Kremlin aşırı təzyiqləri artıq düşmən ölkəni “hövsələdən” çıxarıb
Ukrayna məsələsi Rusiyanı dərin iqtisadi böhrana sürükləyib. Gözlənildiyi kimi, bu böhran Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşları olan ölkələrdən də yan keçməyib. Ən böyük zərbəni isə iqtisadi baxımdan zəif olan Ermənistan hiss edib.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra ixracatının artacağı barədə verilən proqnozlar reallaşmadı. Ölkədə iqtisadi vəziyyətin dözülməz həddə olduğunu erməni mətbuatı geniş şərh edib. Belə mürəkkəb bir situasiyada seçim imkanları məhdud olan Ermənistan özünü
sığortalamağa çalışır. Ölkə Avrasiya İqtisadi Birliyinə daxil olsa da, Avropa İttifaqı ilə assosiasiya haqqında müqavilənin yeni versiyası üzərində dondurduğu işini bərpa edib. Amma Rusiya-Ermənistan münasibətlərinin mövcud yeni geosiyasi reallıqlar fonunda kritik həddə olması yaxın gələcəkdə Ermənistanın siyasi imitasiyalardan, şantajdan daha uzağa gedəcəyini deməyə əsas vermir. Çünki bundan qurtulmaq üçün rəsmi İrəvanda nə siyasi iradə, nə də konstruktiv mövqe nümayişi tendensiyası hələ ki, hiss olunmur.
Amerikalı diplomat Metyu Brayza da Ermənistanın Rusiyadan asılılığını onu çox çətin vəziyyətə saldığını deyib. Erməni mətbuatına müsahibə verən keçmiş səfir Rusiyanı bu cəhətdən çox məharətli bir dövlət adlandırıb: "Yaxşı olardı ki, Ermənistan bu yolu getməzdi. İrəvana hər səfərim zamanı çox çalışırdım ki, Ermənistandakı kolleqalarımı enerji və digər sahələrdə Rusiyadan bu qədər asılı hala düşməmək üçün razı salım. Amma bu, mümkün olmadı”.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin İrəvana səfər etməsi də Kremlin Ermənistana "qulaqburması” kimi dəyərləndirilib. Ermənistan-Rusiya münasibətlərini şərh edən politoloq Qabil Hüseynli deyib ki, ermənilər bəzi məsələləri anlamağa başlayıb: "Mövcud vəziyyətdən çıxış yolu axtaran Rusiya rəhbərliyi Dağlıq Qarabağ məsələsində güzəştə getməkdə maraqlıdır. 7 rayonun qaytarılması söhbəti də sırf bu baxımdan gündəmdədir. Nəzərə almaq lazımdır ki, hər hansı razılaşma eyni zamanda Azərbaycanın Avrasiya Birliyinə cəlb edilməsi səylərini də gücləndirə bilər. Həmçinin, bununla Rusiya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyar. Kreml rəhbərliyi anlayır ki, Dağlıq Qarabağ məsələsində dirəniş göstərən ermənilərin ətraf rayonların qaytarılmasına etiraz etməsi mənasızdır. Onsuz da həmin ərazilər gec-tez qaytarılacaq”.
Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın "yumşalmasından” narahat olan Ermənistan Kremldən gələn təzyiqləri dəf etməyə çalışır: "Bəlkə də Kremlin aşırı təzyiqləri artıq düşmən ölkəni "hövsələdən” çıxarıb. Ermənistanın əlində olan yeganə vasitə Rusiyanı Qərblə şantaj etməkdir. Yəni deyirlər ki, "əgər üzərimizə çox gəlsəniz, Avropa Birliyi ilə assosiativ sazişə imza atarıq, Qərbə inteqrasiya edərik və s. Təbii olaraq, bu şantajlar rəsmi Moskva tərəfindən qəzəblə qarşılanır. Ona görə də, Rusiya Ermənistana "qulaqburması” verməyə çalışır. Ola bilsin, Kreml Sarkisyanı sındıraraq onu əvəzləmək haqqında da düşünür”.
İsmayıl