Ermənilər azyaşlı uşaqlara da güllə atırlar

Bir dəfə görmədik ATƏT bu hala qarşı sanksiya tətbiq etsin



Ermənilərin atəşkəsi pozması nəticəsində azərbaycanlı məktəbli yaralanıb. Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb. Hadisə məktəblinin sahədə təmizlik işi apardığı vaxt olub. Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasından verilən məlumatda məktəblinin vəziyyətinin yaxşı olduğu bildirib. O, hazırda palata şəraitində müalicə olunur.

Millət vəkili Elman Məmmədov isə deyib ki, ermənilərin mülki əhaliyə atəş açması, bizim üçün yeni hadisə deyil: "Son 100 ildir biz ermənilərin ordumuzdan daha çox əliyalın insanlarla, uşaqlarla mübarizə apardığının şahidiyik. Onlar elə bir namərd millətdir ki, hər zaman dinc əhaliyə divan tutub, onlara qarşı soyqırımlar törədib. Əslində, bu bizi təəccübləndirmir, heç onları qınamırıq da. Ermənilər bizim düşmənimizdir və bizə arxadan zərbələr endirməsi də normaldır. Bizi narahat edən beynəlxalq təşkilatların erməniləri müdafiə etməsi, onların yeritdiyi təcavüzkar siyasətinə, erməni xislətinə göz yumulmasıdır.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, Anji Kasprşik işğal altında olan Azərbaycan torpaqlarında həftədə bir dəfə monitorinq keçirir. Hansı ki, heç birinin də nəticəsi olmur. Bircə dəfə görmədik ki, onlar mülki əhaliyə, azyaşlı uşaqlara güllə atan ermənilərə qarşı sanksiyalar tətbiq etsinlər. Ən azından, öz hesabatlarında bu özbaşınalıqdan söhbət açsınlar. Əslində, elə erməniləri təcavüzə təhrik edən onların havadarlarıdır”.

Azərbaycan ordusunun heç vaxt mülki əhaliyə atəş açmadığını vurğulayan E.Məmmədovun sözlərinə görə, Silahlı Qüvvələrimiz ermənilərin bu cür təxribatlarına cavab olaraq onların ordusuna müxtəlif istiqamətlərdən zərbələr endirir, əsgərlərini məhv edirlər: "Mülki əhaliyə atəş açmaq isə bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir. Və biz bu cür faktlarla bağlı bütün beynəlxalq təşkilatları məlumatlandırmışıq. Amma bu yetərli deyil. Başından bəri erməniləri müdafiə edən təşkilatların hansısa fakta görə Azərbaycanın maraqlarından çıxış eləməsini gözləmək sadəlövhlükdür.

Erməni təxribatlarının qarşısını almaq üçün bizim yeganə çıxış yolumuz onları öz yuvasındaca məhv eləməkdir. Biz erməniləri səngərlərdən çıxartmalı və Azərbaycan torpaqlarını düşmən əsgərindən təmizləməliyik. Nə qədər ki, Azərbaycan torpaqlarında düşmən əsgəri yuva salıb o zamana qədər bizim şəhidlərimiz də, itkilərimiz də olacaq. Məktəbliyə atəş açmaq Ermənistanın əsl mahiyyətini-alçaqlığını və rəzilliyinin, Azərbaycan ordusunun sarsıdıcı zərbələrinə tab gətirməyən və çoxlu sayda itki verən işğalçı ordunun düşdüyü çarəsiz və gərgin psixoloji durumun göstəricisidir. Görünür əsgərlərimizin qarşısında aciz qalan emənilər mülki əhaliyə atəş açaraq, qadınlarla, uşaqlarla döyüşərək qisas almağa çalışırlar”.

Şəymən