Zahid Oruc:"Erməni təcavüzü Azərbaycan informasiya vasitələri tərəfindən bu illər ərzində dəf olunub. Onlar bu savaşda öndə gedib, cəmiyyəti məlumatlandırıb, ayıq saxlayıblar"
Erməni təcavüzü mediada yetərincə işıqlandırılırmı ? - Fikirlər haçalandı
Qulu Məhərrəmli: "Dağlıq Qarabağ probleminin mediada işıqlandırılmasına epizodik yanaşdıqda çox şey yarımçıq görünür"
Zahid Oruc:"Erməni təcavüzü Azərbaycan informasiya vasitələri tərəfindən bu illər ərzində dəf olunub. Onlar bu savaşda öndə gedib, cəmiyyəti məlumatlandırıb, ayıq saxlayıblar"
Zahid Oruc:"Erməni təcavüzü Azərbaycan informasiya vasitələri tərəfindən bu illər ərzində dəf olunub. Onlar bu savaşda öndə gedib, cəmiyyəti məlumatlandırıb, ayıq saxlayıblar"
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri dərindir və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu millətə məxsus xüsusiyyətləri əks etdirir.
Bunun nəticəsidir ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə ediblər. Bu gün də bunu davam etdirirlər.
Qlobal dünyada, informasiya müharibəsi şəraitində erməni təcavüzünün və Azərbaycan reallıqlarının dünyaya çatdırılması vacib amillərdən sayılır. Bu proses çərçivəsində Azərbaycan mediasının üzərinə böyük vəzifə düşür. Hazırkı vəziyyətdə erməni təcavüzünün mediada əks olunmasındakı real vəziyyəti qiymətləndirən ekspertlər mövcud sahədəki inkişaf və boşluqlara toxunublar.
Məsələ barədə Sherg.az-a danışan tanınmış media eksperti, professor Qulu Məhərrəmlinin fikrincə, elə saytlar, qəzetlər var ki, Dağlıq Qarabağ mövzusu, erməni təcavüzü onların gündəmindən düşmür. Buna baxmayaraq ümumi götürdükdə bizdə bu kampaniya xarakteri daşıyır:
"Məsələn, cəbhədə gərginlik oldu, hərbi əməliyyatlar başladı, 5-10 gün danışılır, sonra isə yeni məsələ qalır. Elə düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasını təkcə hərbi əməliyyatlara bağlamaq düzgün deyil. İşğal faktı, erməni təcavüzünün insanların psixologiyasına, ölkə iqtisadiyyatına vurduğu ziyan qaçqın və məcburi köçkünlərlə bağlı problemlər, müharibə məsələsi, düşmən tərəfdə gedən proseslərin, onların mediasının izlənməsi kimi məsələlər qarşıya qoyulmalıdır. Bu istiqamətdə çoxşaxəli fəaliyyət göstərmək mümkündür. Ona görə, hesab edirəm ki, müəyyən sistem olmalıdır və Azərbaycan mediası bununla bağlı müəyyən metodik məsələləri də həll etməlidir. Biz hansı məsələləri, necə yazmalı olduğumuzu dəqiqləşdirməliyik”.
Jurnalistlərin Dağlıq Qarabağ problemlərinin işıqlandırılması ilə bağlı müxtəlif treninqlərdə iştirak edib, mühüm məlumatları öyrəndiyini diqqətə çatdıran Q.Məhərrəmli bunu sistem şəklində işıqlandırmağın vacibliyindən danışıb:
"Digər tərəfdən nəzərə almalıyıq ki, yeni nəsil bir sıra məlumatlardan xəbərdar deyil. Məsələn, küçədə sorğu keçirilir, Azərbaycanın işğal olunmuş rayonlarını soruşduqda bəzən gənclər cavab verə bilmir. Bu isə çoxlarını təəccübləndirir. Lakin bu onun nəticəsidir ki, evdə, televiziyada radioda, qəzetlərdə, sosial şəbəkələrdə və internetdə bu insanlar erməni təcavüzü barədə məlumatlar əldə edə bilməyib. Bununla bağlı hətta bizdə yaxşı proqramçılar, mütəxəssislər də var. Məsələn, Dağlıq Qarabağla bağlı müəyyən kompüter oyunları düzəldib, gənclərin istifadəsinə vermək olar. AMEA-nın tərkibində fəaliyyət göstərən İnformasiya Texnologiyaları İnstitutu bununla bağlı layihələr işləyə bilər. Erməni təcavüzünə, Dağlıq Qarabağ probleminə hərtərəfli yanaşmaq lazımdır. Belə olan halda sözsüz ki, hər bir ölkə vətəndaşı erməni təcavüzündən məlumatlı, məsələlərdən xəbərdar olacaq.
