Ermənistan ordusu: intihar, qida və geyim çatışmazlığı, "dedovşina" xidmətdən yayınma

"Ermənistan ordusunun işğal olunmuş ərazilərində hərbiçilər arasında "dedovşina" halları, yerli və gəlmə ermənilər arasında qarşıdurmaların dərinləşməsi getdikcə geniş vüsət alır”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, Paşinyan iqtidara gəldikdən sonra Qarabağ ermənilərinə qarşı ayrıseçkilik siyasəti işğal olunmuş ərazilərdə Ermənistan əsgərləri ilə yerli ermənilər arasında düşmənçiliyi artırıb: 
"Hətta mübarizə silahlı münaqişə səviyyəsinə qalxıb. Bundan əlavə erməni ordusunda ciddi ərzaq və geyim çatışmazlığı, ərzağın keyfiyyətsizliyi aktual problem olaraq qalmaqdadır. Baş nazir səviyyəsində buna etiraz edilməkdədir. Hətta məlumata görə, Paşinyanın oğlu evdən qida gətirilməsini istəyib. Son günlərdə erməni ordusunda artan intihar halları, döyüş postunu atıb qaçmaq cəhdləri də geniş yayılmaqdadır”.
Analitik hesab edir ki, bu kimi problemlər Ermənistanın dövlət siyasətində müəyyən dəyişikliyə gətirib çıxara bilər: 
"Ermənistanın müharibədən çəkinməsi öz ordusunda olan ciddi problemlərdən dolayıdır. Məncə, Nikol Paşinyan da ordunun ərzaq təminatının inkişafına heç bir müsbət təsir edə bilməyəcək. Çünki vəsait çatışmazalığı, korrupsiya halları bu gün Ermənistan ordusunda geniş yayılıb. Göründüyü kimi Ermənistanda baş verən siyasi katakilizmlər ordudan yan keçmir. Ona görə də Ermənistan ordusunun acınacaqlı vəziyyəti Paşinyanın Qarabağ danışıqlarında kompramisə gedəcəyinə şübhə doğurmur”.
İsmayıl