Ermənistan günəmuzd “döyüşçülər” yığır

Üzeyir Cəfərov: “Bunun heç bir effekti olmayacaq”



Qondarma Dağlıq Qarabağ rejimi "orduda” xidmət edən könüllüləri həvəsləndirmək üçün pul ödəməyə başlayıb. Dağlıq Qarabağın "baş naziri”nin mətbuat katibi Artak Beqlaryanın sözlərinə görə, "hökumət” könüllülərə gündə 5000 dram (10.4 dollar) ödəyəcək. Könüllü əsgərlər ödənişlərdən bu gündən yararlana biləcəklər.

Bu pulu ilk növbədə işləməyənlərə, əvvəl dövlət idarələrində işləyib az əmək haqqı alanlara verəcəklər. Ödənişlər barədə qərar mayın 31-də könüllülərin iclasında qəbul edilib. Həmçinin Ermənistanın Müdafiə Nazirliyi aprelin əvvəlində könüllülərə avans olaraq müəyyən miqdarda pul verib.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, orduda xidmət edən könüllüləri həvəsləndirmək üçün Dağlıq Qarabağ rejiminin pul ödəməyə başlaması faktı Ermənistan ordusunun nə dərəcədə bərbad vəziyyətdə olduğunun bariz göstəricisidir: "Ermənistan ordusunun günü-gündən çökməsi onsuz da bizə bəlli idi. Artıq erməni gəncləri orduda xidmət eləmək istəmir. Xüsusən də işğal olunan ərazilərə heç kim getmir. Ermənistandakı Əsgər Anaları Cəmiyyəti bu istiqamətdə ortaya ciddi iradə qoyub və övladlarının Serj Sarkisyanla, Ohanyanın girovları olması məsələsində cəmiyyətin gözünü açıb. Erməni anaları öz övladlarını Qarabağ savaşına göndərmək istəmir deyə, orduda kadr çatışmazlığı yaranıb. Rəsmi açıqlamalar olmasa da, Ermənistanda fərrarilərin sayı "n” qədərdir”.

Aprel döyüşlərindən sonra Ohanyanın özünü Azərbaycanın müdafiə nazirinə bənzətməsi faktoruna diqqət çəkən ekspert deyib ki, o da Zakir Həsənov kimi cəbhə xəttinə səfərlər edib, ordunun döyüş əhval-ruhiyyəsini qaldırmaq istəyir: "Bizim müdafiə naziri hər həftə cəbhə bölgəsinə gedir və əsgərlərimizlə daimi təmasda olur. Ohanyan da imkan tapan kimi Dağlıq Qarabağa qaçıb, erməni ordusundakı vahiməni aradan qaldırıb, döyüşçüləri ruhlandırmaq istəyir. Amma bunun heç bir effekti olmayacaq. Ermənistanda Qarabağ uğrunda döyüşmək istəyən insanların sayı günü-gündən azalır. Günü 10 dollardan muzdlu döyüşçü tutmaqdan başqa çarəsi qalmayan Ermənistanda vəziyyət bir az daha gərginləşəndən sonra artıq bu variant da özünü doğrultmayacaq. Ermənilər gözəl bilirlər ki, onların övladları məramı bilinməyən bir savaş uğrunda qurban gedirlər. Təbii ki, bu da gözyumulacaq bir hal deyil. Ailələr də rəsmi və qeyri-rəsmi şəkildə övladlarını ordudan yayındırırlar”.

Gürcüstan sərhəd xidmətinin məlumatını xatırladan Ü.Cəfərov deyib ki, son vaxtlar Ermənistanı tərk edən gənclərin sayında xeyli artım var. Bu da onu göstərir ki, Ermənistanda demoqrafik və hərbi durum bərbad günə qalıb.

Şəymən