Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzar səfər edib. O aprelin 16-da iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın keçiriləcək növbəti iclasında iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında dərc olunmuş məlumatda qeyd edilib.
"Aleksey Overçuk aprelin 16-da keçiriləcək Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasında iştirak etmək üçün Azərbaycana işgüzar səfər edib", - deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin birgə sədrliyi ilə tərəflər 22 avqust 2025-ci ildə Həştərxanda keçirilən komissiyanın 23-cü iclasının qərarlarının icrasının gedişatını, eləcə də Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə fəaliyyət planının icrasını müzakirə edəcəklər.
"Görüş zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə olunacaq", - deyə qeyd olunur.