İşğal faktorunun, Dağlıq Qarabağ probleminin mediada işıqlandırılmasına epizodik yanaşdıqda isə çox şey yarımçıq görünür. İnsanların da bu barədə təsəvvürü ziddiyyət yaradır. Bütün hallarda medianın bu cür məsələni diqqətdə saxlaması mütləqdir. Çünki Azərbaycanın bu gün xarici siyasətinin əsasını da Dağlıq Qarabağ problemi təşkil edir. Azərbaycan müstəqilliyinin möhkəmlənməsi, demokratiyanın inkişafı, insan haqları, söz-mətbuat azadlığı, ordunun gücləndirilməsi, iqtisadiyyatın müsbət yöndə inkişafı kimi məsələlər ön planda olmalıdır”.
Ekspert son dövrlərdə təhlil və geniş araşdırma əsasında yazıların az olmasına da diqqət çəkib. O, bunun səbəbini təhlil mövzularının az oxunması ilə əlaqələndirir:
"Qarabağla bağlı maraqlı statistika, yaxşı mozaik materiallar, insan taleləri haqqında informasiyalar dərc edə bilərik. Bütün bu məlumatları maraqlı formada oxuculara çatdırmaq olar.
Yaxud, bir uşağın taleyindən, qeyri-azərbaycanlı şəxsin həyatından, yaşlı insanın başına gələnlərdən istifadə edib, problemi çatdıra bilərik. Bunun üçün axtarış və peşəkarlıq lazımdır. Belə olarsa, auditoriyanı cəlb etmək, oxucularda maraq yaratmaq da öz yerini tapacaq. Televiziya, radio, media hər hansı problemə diqqəti cəlb etmək, insanları məlumatlandırmaq üçün fəaliyyət göstərməlidir. Bunun üçünsə, mütləq peşəkarlıq vacibdir. Yüksək peşəkarlıq problemin necə çatdırılmasında müşahidə olunur. Həmin "necə” sualının əsasında medianın və bu sahəni araşdıran jurnalistin peşəkarlığı dayanır. Peşəkar jurnalist elə formalar tapır ki, auditoriyanı cəlb etsin. Ona görə, jurnalistlər Dağlıq Qarabağ probleminə bir qədər geniş yanaşmalı, müxtəlif ifadə formaları ilə mediada erməni təcavüzü daha çox canlandırmalıdırlar”.
Millət vəkili Zahid Oruc isə münaqişənin başladığı gündən indiyə kimi erməni təcavüzünün və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan mediasının xidmətlərini yüksək qiymətləndirir:
"Bu iki xalq arasında alovlanan müharibə Azərbaycanın tarix institutu, siyasi sahədə yer alan təsisatlar, həmçinin media institutlarının qarşısında da mühüm vəzifələr qoydu. Məlum oldu ki, doğrudan da çox hazırlıqsız yaxalanmışıq. Tək ordu quruculuğu, silahlı qüvvələrin formalaşması bir problem kimi ortaya çıxmadı. Eləcə də, tariximizə uzanan əllərin kəsilməsi, böhtanların cavablandırılması, gündəlik informasiya məkanına atılan "tullantı”ların zərərsizləşdirilməsi də böyük vəzifələrimiz sırasındadır.
Çünki davamlı olaraq erməni tərəfi həm regional, həm də beynəlxalq media məkanını yönləndirməyə çalışır. Bu, tək cəmiyyətin fikrinə təsir göstərmək üçün deyil. Siyasi elitaları, ayrı-ayrı hakimiyyətləri dövlət başçılarını belə informasiyaların qarşısında qoyurlar. Məsələn, uzun illərdir, Amerika Birləşmiş Ştatalarında seçkilər zamanı qeyd edilən hadisələrin şahidi olduq. Əsas aparıcı informasiya vasitələrində birbaşa erməni beyin mərkəzləri, siyasi insitutları, onlardan qaynaqlanan qüvvələr maliyyə vəsaitlərini yanlış təbliğat, təxribatlar həyata keçirməyə yönəldirlər. İnformasiya təxribatlarının əksəriyyəti isə Azərbaycanın və ya türklərin əleyhinə olur. Bu da istənilən iqtidarın qarşısına vəzifə qoyur.
Bütün bunları nəzərə aldıqda düşünməliyik ki, erməni təcavüzünü 90-cı illərdən bu yana mediamız necə əks etdirməyə çalışdı. Açıq demək lazımdır, bütün müharibə eyni zamanda jurnalistlərimizin çiynində gedib. Onlar gerçək döyüşçü olub, əllərinə silah götürüb, düşmənə qarşı vuruşublar. Digər tərəfdən bəzən kameralarını, qələmlərini, yaxud kompüterin klavyaturasını da informasiya savaşının bir növ silahına çeviriblər. Bu dövrü araşdıran hər kəs Azərbaycan mediası üzərindən xalqımızın başına gətirilən müsibətləri görə bilər”.
