Ermənilər Naxçıvanı da atəşə tutur

“Ermənistanın Naxçıvana atdığı atəş Azərbaycanla yanaşı, Türkiyə üçün də təhdiddir”



Azərbaycanın işğal altında qalan torpaqları uğrunda gedən intensiv döyüşlərdə sarsıdıcı zərbələr alaraq strateji mövqelərini itirən Ermənistan ordusu dinc dayanmır. Düşmən əsgərləri bu dəfə də Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra təxminən saat 12:10-dan başlayaraq aprelin 6-sı saat 12:56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.

Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Ermənistanın Silahlı Qüvvələrimizin Naxçıvandakı mövqelərini atəşə tutmasını şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, Ermənistan ordusunun Azərbaycanın işğal altında olan torpaqları uğrunda gedən savaşda ordumuza yenilən Ermənistan ordusu öz gücünü Naxçıvanda sınamağa çalışıb: "Amma bu, Ermənistanın özbaşına atdığı addım deyil. Ermənilərin arxasında dayanan güc və onları üstümüzə qısqırdanlar göz qabağındadır. Biz bilirik ki, yalan, fitnəkarlıq, hiylə üstündə qurulan Ermənistan vətəndaşları tarix boyu öz yalanlarını yaymaqla "Böyük Ermənistan” yaratmaq istəyiblər. Hansı ki, ömür boyu onların səpələndikləri yerlər "erməni yaylağı” anlayışından o tərəfə keçməyib. Bizim tarixçi-alimlərimiz də sübut edib ki, Zaqafqaziyada heç vaxt erməni dövləti olmayıb. Bizə elə gəlir ki, Ermənistan Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvan iddiasından əl çəkib. Amma müqavilə ilə reallıqlar bəzi vaxtlar üst-üstə düşmür. Ermənilər davamlı olaraq, Qarabağla yanaşı, Naxçıvan uğrunda da təbliğati işlər aparır, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edir, bu iddialarını qanuniləşdirmək üçün saxta tarixçilik metodologiyasına baş vururlar.

Kitablar çap edib, torpaq iddiaları irəli sürürlər. Dağlıq Qarabağ problemi öz həllini tapdığı günün sabahı ermənilərin Naxçıvan məsələsini ortaya atacaqlarına heç bir şübhəmiz olmasın. Odur ki, indidən biz hər iki məsələyə paralel baxmalı, Azərbaycanın tarixi torpaqlarına dair erməni iddialarının ifşasına nail olmalıyıq”.

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının bu istiqamətdə həyata keçirdiyi tədbirlərin, çap olunan kitabların, ensiklopediyanın təqdirəlayiq olduğunu vurğulayan millət vəkili həmin əsərlərin xarici dillərə tərcümə olunmasını mühüm iş kimi qeyd edib: "Naxçıvanda bu məsələ ilə bağlı beynəlxalq konfranslar keçirtmək, dünyanın böyük alimlərini araşdırmalara cəlb etmək lazımdır ki, görək erməni izinə rast gələ bilirlərmi? Hətta Türkiyə ilə Azərbaycan koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir”.

Sabiq millət vəkili hesab edir ki, Ermənistanın Naxçıvana atdığı atəş Azərbaycanla yanaşı, Türkiyə üçün də təhdiddir: "Hüquqi baxımdan Ermənistanın Naxçıvana atəş açmasını Qars müqaviləsinə təhdid hesab etmək olar. Türkiyə Qarabağ savaşında hər zaman Azərbaycana dəstək olub və hərbi yardım göndərməkdən heç zaman çəkinməyib. Amma Qarabağdan fərqli olaraq, Naxçıvana hücumları dayandırmaq birbaşa onların öhdəliyindədir. Müqavilənin şərtlərinə əsasən Türkiyə Naxçıvanın qarantıdır. Əgər Naxçıvan Azərbaycandan qopub başqa bir dövlətlə birləşmək niyyətində olsa, həmin dövlət Türkiyə olmalıdır”.

Şəymən