Aydın Hüseynov:"İşğalçı ölkə heç bir beynəlxalq kommunikasiyalara, ticarət yollarına, əlaqələrə çıxışı olmadığı üçün ölkə çıxılmaz vəziyyətdə qalıb"
"Ermənistanı bürüyən aclıq yüksək həddə çatdığına görə, hər il yüz mindən çox insan baş götürüb qaçır"
"Ermənistanın iqtisadiyyatı ianələr hesabına, xarici diasporanın yardımları, hətta bir növ xaricdən dilənçilik sayəsində ayaqda durur”.
Bunu "Sherg.az”a Prezident İlham Əliyevin Müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində çıxışı zamanı səsləndirdiyi "Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur" fikrinə münasibət bildirərkən millət vəkili Aydın Hüseynov söyləyib.
O qeyd edib ki, Ermənistanın əsas gəlir mənbələri eks-prezident Serj Sarkisyan və onun quldur dəstəsinin əlindədir:
"Onlar hakimiyyətdən uzaqlaşdırıldığına görə, kapitallarını ölkədə təcili şəkildə çıxarıblar. Nəticədə Ermənistan gəlir mənbələrindən məhrum olub. Üstəlik düşmən regiondakı layihələrdən təcrid olunub, özünün işğalçılıq siyasəti sayəsində blokadaya düşüb. Ermənistan heç bir beynəlxalq kommunikasiyalara, ticarət yollarına, əlaqələrə çıxışı olmadığı üçün ölkə çıxılmaz vəziyyətdə qalıb.
Ermənistanı bürüyən aclıq yüksək həddə çatdığına görə, hər il yüz mindən çox insan baş götürüb qaçır. Bütün bəlaların arxasında isə düşmənin işğalçılıq siyasəti dayanır. Ermənistan problemi sülh yolu ilə həll edə bilməsə, bütün proseslər özünün son həddinə çatıb”.
Aydın Hüseynov prezident İlham Əliyevin fikirlərini də xatırladıb və əlavə edib ki, Ermənistan qoşunları qeyd -şərtsiz işğal edilmiş ərazilərdən çıxmalıdır:
"Yalnız bu təqdirdə bölgədə sülh və sabitlik təmin edilər, Ermənistan regiondakı iri layihələrə qoşular. Rəsmi İrəvan bu yolu tutmasa yaxın gələcəkdə daha böyük uçuruma düşəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev bildirib ki, indi erməni xalqı onlara 20 il ərzində kriminal xunta rejiminin rəhbərlik etdiyini anlayıb:
"O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir".
Aysel Aslan