“Ermənistan cəzasız qalan dövlətdir”

“Beynəlxalq təşkilatların ermənilərə qarşı sanksiyalar tətbiq etməsinin vaxtı çoxdan keçib”
“Şahbaz və Dilqəm 20-25 ildən artıq doğmalarının qəbirlərini ziyarət edə bilməyib. Axı, onların nə günahı var?”


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara növbəti dəfə baş çəkiblər. BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın verdiyi məlumata görə, başçəkmə sentyabrın 20-də gerçəkləşib. BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.

Məlumat üçün bildirək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Dağlıq Qarabağda qurulan "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

Girovlarımızın vəziyyətini dəyərləndirən əslən Xankəndindən olan keçmiş millət vəkili Həvva Məmmədova qeyd edib ki, Ş.Quliyevlə D.Əsgərovun girovluq məsələsi hər zaman Azərbaycan ictimaiyyəti və dövlətinin diqqətindədir. Bu məsələ heç vaxt gündəmdən düşməyib, onlar girovluqdan azad olunana qədər də bizim üçün prioritet məsələlərdən biri olacaq: "Onların həbsinin heç bir hüquqi əsası yoxdur. Şahbaz və Dilqəm 20-25 ildən artıq doğmalarının qəbirlərini ziyarət edə bilməyib. Axı, onların nə günahı var? Əzəldən Azərbaycan torpağı olan yerlərə gediblər. Hesab edirəm ki, dünya ictimaiyyəti bu iki şəxsin həbsi ilə bağlı öz sözünü deməlidir. Dağlıq Qarabağ dünyada tanınmamış qurumdur və onların məhkəməsi də qondarmadır. Çıxartdıqları qərarları beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tanımayacaq. Bunun üçün də dövlət və ölkə ziyalıları əlindən gələni edirlər. Biz əlimizdən gəldiyi qədər bu məsələni Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qarşısında qaldırır, ədalətin bərpasını tələb edirik. Amma bir məsələ var ki, Ermənistan yalnız azərbaycanlılara qarşı deyil, öz vətəndaşlarına qarşı da amansız münasibət sərgiləyir. Əsgər anaları ayağa qalxıb, əsgər ölümlərinə etiraz edir. Kasıb ailələrin övladları hərbi xidmətə cəlb olunaraq, ölümə göndərilir. Belə bir rejimdən girovlarla bağlı ədalətli qərar gözləmək ən azı sadəlövhlük olar. Odur ki, biz öz üzərimizə düşən vəzifəni yerinə yetirməli, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara durmadan müraciət edib, onların başına açılan oyunları gündəmdə saxlamalıyıq”.

Müsahibimizin sözlərinə görə, Ermənistan heç vaxt məkrli niyyətlərindən əl çəkməyəcək: "Ermənistan cəzasız qalan dövlətdir. Bu ölkəyə heç BMT-nin 4 qətnaməsi ilə də təsir etmək mümkün olmur. Ona görə də cəzasız qalan Ermənistan dünya üçün problemə çevrilir. İndiki halda 2 azərbaycanlı girov götürülübsə, vaxt gələcək başqa ölkələrə qarşı da münasibətləri pisləşəcək. Beynəlxalq təşkilatların ermənilərə qarşı sanksiyalar tətbiq etməsinin vaxtı çoxdan keçib. Hesab edirəm ki, Avropa Məhkəməsi girovlar məsələsinə baxmalı və tezliklə doğru cavab verməlidir”.

Girov götürülən azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğuna diqqət çəkən sabiq millət vəkili Rusiyanın bu məsələyə biganəliyindən, öz vətəndaşlarına laqeydliyindən də gileylənib: "Təəssüf doğurucudur ki, girovlardan birinin Rusiya vətəndaşı olmasına baxmayaraq, həmin ölkənin məsələyə müdaxiləsini görməmişik. Rusiya öz vətəndaşının hüququnu Ermənistanda qoruya bilməyib. Biz ölkəmiz, həm də dünyada yaşayan azərbaycanlılar adından davamlı şəkildə müraciətlər etməliyik”.

Ayyət Əhməd