Ermənilər ayıldılar...

Artıq onlar özgə torpaqlarında uzun müddət yaşamağın mümkünsüz olduğunu gördülər



Millət vəkili Zahid Oruc parlamentin iclasında ermənilərə çağırış edib. Dağlıq Qarabağdakı ermənilərə səslənən deputat bildirib ki, ermənilərin təhlükəsizliyinin təminatçısı yalnız Azərbaycan dövləti ola bilər:

"Yetər ki, Azərbaycan konstitusiyasına riayət edib burada yaşamağı qəbul edin. Əlinizdəki silahı Serj Sərkisyana çevirin. O halda biz sizə xoş və firavan, təhlükəsiz həyat sözü verə bilərik”. Millət vəkili deyib ki, bu gün ermənilər Rusiyanın son hadisələrdə balanslı və bitərəf mövqe tutmasından qəzəbləniblər: "Ermənilər ruslara niyə hiddətlənib? Axı ruslar Dağlıq Qarabağın azad olmasına yardım göstərməyiblər, yaxud Ermənistan torpaqlarının 20 faizini işğal etməyiblər ki? Rusiyanın bitərəf olması, müdaxilə etməməsi kifayətdir ki, biz öz problemimizi həll edək”.

Deputatın çağırışı ilə bağlı "Şərq”ə danışan sabiq millət vəkili, professor Həvva Məmmədova deyib ki, Dağlıq Qarabağ erməniləri ilə Ermənistan ictimaiyyəti arasında kəskin qarşıdurma var: "Sərkisyan hakimiyyətindən ən çox narazı olanlar məhz Dağlıq Qarabağ erməniləridir. İndiki kriminal rejim Qarabağ münaqişəsindən istifadə edərək hakimiyyətə yiyələnib. Artıq bütün Ermənistan camaatı bilir ki, bu gün Serj Sərkisyanın yürütdüyü təcavüzkar siyasətin, Qarabağda apardığı mənasız müharibənin sonu yoxdur. Daha doğrusu, sonu fəlakətdir. Çünki gec-tez Azərbaycan Ordusu öz torpaqlarını düşmənin əlindən alacaq. Aprelin 2-5-i tarixində ermənilər bir daha bunun şahidi oldular. Ancaq məsələ ondadır ki, yerli ermənilər dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağda azərbaycanlılarla birgə yaşaya bilməzlər. Düşmən bizimlə bir yerdə, iç-içə yaşaya bilməyəcəyini etiraf edib. Bundan qorxuya düşən hakimiyyət Qarabağda zorla məskunlaşma siyasəti aparır. Onlar Ermənistanın digər bölgələrindən erməniləri, hətta Livandan, Suriyadan gətirdikləri erməni ailələrini zorla Dağlıq Qarabağa yerləşdirməyə çalışırlar. Amma buna nail ola bilmirlər. Çünki ermənilər özgə torpağında uzun müddət qalmağın mümkünsüz olduğunu anlayırlar. Övlad itirən əsgər analarının, ümumən erməni ictimaiyyətinin hökumətə qarşı etirazları da məhz bu səbəbdən meydana gəlir”. H.Məmmədovanın sözlərinə görə, Dağlıq Qarabağa bütün hərbiçilər silah gücünə gətirilir: "Ermənilər Qarabağda boş yerə vuruşub ölmək istəmirlər. Ümumiyyətlə, artıq Qarabağ sözünü belə eşitmək istəmirlər. Həmçinin, ölkədə siyasi durumla yanaşı, iqtisadi vəziyyət də dözülməz həddədir. Artıq milyonlarla erməni ailəsi Ermənistanı birdəfəlik tərk edib”.

İsmayıl