Ermənistanda enerji böhranı...
Xalq üsyan edir, nə Rusiya şirkəti geri çəkiləcək, nə də hökumət...
Ermənistanda sosial-iqtisadi vəziyyətin təhlili bu ölkənin daha böyük problemlər məngənəsinə yuvarlandığını göstərir. Hadisələrin inkişaf axarı Ermənistanı bu gedişlə daha böyük çətinliklərin gözlədiyini, ölkənin iqtisadi durumunun daha bərbad hala düşəcəyini deməyə əsas verir. Son aylar ölkə hərtərəfli tənəzzül içindədir. Erməni xalqının ayağa qalxması da məhz iqtisadi böhranla, elektrik enerjisinə edilən qiymət artımı ilə bağlıdır.
Əslində artım çox deyil, sadəcə 1.5 sentdir. Amma təcavüzkar ölkənin iqtisadi durumu elə vəziyyətdədir ki, kiçik bahalaşma belə xalqın ağır güzəranına öldürücü zərbə vurmağa kifayət edir. Bəs, Ermənistanda sosial, yaxud başqa problemlərin yaranmasına təsir göstərən amillər hansılardır, niyə bu ölkədə enerji daşıyıcıları ilə bağlı tez-tez problemlər ortaya çıxır? Son bir neçə ildə baş verən hadisələr sübut edir ki, Ermənistan bütün sahələr üzrə xaricdən, ya Rusiyadan, ya da diaspordan asılı vəziyyətdədir. Siyasi və iqtisadi asılılıq isə bir qayda olaraq, ölkənin həyatında ciddi problemlər yaradır. Yəni Ermənistanın asılı olduğu amillər ortadan qalxanda ölkədə ciddi gərginlik yaranır. Hamıya bəllidir ki, Ermənistan Elektrik Şəbəkəsi bu ölkəyə məxsus deyil. Onun yiyəsi Rusiyanın "İnter RAO EES” şirkətidir. Bu şirkət isə mövcud qiymətə elektrik enerjisini satmaq istəmir. Ona görə yeni qiymət tarifi irəli sürüb və hökumət onu təsdiqləyib. Deməli, Ermənistanda elektrik enerjisinin bahalaşması Rusiya şirkətinin istəyinə uyğun gerçəkləşir. Aksiya zamanı etirazçıların Rusiya əleyhinə şüarlar səsləndirməsi də bunu təsdiqləyir. Hətta iş o yerə çatıb ki, aksiyaçılar Rusiyanın Ermənistan ərazisindəki çoxsaylı sülhməramlı bazalarını "işğalçı” adlandırıblar. Ermənilər, həmçinin, Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və başqa strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal” olduğunu bildiriblər. Etirazçılar tariflərin azaldılması, rusların nəzarətində olan müəssisələrin milliləşdirilməsi və Rusiya qoşunlarının Ermənistandan çıxarılması tələbini də irəli sürüblər. Xatırladaq ki, elektrik enerjisi qiymətləri son 2,5 il ərzində üçüncü dəfədir ki, bahalaşdırılır.
Təbii qaz təchizatı da Ermənistan dövlətinin nəzarəti altında deyil. Bu sahə ilə Rusiyanın "Qazprom” dövlət şirkəti məşğul olur. 1997-ci ildə rəsmi Yerevan ölkənin təbii qaz sistemini Rusiyanın "Qazprom” şirkəti ilə 3 yerə bölüb. Ermənistanın qaz təchizatı ilə "Armqazprom”, "Armtransqaz” və "Armqaz” məşğul olub. Sonralar bunların hamısı Rusiyanın nəzarəti altına keçib. Hazırda Ermənistanın təbii qaz sisteminə "Qazprom Armeniya” nəzarət edir. Məlumat
üçün bildirək ki, bu günlərdə İran-Ermənistan "Meğri-Qacaran” təbii qaz kəmərinin də Rusiyanın "Qazprom Armeniya” şirkətinə satılacağı bildirilib.
ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza da Ermənistandakı proseslərə münasibət bildirib. O deyib ki, Ermənistan özünü energetika baxımından Rusiyadan tam asılı vəziyyətə salaraq seçim azadlığından məhrum olub: "Rusiya bu ölkənin bütün enerji strukturunu əldə edib. ABŞ Ermənistana uzun illər təklif edib ki, Rusiyadan enerji daşıyıcılarının tədarükü asılılığını azaltsın. Lakin Ermənistan bunu etmədi və nəticədə Rusiya şirkətləri Ermənistanın enerji infrastrukturunun obyektlərini satın aldılar. Bu, Ermənistan hökumətinin strateji səhvi oldu”. Brayza hesab edir ki, Ermənistan hökuməti Rusiyanın enerji şirkətləri ilə danışıqlar stolu arxasına oturmalıdır: "Ermənistandakı etiraz aksiyalarına görə günahı ABŞ-ın üzərinə atmaq düzgün olmazdı, çünki Vaşinqtonun bu hadisələrlə heç bir əlaqəsi yoxdur”.
