Cəbhədə isə vəziyyət hər an kəskin hal ala bilər
ATƏT-in Minsk Qrupu həmsədrləri martın 31-də Vyanada Minsk qrupu üzvləri üçün rüblük brifinq keçiriblər. Hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyi də qeyd olunub. Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırkı gərginliyi qiymətləndirib, tərəflərlə birlikdə hazırkı diplomatik səylərini qeyd ediblər:
"Həmsədrlər bu ilin sonuna kimi prezidentlərin görüşünün mümkünlüyünü və hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyini müzakirə ediblər. Vasitəçilər ATƏT-in Minsk Qrupu ölkələrinin və ATƏT-ə üzv ölkələrin qarşılıqlı etimad tədbirlərinin və təmas proqramlarının həyata keçirilməsində oynaya biləcəyi rolu da vurğulayıblar”.
Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elman Nəsirli isə hesab edir ki, həmsədrlərin davranışlarından belə qənaətə gəlmək
olar ki, həmsədrlər özlərinin əsas missiyasını bu münaqişəni həll etmək yox, sadəcə münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqda görürlər: "Bunun üçün də vaxtaşırı xarici işlər nazirləri səviyyəsində görüşlər təşkil edir, prezidentlərin görüşməsinin vacibliyinə dair fikirlər irəli sürürlər. Prezidentlərin görüşünə nail olan həmsədrlər əmin olur ki, bir müddət atəşkəs rejimi qorunub saxlanılacaq. Bu da o deməkdir ki, müharibənin başlama ehtimalı bir qədər uzaqdır”.
Azərbaycan tərəfinin birmənalı mövqeyini xatırladan politoloqun sözlərinə görə, bizə görüş xatirinə keçirilən görüş lazım deyil. Əgər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işğalçı Ermənistanın mövqeyinə pozitiv dəyişiklik yoxdursa, prezidentlər arasında görüş keçirməyin nə əhəmiyyəti var? Ötən il oktyarbın 27-də Parisdə keçirilən son görüşdə Böyük Sülh Sazişinin hazırlanması ilə bağlı Fransa prezidentinin təklifi müzakirə olunmuşdu. Bu da təbii olaraq münaqişənin həllində pozitiv tendensiya yaratmışdı. Amma görüşdən iki həftə keçməmiş Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində 47 minlik qoşunla hərbi təlimlərə başladı. Helikopter avantürasını həyata keçirib, pilotsuz təyyarə ilə ərazilərimizə müdaxilələrdə bulundular. Bütün bunlar da göstərir ki, Ermənistan Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək niyyətində deyil. Maksimum dərəcədə status-kvonun saxlanılmasına çalışır”.
Politoloqun sözlərinə görə, indiki situasiyada həmsədrlərin ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etmək niyyəti ATƏT-in Minsk Qrupunun imicinə hörmət gətirən məsələ deyil: "Dağlıq Qarabağ münaqişəsi elə bir səviyyədədir ki, cəbhədə vəziyyət istənilən hal kəskin hal ala, genişmiqyaslı əməliyyatlar başlaya bilər. Bunun əksinə heç kim təminat verməyib. Həmsədrlər isə münaqişəni nizamlamaq üçün ilin sonuna kimi prezidentlər arasında görüş keçirmək niyyətindən bəhs edirlər. Maraqlıdır, ötən görüşdən bəri Ermənistanın mövqeyində hansı dəyişiklik baş verib ki, həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilməsinə ehtiyac yaransın. Düşünürəm ki, bu cür "dişsiz” siyasət ilə ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin öhdəsindən gəlmək iqtidarında deyil. Hesabatlar və görüşlər isə sadəcə bu qurumun məşğul olduğuna hesablanıb. Nəticə isə sıfıra bərabərdir. Məhz bu səbəbdən də bu cür görüşlər, hesabatlar Azərbaycan cəmiyyətində haqlı olaraq ATƏT-in Minsk Qrupuna qarşı etimadsızlıq yaradır”.
Şəymən