Etimad Əsədov: " Minosyanın ölkəmizə gəlməsi azərbaycanlı hərbçilərin, şəhid ailələrinin, əlillərin, veteranların qüruruna toxunacaq məsələdir"
Ermənistandan Azərbaycan keçmək istəyən zabiti kəşfiyyatçı və ya xüsusi xidmət orqanlarının nümayəndəsi olması istisna deyil.
Bunu Sherg.az-a Ermənistan zabiti Norayr Georgiyeviç Minosyanın Azərbaycana keçmək üçün müraciətindən danışarkən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov bildirib.
Onun sözlərinə görə, "Xalq diplomatiyası” adı ilə pərdələnən bu kimi mübadilələr əvvəllər də mövcud olub:
"O vaxt erməni rəsmilər, hüquq müdafiəçiləri Azərbaycana gəlir, azərbaycanlı məmurlar da Ermənistana gedirdilər. Bunlara qarşı dəfələrlə etirazlarımız olub. Amma etiraz edəndə bizi həbs edirdilər. Təəssüf ki, artıq son zamanlar bu proses hansısa qurum, qeyri-hökumət təşkilatları tərəfindən deyil, dövlət səviyyəsində həyata keçirilir. Dövlət orqanlarına birbaşa bağlı olan QHT nümayəndələri müxtəlif ölkələrdə tanış olduqları erməniləri Azərbaycana gətirib, qonaq edirlər. Mətbuat konfransları keçirirlər. Dəfələrlə olub ki, burada olan ermənilər normal münasibət görmələrinə baxmayaraq, ölkələrinə qayıtdıqda fərqli fikirlər deyirlər. Bura gəlib, nə qədər üzr istəsələr də, soyqırımını etiraf etmələrinə baxmayaraq ölkələrinə qayıdanda erməni xisləti davam edir. Erməni hərbçinin Azərbaycana gəlməsi mənfi nəticələr verə bilər. Bu hərbçilər kəşfiyyatçı da ola bilər, xüsusi xidmət orqanlarının nümayəndəsi də. Müharibə hələ davam edir, atəşkəs saxlanılıb və zaman-zaman atəşkəs pozulur. Torpaqlarımızı işğaldan azad etməyə çalışdığımız, şəhidlər verdiyimiz, ermənilərin danışıqlar masasında prosesi ləngitdiyi, status-kvonun saxlanmasına çalışdığı dövrdə erməni zabitlərin Azərbaycana gəlməsi azərbaycanlı hərbçilərin, şəhid ailələrinin, əlillərin, veteranların qüruruna toxunacaq məsələdir. Ona görə də, qəti formada belə hallara yol verilməsinin tərəfdarı deyilik”.
E.Əsədov onu da əlavə edib ki, Rusiya başda olmaqla bir çox xristian ölkələrinin maddi və siyasi cəhətdən ermənilərə dəstək olduğu zamanda "xalq diplomatiyası”nın işə salınması effektiv nəticə verməyəcək:
"Dünya ictimaiyyətinin belə qeyri-konstruktiv mövqeyi olduğu halda bu mübadilələrin Azərbaycan heç bir xeyri olmayacaq. Böyük Ermənistan ideyası ilə Azərbaycana gələn heç bir erməni ölkəsinə qayıtdıqda Azərbaycanı tərifləməyəcək. Bütün bu səbəblərə görə, ermənilərin Azərbaycana gəlməsinə göz yumulmamalıdır. Bunu dəstəkləyən insanlara da ən yumşaq mənada sadəlövh deyə bilərəm. Müharibə hələ davam edir. Aprel savaşlarında qəhrəmanlıqla həlak olan şəhidlərin ili çıxmadan gediş gəlişin artırılması hörmətsizlik olar. "Xalq diplomatiyası” sadəcə azərbaycanlıları barışığa sürükləyən faktordur və bizə lazım deyil”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minosyan Vahan Martirosyana müracət edərək Azərbaycan tərəfə keçməsinə kömək göstərilməsini istəyib.
Aysel Aslan