Ermənistanda enerji qiymətlərinin bahalaşmasına və iqtisadi böhranın dərinləşməsinə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban deyib ki, Ermənistana iqtisadi yardım sahəsində Rusiyanın böyük dəstəyi olsa da, məsələnin başqa tərəfləri də var: "Əvvəlcə onu deyim ki, "Qazprom” öz qazını Gürcüstan-Ermənistan sərhəddində bir kub metri 186 dollara satır. Ancaq "ArmRosQazprom” şirkəti o qazı alaraq, erməni əhalisinə bir kub metrini 310 dollardan verir. Ancaq məsələ burasındadır ki, Ermənistanın daxili bazarında istehlak etdiyi enerji, məsələn, benzin, dizel və s. bunlar Rusiyadan gəlmir. Həmin enerji məhsulları birbaşa İrandan idxal olunur”.
İ.Şaban bildirib ki, Qafqazda ən ucuz elektrik enerjisi Ermənistandadır. Ona görə ucuzdur ki, Ermənistanda atom elektrik stansiyası fəaliyyət göstərir: "Ermənistanda elektrik enerjisinin hamısı istilik elektrik stansiyalarında istehsal olunur ki, bunun da yarısı İrandan idxal olunur. Yəni istehsal olunan elektriki ermənilər pulla almırlar. Aldıqları enerjinin sadəcə 3 kilovat saatını ödəyirlər. Bu fakt isə göstərir ki, Ermənistanın enerji bazarında İran faktoru daha güclüdür, nəinki Rusiya. İranda vur-tut 300 min erməni var, amma Təbriz neft emalı zavodundan bütün enerji Tehranla yanaşı, İrəvana axır. Ermənistanın yeməyi də, içməyi də fars dövlətindən gəlir. Hətta Rusiyanın Ermənistandakı hərbi bazaları da İrandan gətirilən enerji ilə işləyir. Sadəcə, torpaqlarımızın işğalı və onun arxasında Rusiya amilinin dayanması istər-istəməz Kremli hədəfə çevirir. Ancaq reallıq odur ki, ermənilərin enerjisindən tutmuş hər şeylərini İran təmin edir”.
Ekspert deyib ki, Ermənistanda iqtisadi vəziyyət acınacaqlı olduğu üçün kiçik hesab olunan bir sent artım ciddi etiraz və gərginlik yarada bilər: "Şübhəsiz ki, burda siyasi faktorlar da mühüm rol oynayır. Amma bir şeyi vurğulamaq lazımdır ki, Ermənistan elitası, elə xalqın özü də heç vaxt Rusiyaya arxa çevirməz. Çünki ermənilər dövlətlərinin qurulmasına və ayaqda durmasına görə, Moskvaya borcludur. Deyirlər ki, Ermənistan öz iqtisadiyyatını Rusiyanın əlinə verib. Ermənistan iqtisadiyyatını Rusiyanın əlinə versə də, verməsə də, onsuz da İrəvan Moskvanı sümürür. Tək Rusiyanı deyil, ermənilər dünyadakı bütün ölkələri istismar edirlər. Ermənilər üçün öz dövlətləri ancaq dağdan və daşdan ibarət bir ərazidir. Onların əsas məqsədi Rusiyada bütün maliyyə strukturlarına sahib olmaqdır”.
İ.Şaban bəyan edib ki, şirkətin qiymət artımında iqtisadi əsas olmaya bilər. Ancaq həmin şirkət birbaşa Rusiyaya bağlıdır: "Rusiyadakı gərgin iqtisadi vəziyyət, rublun çökməsi, sanksiyalar ölkə iqtisadiyyatını ötən illə müqayisədə bərbad duruma salıb. Təkcə "Qazprom”un deyil, bütün şirkətlərin gəliri 50 faizdən aşağı düşüb. Rusiyanın ən böyük şirkəti bu il Avropa şirkətləri arasında heç ilk yüzlüyə daxil ola bilməyib. Halbuki əvvəllər rus şirkətləri 30-cu yerdə dayanırdı. Görünür, rus şirkətləri bir sentlə də olsa, nəyəsə nail olmağa çalışırlar. Təbii ki, bu cür etirazlardan sonra nələr olacağını zaman göstərəcək. Mən hesab etmirəm ki, Rusiya şirkəti və Ermənistan hökuməti verdiyi qərardan, atdıqları imzadan geri çəkilsinlər. Fikrimcə, erməni hökuməti Rusiyanın ayırdığı 200 milyon dollarla aztəminatlı əhalisinin başını qatmağa çalışacaq”.
İsmayıl