Ermənistanda gərginlik pik həddinə çatıb

Aydın Mirzəzadə: “Ohanyanın məsuliyyəti Azərbaycanın üzərinə atması heç də təsadüfi deyil”




Ermənistanın müdafiə naziri Seyran Ohanyan Qarabağda vəziyyətin gərginləşə biləcəyi haqqında açıqlama verib. Erməni nazir Azərbaycanın cəbhə bölgəsində tezliklə hərbi əməliyyatlara başlayacağını iddia edib. Ölkə ictimaiyyətini inandırmağa çalışan Ohanyan deyib ki, Avropa Oyunlarını başa vuran Azərbaycan sərhəd ərazilərdə və Qarabağda vəziyyəti kəskinləşdirəcək.

Hətta Ermənistan tərəfi ölkə ictimaiyyətinə cəbhə xəttində döyüşlərin getdiyi və itkilərin olduğu barədə dezinformasiyalar ötürüb. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan tərəfinin bu iddialarına sərt reaksiya verərək məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib. XİN-dən verilən açıqlamaya görə, hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən İrəvanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır: "Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimizdə heç bir itki yoxdur”. Məsələ ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə də deyib ki, erməni hökuməti özünə qarşı olan kütləvi etirazları neytrallaşdırmaq üçün ictimaiyyətin diqqətini başqa tərəflərə yönəltməyə çalışır: "Bu gün Ermənistanda sosial gərginlik pik həddə çatıb. Əhali yaşayış durumundan olduqca narazıdır, hətta o vəziyyətdədir ki, elektrik enerjisinin Azərbaycan pulu ilə qəpik yarım qalxmasına belə tap gətirə bilmir. Sarkisyan hakimiyyəti havadan asılı vəziyyətdədir. Xırda bir təkan onu vəzifəsindən məhrum edə bilər. Buna görə də məqsədli şəkildə əhalinin diqqətini başqa istiqamətə yönəltməyə çalışırlar. Amma iş burasındadır ki, Ermənistan cəmiyyəti bu hakimiyyətdən kifayət qədər cana doyub. Əhali ağır vəziyyətdə yaşayır, hər hansı yenilik yoxdur. Eyni zamanda zorla işğal edilmiş zonalarda hərbi qulluğa aparılan erməni əsgərlər oradakı dözülməz şəraitdən və daxili çəkişmələrdən ölürlər. Bu baxımdan Ohanyanın məsuliyyəti Azərbaycanın üzərinə atması heç də təsadüfi deyil. Amma nazirin bəyanatı Ermənistanın özündə istehza ilə qarşılanıb. Çünki erməni əhalisi indiki rəhbərliyə inanmır və onun təcavüzkar siyasətinin qurbanı olmaq istəmir”.

İsmayıl