Uduşumuz çox oldu, ordumuz ərazilərimizi bəzi təhlükələrdən qurtardı
"Azərbaycan ordusu Ermənistanda yaranmış bir mif dağıtdı”. Bu barədə "Şərq”ə siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev son günlər cəbhədə yaşanan gərginlikdən danışarkən bildirib. Onun sözlərinə görə, bu mif Ermənistan müdafiə naziri Seyran Ohanyanın müdafiə istehkam sistemi idi:
"Ohanyanın 366-cı alayda patron oğrusu adlandırırdılar. Sonradan o, özünü istehkamçı kimi təqdim etdi və Ermənistanın müdafiə naziri oldu. Amma Azərbaycan ordusu göstərdi ki, S.Ohanyan mifi doğrudan da yox imiş. Fikir verdinizsə, nəinki təmas xəttindən, hətta ondan 30-40 km aralıdan belə ermənilər qaçıdırlar. İndi də həmin proses davam edir. Azərbaycan ordusunun ən böyük uğuru odur ki, bir sıra böyük obyektlərimizi düşmən tapdağından azad etdi”.
Ekspert geri qaytarılan yüksəkliklərdən də söz açıb: "Birincisi, Talış kəndindəki yüksəkliyin qaytarılması və ordumuzun Madagizə çıxması Gəncə şəhərini raket atəşlərindən qorudu. Bakı-Supsa, Bakı-Ceyhan və Bakı-Qars dəmir yolunu atəş altından çıxartdı. Bundan başqa, ən böyük təhlükələrdən biri Mingəçevir su anbarına ola biləcək hücum idi. Onun qarşısı 100 faiz alındı. Tərtərdən Kəlbəcərə gedən yol açıldı. Daha doğrusu, həmin yol ordumuzun nəzarətinə keçdi. Ordumuzun geri qaytardığı ərazilər birmənalı şəkildə kemiş Azərbaycan kəndləridir. Umutlar, Narınclar və Cəvəkdardı. Bu o deməkdir ki, Azərbaycan yalnız beş faiz ərazini azad eləməyib. Eyni zamanda 20 faiz ərazini də təhlükədən qurtarıb. Burda qələbəni birin birə deyil, birin beşə nisbətində götürmək lazımdır. Azərbaycanın müharibə strategiyası dəyişməyib”.
Döyüşün dayandırılmasına dair etirazlara toxunan C.Nuriyev qeyd edib ki, belə məqamlarda ağıllı dövlət başçıları taktikanı dəyişirlər. Geri qaytarılmış ərazilərdə möhkəmlənmək, istehkam qurğularını bərpa etmək, onu nizamlamaq və minalardan təmizləmək üçün vaxt lazımdır: "Anlayıram, insanlarda böyük ruh yüksəkliyi müşahidə olunur. Amma eyforiyaya qapılmaq xeyir gətirmir. Şəhidlərimiz qarşısında baş əyirəm. Valideynlərinin əlindən öpürəm. Bu, bir daha göstərdi ki, Azərbaycanda torpağını sevən, torpağına bağlı olan insanlar çoxdur. Bir sözlə, ordumuz əmin əllərdədir. Müvəqqəti dayanmağı başqa cür yozmağa ehtiyac yoxdur. Azərbaycan Ermənistanı masaya oturmağa məcbur edir. Hətta Almaniya da bu işə qarışmaq istəyir. Rusiya XİN başçısı Sergey Lavrovdan sonra baş nazir Dmitri Medvedyev ölkəmizə səfərə gəlib. Rusiya Müdafiə naziri Sergey Şoyqu gəlib-getdi. Ona görə ki, Azərbaycan bölgənin lider dövləti olmaqla yanaşı, regionun dünya siyasətini müəyyən edən strateji əhəmiyyətli ölkədir. Azərbaycanın öz maraqları da var. Amma məsələyə qızışmış başla deyil, soyuqqanlı şəkildə yanaşmalıyıq. Çılğınlıq edəcək yaşda və başda deyilik”.
Nihat Kərimli,
Ayyət Əhməd