Münaqişələrin və faciələrin mediada əks olunmasında bəzən fərqli fikirlərin də yarandığını diqqətə çatdıran Z.Orucun sözlərinə görə, cəmiyyəti qorxutmamaq, faciələrin miqyasını daha böyük göstərməmək üçün iri dövlətlərdə yönləndirmə tədbirləri müxtəlif şəkildə aparıla bilər:
"Məsələn, "11 sentyabr” hadisələrində Amerikanın qlobal gücünün qarşıdurması ideyasında dövlət tərəfindən bir sıra qərarlar verildi. O cümlədən "Vətənpərvərlik aktı” adlı qanun qəbul edildi ki, bunun nəticəsində terrorizm və onun qurbanları məfhumu cəmiyyətdə çox vurğulanmamalı idi. Çünki bu insanlarda qorxu və vahimə yaradacaqdı.
Eynilə, cəmiyyətimizdə də 90-cı illərdə bir tərəfdən ordu quruculuğu, digər yandan medianın inkişafını təşkil etməyimiz mümkün deyildi. Bu sahənin ölkəmizdə yeni formalaşmağa başlaması bunu real etmirdi. Ona görə, düşünürəm ki, Azərbaycan mediası bu dövr ərzində milli təhlükəsizliyimizin ayrılmaz hissəsi olaraq, hər zaman dövlətin, xalqın yanında olub.
Jurnalistlərimiz bu gün də öz missiyasını uğurla daşımaqdadır. 50-100 il keçsə də bu cəmiyyətin yaşantılarını, müharibə gerçəklərini dünyaya çatdırmaq mümkün olacaq. Bu istiqamətdə fəaliyyətinə görə Azərbaycan media məkanını qorxmaz, rəşadətli mərd kimi saymaq lazımdır. Şübhəsiz ki, bu sahədə də onların iqtisadi dayaqlarının zəif olması jurnalist ordusunun daha da güclü olmasına təsir göstərir. Bu danılmazdır. Həqiqətən də bu gün dünyamızda geopolitika, strateji araşdırmalar sahəsində, regional bölgülərdə, ərəb dünyasından, İsrail aləmindən tutmuş ABŞ və digər coğrafi-regional bölgüdə ixtisaslaşmış media qurumlarımız institusional da ola bilər.
Arzulayıram ki, media kapitanı, media generalları ifadəsi gələcəkdə həm də bu baxımdan nəzərdən keçirilsin. Çünki biz yalnız ermənilərlə savaş vəziyyətində deyilik. Dünyanı, regionda gedən prosesləri başa düşməliyik. Son dövrlər xüsusilə, Qatar dövləti ətrafında gedən proseslər göz qabağındadır. İŞİD-in ayaq səsləri İrandan gəlir. Belə olan təqdirdə tək erməni təcavüzü deyil, onun müxtəlif dünya ölkələrində həyata keçilmə formalarına qarşı dirəniş göstərmək, bunları ifşa etməklə ortaya qoymalıyıq. Bizim bunu bacaracaq media nümayəndələrimiz də yetərincə var. Bunlar sistemli xarakterizə edilməlidir”.
Deputat onu da əlavə edib ki, Azərbaycan mediasına dövlət tərəfindən qoyulan hər bir manat vəsait cəmiyyətə qat-qat artıq mənəvi və maddi gəlir gətirir:
"Çünki bu. xalqın milli gücünü formalaşdıran sahədir. Media məkanı nə qədər kasıb, informasiya vakkumu şəraitində olacaqsa, millət itirəcək. Dünyada aparıcı ölkələr media resurslarına görə də güclüdürlər. Ona görə də erməni təcavüzü Azərbaycan informasiya vasitələri tərəfindən bu illər ərzində dəf olunub. Onlar bu savaşda öndə gedib, cəmiyyəti məlumatlandırıb, ayıq saxlayıblar.
1990-cı illərin məlum izolyasiyasından çıxmağa kömək ediblər. Beynəlxalq diplomatiyanı məlumatlandırıblar və s.
Ancaq bu sahədə daha güclü tədbirlərə ehtiyac var. Məsələn, 2008-ci ildə Rusiyanın Gürcüstanla məlum toqquşmasında gürcülər itirdilər, ərazilərində daha ağır hadisələr baş verdi və indi iki müstəqil dövlətin meydana çıxmasından danışırlar. Ancaq gənc gürcü demokratları informasiya aləmində böyük dönüş etməyi bacardılar. Bu bizim media məkanında da olmalıdır. Media siyasəti ilə bağlı aidiyyatı təsisatlar bunu nəzərə almalıdır”.
Aysel Aslan