Ermənistan əndişədədir

Əgər yenidən hərbi əməliyyatlar başlayarsa, münaqişə qalib tərəfin diktəsi ilə həll olunacaq
Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Avropa Oyunlarından sonra cəbhə və təmas xəttində baş verə biləcək hadisələrdən danışması və sırf Ermənistanın daxili auditoriyasına hesablanmış açıqlamalar verməsi günün əsas mövzularındandır. Oyunlar ərəfəsində Azərbaycan cəmiyyətində Ermənistanın bu mötəbər yarışa xələl gətirmək üçün cəbhədə təxribatlar törədə biləcəyi ilə bağlı narahatlıq vardı. Amma bir neçə ay əvvəldən cəbhə xəttində üstünlüyü ələ alan Azərbaycan ordusu düşmənin təxribatlarına imkan vermədi.
Avropa Oyunlarının davam etdiyi günlərdə Ermənistanda siyasi sabitliyin pozulması, İrəvanda sosial tələblərlə başlayan mitinqlərin əyalətlərə də yayılması düşmən ölkənin hər mənada çöküşünü göstərdi. Bəzi ekspertlərə görə, həm iqtisadi, həm hərbi gücünü son illər daha da artıran Azərbaycanın miskin bir ölkəyə çevrilmiş Ermənistanla haqq savaşına başlayacağı getdikcə daha real görünür. Əlbəttə, beynəlxalq güclər indiki şəraitdə Qafqazda müharibə olmamasına çalışırlar, çünki Rusiya Ermənistanın arxasından çəkilməyib.
Qarabağı işğal edənlər qorxu içindədir...
ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik İrəvana son səfərində bildirib ki, əgər Qarabağda genişmiqyaslı müharibə başlayarsa, münaqişəni dinc yolla həll etmək mümkün olmayacaq. Erməni mətbuatı Uorlikin bu bəyanatına diqqət edərək "artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri səviyyəsində genişmiqyaslı münaqişə barədə bəyanat verilir” deyə, narahatlıqlarını bildiriblər. Ermənistan mətbuatı yazıb ki, Uorlik İrəvana ona görə gəlib ki, Ermənistan hakimiyyətinə gözlənilən fəlakət barədə xəbərdarlıq etsin. Ermənistanın müdafiə naziri Seyran Ohanyan da ölkəsinin qorxularını dilə gətirib. O deyib ki, Bakıda keçirilən Avropa Oyunları başa çatdıqdan sonra Qarabağda təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşə bilər. Təkcə həmsədrlər deyil, dünya birliyi də getdikcə daha yaxşı anlayır ki, Qafqaz kimi vacib bir regionda Azərbaycan özündən qat-qat zəif, iqtisadiyyatı bərbad və regionda xeyirsiz bir dövlətə çevrilmiş Ermənistana torpaqlarını heç bir halda güzəştə getməyəcək.
Ermənistan rejimi böyük təxribatlara əl ata bilər
Bir sıra politoloqlara görə, Sarkisyan rejiminin "Qarabağda müharibə başlayacaq” yalanı müəyyən proseslərə hesablanıb. Onların fikrincə, rəsmi İrəvan bununla daxili auditoriyanın başını qatmağa, etirazları lokallaşdırmağa çalışır. Ohanyanın izaholunmaz açıqlaması Ermənistan paytaxtında hələ də davam edən etiraz aksiyaları ilə birbaşa bağlıdır. Rəsmi İrəvan bu kimi taktiki gedişlərlə etirazları lokallaşdırmağa çalışır. Narazı kütləni "Azərbaycan müharibəyə başlayacaq” tezisi ilə ətrafında birləşdirməyə çalışan Ermənistan hakimiyyəti təmas xəttində süni gərginliyin yaradılmasında özü maraqlıdır. Hətta istisna edilmir ki, Ermənistan rejimi daxili auditoriyanı səfərbər etmək məqsədilə təmas xəttində daha böyük təxribatlara əl ata bilər. Bütün baş verən hadisələr isə Ermənistandakı sosial-iqtisadi vəziyyətin gərgin və problemli olmasından doğan bir çarəsizlikdən xəbər verir. Fakt isə bundan ibarətdir ki, Ermənistan iqtidarının elektrik enerjisinin qiymətini qaldırması barədə qərarı xalqın ayağa qalxmasına stimul verdi. Hətta Ermənistanın quldur hakimiyyəti geri çəkilsə belə, aksiyalar dayanmadı. Proseslərin idarəolunmaz hala gəldiyi Ermənistanda situasiya nəzarətdən çıxmaq üzrədir. Bu isə düşmənin istənilən an istənilən təxribatı törədə biləcəyi ehtimalını nəzərəçarpacaq dərəcədə artırır.
