"Ölkə başçısının Dağlıq Qarabağla bağlı yürütdüyü siyasət dəyişməz olaraq qalır”
Bu sözləri "Sherg.az”a açıqlamasında politoloq Natiq Miri deyib.
O bildirib ki, Dağlıq Qarabağ problemi regionda, xüsusilə də Qarabağ cəbhəsində Azərbaycanla-Ermənistan arasında hər hansı bir müharibənin başlanma təhlükəsini özündə ehtiva edir:
"Dünya şirkətləri Ermənistan kimi müharibə təhlükəsi olan ölkələrə böyük investisiya qoymaqda həvəsli olmurlar. Dolayısı ilə Paşinyan bunu daxili-ictimai rəy üçün erməni xalqına xatırlatdı. Paşinyan səbəb olaraq Qarabağ problemini əsas gətirdi. Düzdür, o birbaşa Qarabağ problemini qeyd etmədi. Amma sirr deyil ki, Ermənistan iqtisadiyyatının inkişaf etməməsinin əsas səbəbi bununla bağlıdır”.
Politoloq bildirib ki, Paşinyan höküməti Qarabağ problemi ilə bağlı güzəştlərə getməsə, işğal edilmiş torpaqlar azad olunmasa, Ermənistan iqtisadiyyatını inkişaf etdirmək mümkün olmayacaq:
"Düşünürəm ki, Paşinyan bu həqiqəti nə qədər tez anlasa, Ermənistanın inkişafının önü bir o qədər tez açılmış olar. Ona görə də, Ermənistanın gələcək inkişafı bilavasitə Paşinyanın yürüdəcəyi siyasətə bağlı olacaq. Təbii ki, bunun da tərkib hissəsi Dağlıq Qarabağla bağlıdır. Çünki regionun ən həlledici ölkəsi Azərbaycan və Türkiyədir. Bu ölkələr də sərhədlərini Ermənistan üçün tamamilə bağlayıb. Beləliklə, Ermənistan bütün qlobal layihələrdən kənarda qalıb.
Ona görə də Paşinyan Dağlıq Qarabağ yönündə həqiqətən də əsaslar üzrə danışıqlara başlasa, ən azından Qarabağ ətrafı 7 rayonun boşaldılmasına hazır olsa, qlobal layihələrə qoşulması mümkün olacaq. Təbii ki, Azərbaycan da Türkiyə kimi regionun önəmli ölkələri ilə münasibətlər sistemini tamamilə yenidən və başqa formada quracaq. Ölkə başçısı İlham Əliyevin müşavirədəki çıxışlarının içində məhz bu məqamlar da yer alır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas zamanı növbəti dəfə Dağlıq Qarabağla bağlı məsələyə toxunub. Ölkə başçısı bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır
Yeganə Bayramova