür nəhəng obyekti dağıda bilsin”
“Bu bəyanat göstərir ki, Levon Mnatsakanyanın Azərbaycan haqqında ümumiyyətlə məlumatı yoxdur”


Təcavüzkar Ermənistan və Qarabağdakı separatçı rejimin təmsilçiləri vaxtaşırı Azərbaycanı təhdid edən bəyanatlar səsləndirirlər. Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma respublikanın "müdafiə naziri” Levon Mnatsakanyan da Azərbaycanı Mingəçevirin "vurulması” ilə hədələyib. Mnatsakanyan bildirib ki, əgər zərurət yaranarsa, "Dağlıq Qarabağ ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.

Qondarma "nazir” əlavə edib ki, Azərbaycanın "LORA”, "Polonez”, "Dana” kimi yeni raket-artilleriya sistemlərini nümayiş etdirməsi onları qətiyyən qorxutmur. Çünki ermənilərin əlində də "oxşar silahlar” var. Vurğuladığımız kimi, Ermənistanda Mingəçevir SES-i vurmaq barədə təhdidlər ilk dəfə səslənmir. Belə təhdidlərlə adətən istefada olan generallar, ya da hansısa siyasətçilər çıxış edirdi.

Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur. Azərbaycan Müdafiə Nazirliyi separatçıların ağılsız bəyanatını cavabsız qoymayıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir: "Mnatsakanyanın absurd bəyanatına gəlincə isə Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir. 

Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”.

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev "Moderator”a açıqlamasında bu kimi sözlərin reallıqdan uzaq, gülünc iddialar olduğunu vurğulayıb: 

"Bu bəyanat göstərir ki, Levon Mnatsakanyanın Azərbaycan haqqında ümumiyyətlə məlumatı yoxdur. Birincisi, Mingəçevir SES-i partlatmaq mümkün deyil. Çünki Mingəçevir SES Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən etibarlı şəkildə müdafiə olunur. Hətta bu SES-in içərisinə bomba atılsa belə, bu bomba suyun səviyyəsini hansı ölçüdə qaldıra bilərsə qaldırsın, bu, yenə də heç nəyi dəyişməyəcək. Çünki SES maksimum gücə hesablanıb. Görünən odur ki, bu adamın nə hərbi, nə də texniki məsələlərlə bağlı savadı var. Bu, sırf populist çıxışdan başqa bir şey deyil. Mingəçevir SES-in ermənilər tərəfindən vurulma ehtimalı sıfıra bərabərdir. 

Bu gün həm Ermənistan, həm də qondarma respublikada kifayət qədər ciddi problemlər var. Paşinyanın iddiaları özünü doğrultmadı. Bu bəyanatlar isə Paşinyan gəlib-gedəndən sonra verilməyə başlayıb. Bu yolla özlərini sığortalamağa çalışırlar. Məqsəd həm də Dağlıq Qarabağdan qaçan ermənilərin axınının qarşısını almaqdır. Paşinyan gələndən sonra Dağlıq Qarabağdakı Suriya ermənilərinin bir qismi geri qayıtmağa başlayıb. Onlara kürdlər də qoşulub. Qeyri-rəsmi məlumata görə, artıq 100-dən çox ailə köçüb. Bu isə erməniləri çox narahat edir. Ona görə də onlar bu məsələni gündəmə gətiriblər. Bu məsələ bütün hallarda dövlətimizin nəzarətindədir və bundan sonra da ciddi nəzarəti altında olacaq”.

Təhlükəsizlik eksperti İlham İsmayıl da söyləyib ki, ermənilər dəfələrlə bizi Mingəçevir SES, Tərtər SES, Şəmkir SES-lə hədələyiblər. Amma bu hədələrin heç bir əsası yoxdur: "Yerin üstündəki hansısa qurğunu vurub sıradan çıxara bilərlər. Lakin nə Mingəçevir, nə Şəmkir, nə Tərtərdəki bəndin dağılması qeyri-mümkündür. Bütün mütəxəssislər bilir ki, bəndin dağıdılması üçün ora atom bombası düşməlidir. Ermənistan "İsgəndər” raketi ilə Mingəçevir SES-i vursa belə, ciddi dağıntılar olmayacaq. Bənd kimi onun dağılması və sellənməsi qeyri-mümkündür. 

Ermənilərin əlində "Sərsəng” su anbarı var. Bacarırlarsa, vurub dağıtsınlar, bütün Qarabağ Kürə qədər qalsın ayaq altında. Edə bilməzlər. Ona görə yox ki, kimsə deyəcək niyə dağıtmısınız? Sadəcə, dağıtmaq imkanları yoxdur. Su anbarını birdən dağıtmaq mümkün deyil. Yalnız yerüstü qurğulara zərər gətirə bilərlər”. İ.İsmayıl əlavə edib ki, SSRİ dövründən Mingəçevir SES hava hücumundan müdafiə sistemləri ilə qorunur: "Ora hər hansı raket tuşlansa, onu zamanında aşkarlayıb zərərsizləşdirmək imkanımız var. Ermənistan Mingəçeviri hədəfə alarsa, Azərbaycan ordusunun Naxçıvandakı qoşun hissələri də İrəvanı və ya "Metsamor” AES-i hədəfə alacaq”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov da bildirib ki, Qarabağın bütün strateji obyektləri Azərbaycan üçün hədəfdir: 

"Əldə olan imkanlar vasitəsi ilə həmin strateji obyektləri darmadağın etməyə hazırıq. Azərbaycanın ən müasir texnikası paradda nümayiş olundu. Əlbəttə, ermənilər də bu paradı izləyib və onlar bu paraddan və keçirilən böyük təlimdən narahat olublar. Bundan sonra Naxçıvanda 26 il işğal altında olan torpaqlarımız azad olundu. Bu cür bəyanatlarla erməni millətini sakitləşdirirlər. Mingəçevir SES hələ sovet dövründə qurulub. Hətta o dövrdə atom bombasının müəyyən gücünə davam gətirəcək gücdə qurulan obyektdir. Ermənistanın nəyi var ki, bu cür nəhəng obyekti dağıda bilsin. Hava məkanımız düşməndən qorunur. Ən önəmlisi isə strateji obyektlər diqqət mərkəzindədir”.

İsmayıl