“Ermənilər Bakıya gəlsə, üzvlərimiz zala daxil olacaqlar”

Akif Nağı: “Araz Əlizadənin partiyası nə partiyadır ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbir də keçirsin”



Sosialist İnternasionalının (Sosintern) keçirəcəyi iclasın vaxtı artıq planlaşdırılıb. İclas iyun ayının ikinci yarısı Bakıda keçiriləcək. Sosinternin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə partiya olaraq bütün tədbirlərdə Qarabağ mövzusunu gündəmdə saxladıqlarını deyib. Araz Əlizadə həmçinin, Ermənistanın "Daşnaksütyun” Partiyasının da Bakıdakı tədbirdə iştirakının planlaşdırıldığını deyib.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı təmsil etdiyi təşkilatın ermənilərin Bakıya hansı adla olur-olsun, dəvət olunmasına qarşı olduğunu və bu dəvətləri reallaşdıranların erməni maraqlarına xidmət etdiyini bildirib: "Erməni daşnaklarının bu tədbirdə iştirakına heç bir zərurət və ehtiyac yoxdur. Araz Əlizadənin partiyası nə partiyadır ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbir də keçirsin. Onlar bir neçə il bundan əvvəl də Sosinternin tədbirinin Bakıda keçirilməsinə təşkilatçılıq etmişdi. Həmin vaxt da "Daşnaksütyun” Partiyasının nümayəndələrini dəvət eləmişdi. Hansı ki, ermənilərin Bakıda keçirilən tədbirdə iştirakı ciddi narazılıqlara səbəb olmuşdu və QAT bir neçə yerdə etiraz aksiyaları təşkil etmişdi. Bizim üzvlərimiz onların toplantı zalına da daxil olmuşdu. Amma Araz Əlizadə ilə tədbirdə iştirak edən erməni nümayəndəsi qaçıb gizlənməyə müvəffəq olmuşdu. Əgər Araz Əlizadə həmin anların təkrar yaşanmasını istəmirsə, ermənilərin Sosinternin Bakıda keçirilən tədbirində iştirakına təşəbbüs göstərməsin. Sosialist İnternasionalının tədbirində erməni daşnaklarının iştirakı şərtdirsə, onda tədbir Azərbaycanın hüquqlarından kənarda keçirilsin. Hər bir Azərbaycan vətəndaşında az da olsa, milli düşüncəsi, qeyrəti olmalıdır. O tədbirin Bakıda keçirilməsi çox lazımmış kimi hələ bir erməniləri də gətirib üst-başımıza çıxarmaq istəyirlər. Deməli, Sosialist İnternasionalının toplantısının Bakıda keçirilməsi daha çox ermənilərin Azərbaycana dəvət olunmasını təmin etməkdən ibarətdir. Yoxsa ki, bu təşkilatın beynəlxalq səviyyəli tədbir keçirməsinə nə lüzum var ki?”

Ermənilərin Bakıya dəvət olunmasına qəti şəkildə etiraz etdiklərini vurğulayan QAT sədri deyib ki, əgər "Daşnaksütyun” Partiyasının hər hansı bir nümayəndəsi Bakıya gələrsə, buna reaksiyasız qalmayacaq, toplantının ləğvinə nail olacaqlar: "Bizim bu məsələdə mövqeyimiz birmənalıdır. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla Azərbaycan arasında hər hansı gediş-gəliş yolverilməzdir. Yəni bizim nümayəndələrin Ermənistana, ermənilərin Azərbaycana getməsinə yol vermək olmaz. Bu işi edənlər, bu səfərlərə gedən və bu tip tədbirləri təşkil edənlər erməni siyasətinə xidmət edirlər. Onlar bilməlidirlər ki, Qarabağ Azadlıq Təşkilatı onlara imkan verməyəcək. Bu, əvvəl də belə olub, yenə olacaq. Əgər ermənilər Bakıya gələcəklərsə, o zaman biz təşkilat olaraq buna mane olacağıq. Müxtəlif formalı etirazlar həyata keçirəcəyik. Həmin qurultayın keçirildiyi yer müəyyən olunacaq. Üzvlərimiz o məkana gedib zala daxil olmağa çalışacaqlar. Ermənilərin Bakıya rahat gəlib-getməsinə imkan verə bilmərik”.

Şəymən