Ermənistan Azərbaycanın AİB-ə üzvlüyünə mane ola bilərmi? - Aktual şərh





"Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan iyunun 7-də rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşdükdən sonra Rusiyanın "Kommersant” qəzetinə geniş müsahibə verib. Müsahibədə deyilənlərin çoxunu erməni rəsmilərin və diplomatların dillərindən illərdir eşidirik. Ancaq rusiyalı jurnalistin iki sulına verilən cavaba diqqət yetirməyə dəyər". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Ekspert həmin sualları şərh edib:  

Birinci sual: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadan güclü və stabil Ermənistanın varlığı mümkündürmü?”. Erməni nazirin cavabındakı ilk cümlə belədir: "Tamamilə doğru deyirsiz”. Yəni erməni nazir faktiki etiraf edir ki, münaqişə həll olunmadan Ermənistanın sabit və güclü olması mümkün deyil. İkinci sual: "Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane ola bilərmi?”. Erməni nazir sualdan qaçmağa çalışsa da, jurnalist ondan əl çəkmir. Yekundə erməni nazir bunu deyir: "Biz veto hüququndan istifadə edəcəyik”.

Beləliklə, baş nazir Nikol Paşinyanın Soçiyə gedib rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi və xarici işlər naziri Zöhrab Mnatsakyan Moskvaya gedərək Lavrov qarşısında hesabat verməsi İrəvanın xarici siyasətində dəyişiklik olmadığını göstərir. Soçidə və Moskvada Ermənistanın yeni hakimiyyətinə çərçivələri göstəriblər və bundan kənara çıxa bilməyəcəyini anladıblar". 

Ermənistanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünə mane olmasına gəlincə, E.Şahinoğlu vurğulayıb ki, birincisi, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın Ermənistanla eyni iqtisadi birlikdə yer alması mümkün deyil. İkincisi, hipotetik olaraq Azərbaycan AİB-ə üzvlük istəyini bildirsə, Rusiya Ermənistana Azərbaycana qarşı veto hüququndan istifadə etməyə imkan verməyəcək: "Çünki, Rusiyaya AİB-də daha çox üzv lazımdır".

Ayyət ƏHMƏD