Müdafiə naziri cəbhə bölgəsində...
Prezident İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri Zakir Həsənov və birinci müavini Nəcməddin Sadıqov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar. Qurum rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb. Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birinə baş çəkən nazir ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlərlə tanış olub.
Sonra cəbhə bölgəsində yerləşən bölmələrin şəxsi heyətinin daimi döyüş hazırlıqlarını təkmilləşdirməsi, silah və texnikadan bacarıqla istifadə etməsi, hərbi qulluqçuların peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə yaradılan yeni təlim-atış poliqonu müdafiə nazirinə təqdim olunub. Müdafiə naziri təlim prosesini və döyüş atışlı məşqləri izləyib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
"Ohanyanın məlum açıqlaması da, Uorlikin sözləri də münaqişəyə dair 22 ildir mövcud olan yanaşma zəncirinin bir halqasıdır”
Müharibə ehtimalı ilə bağlı "Şərq”ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev deyib ki, Ermənistan tərəfi çalışır ki, dünya ictimaiyyəti Azərbaycanı "təcavüzkar” dövlət kimi tanısın: "Azərbaycan torpaqları 23 ildir işğal altındadır. 1994-cü ildən, yəni işğalı dinc yolla bitirmək üçün imzalanmış atəşkəsdən bu günə kimi erməni tərəfi hər bəhanələrlə sülh danışıqlarından qaçıb. Azərbaycandan çıxmaq istəməyən ermənilər müxtəlif təxribatlarla status-kvonu indiyədək qoruyub saxlayıblar. Ohanyanın məlum açıqlaması da, Uorlikin sözləri də münaqişəyə dair 22 ildir mövcud olan yanaşma zəncirinin bir halqasıdır. Onlar çalışırlar ki, beynəlxalq birliyi, yaxud vasitəçiləri həyəcanda saxlasınlar, Ermənistan tərəfinin guya "dinc yolla” danışıq apardığını, atəşkəsi pozmadığını və problemi "həll etmək” istədiyini çatdırsınlar. Bu səbəbdən Azərbaycanı hərbi əməliyyatlara başlamaq istəməkdə ittiham edirlər. Ermənistan hökuməti Azərbaycan dövlətini "günahkar” kimi, hərbi əməliyyatların təşəbbüskarı kimi qələmə verməyə çalışır. Dünya ictimaiyyətini Azərbaycanın "təcavüzkar” olduğuna inandırmaq istəyir. Ermənilərin siyasəti budur”. Politoloq bildirib ki, yenidən hərbi əməliyyatlar başlayarsa, münaqişə qalib tərəfin diktəsi ilə həll olunacaq: "Əgər Azərbaycan öz torpaqlarını işğaldan azad edərsə, o zaman məsələnin dinc yolla həlli daha da asanlaşacaq. Amma indiki dönəmdə torpaqlar ermənilərin əlindədir və düşmən uzun müddət torpaqlarımızı özündə saxlamaqda maraqlıdır. Ona görə də Ohanyan və onun kimiləri dünya birliyini aldadaraq, münaqəşinin həllini gecikdirməyə çalışırlar. Əslində ermənilərin fikri təkcə Dağlıq Qarabağı deyil, digər ətraf rayonları da Ermənistana birləşdirməkdir. Düşmənin əsas hədəfi budur”.
İsmayıl