“Dünya erməni lobbisi və diasporasının fəaliyyəti buna imkan vermir”
Azərbaycan tərəfi müzakirədə Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş” problem kimi qələmə verilməsinə qəti etiraz edib və aktiv münaqişə kimi müzakirəyə çıxarılmasına nail olub. Bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, bu gün Ermənistanın işğal etdiyi torpaqlarda, təmas xəttində hər gün insanlar həlak olur, təxribatlar baş verir:
"Müzakirələr zamanı nəzərə çatdırıldı ki, "dondurulmuş” münaqişələrdən fərqli olaraq, orada indi də əhali güllə altındadır və hər gün hücumlara məruz qalır”. S.Seyidov vurğulayıb ki, beynəlxalq sənədlərin, xüsusilə BMT-nin məlum 4 qətnaməsinin uzun illərdir icra olunmamasının əsas səbəbi odur ki, işğalçı ölkəyə qarşı nəinki sanksiya tətbiq olunub, hətta həmin ölkə digər dövlətlərlə birlikdə Avropa Şurasının fəaliyyətində sərbəst iştirak edir: "Biz bəyan etdik ki, Dağlıq Qarabağ münaqişəsini törədən işğalçı ölkə bu gün AŞ PA-da problemsiz oturur və müzakirələrə qatılır. Onlara dedik ki, axı sizin təcrübəniz var. Məsələn, bu yaxınlarda Rusiyaya qarşı sanksiyalar tətbiq etdiniz, amma işğalçılıq siyasəti yeridən Ermənistana heç bir sanksiya tətbiq olunmur. Biz məsələni bu dəfə konkret qaldırıb, irad tutduq ki, Ermənistana qarşı sanksiyaların tətbiq olunmaması tamamilə məntiqsizdir”.
Siyasi elmlər doktoru, professor Elman Nəsirli bu istiqamətdə imkanların yarandığını deyib: "Avropa Şurasının hələ keçən ilki payız sessiyasında Ermənistana sanksiyalar tətbiq edilməsi məsələsi ətrafında geniş müzakirələr getdi. Azərbaycan diplomatiyası indiki halda, yəni Rusiyaya qarşı beynəlxalq qurumların sanksiyalar tətbiq etməsi reallığı fonunda, istisna deyil ki, Bakı da bu istiqamətdə müəyyən nəticələr əldə etsin. Çünki presedent var. İlhaq aktına görə, Rusiya belə sanksiyalara məruz qalırsa, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan da sanksiyalara məruz qalmalıdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin müvafiq sənədi də var. Bütün bunların hamısı prinsip etibarı ilə Ermənistana qarşı sanksiya rejimini işə salmaq üçün əsas verir. Məsələnin mürəkkəbliyinin də fərqindəyik. Dünya erməni lobbisi və diasporasının fəaliyyəti buna imkan vermir. Amma bu, heç də əlimizi-qolumuzu soyutmamalıdır. Proses davamlı mübarizə tələb edir”.
Politoloq Elçin Mirzəbəyli də bildirir ki, irəliləyişin olması üçün ilk növbədə oxşar hallarda tətbiq olunduğu kimi bu ölkəyə də müvafiq sanksiyalar tətbiq olunmalıdır: "Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe eyni zamanda bir sıra beynəlxalq təşkilatların, o cümlədən münaqişədə vasitəçilik missiyası yerinə yetirən həmsədr ölkələrin Ermənistana təzyiq göstərməməsi nəticəsində münaqişənin həlli yolunda hansısa irəliləyişin olacağını gözləmək sadəlövhlük olar. Hazırkı şəraitdə vasitəçi dövlətlər və işğalçı ölkə daha çox "status-kvo”nun qorunub saxlanılmasında maraqlıdır. Belə şəraitdə münaqişənin həlli istiqamətində hər hansısa irəliləyiş gözləmək düzgün deyil. Sanksiyaların tətbiq edilməsi mütləqdir”.
İsmayıl