Ermənistanda iğtişaşlar davam edir

Fikrət Sadıqov: “Aksiyalar uzun müddət davam edərsə, hakimiyyət dəyişə bilər”
Mübariz Əhmədoğlu: “Nə Rusiya, nə də Amerika separatçı ölkəni irəliyə apara bilməz”


Ermənistanı növbəti kütləvi etiraz aksiyası ağuşuna alıb. Nümayişə elektrik enerjisinin qiymətinin artırılması səbəb olub. "Talana son” şüarı ilə baş tutan genişmiqyaslı mitinqlər hələ də davam etməkdədir. Ermənistan prezidenti Serj Sarkisyan 3-4 fəal nümayişçini qəbul etməyə hazır olduğunu bildirsə də, onlar bu təklifi rədd ediblər. Azadlıq meydanına yığışaraq hökumətin istefasını tələb ediblər.

Aksiyada xeyli saxlanılan var

Ermənistan polisi İrəvanın Baqramyan prospektindəki oturaq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırılması məqsədilə əməliyyat keçirib. Nəticədə polislə aksiya iştirakçıları arasında gərginlik yaranıb. Güc strukturlarının vəhşicəsinə müdaxiləsi nəticəsində 237 nəfər etirazçı

saxlanılıb. Bu barədə sözügedən ölkə KİV-i xəbər yayıb. Məlumata görə, həmin şəxslərə qarşı cinayət işi açılacaq və onların bir hissəsi xuliqanlıq maddəsi ilə ittiham ediləcək.

18 nəfər xəsarət alıb

Nümayişin dağıdılması zamanı 18 nəfər xəsarət alıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. İddialara görə, qarşıdurmada yaralanan 7 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. 11 polis əməkdaşının da müxtəlif xəsarətlər aldığı bildirilir.

Aksiyada saxlanılanlara həmrəylik nümayiş etdirən Erməni Milli Konqresi fraksiyası parlamentin iclas zalını tərk edib. Fraksiyanın katibi Aram Manukyan, deputatlar Stepan Demirçyan, Qaqik Djanqiryan, Lyudmila Sərkisyan bir-birinin ardınca zaldan çıxıblar.

Sarkisyan devrilə bilər

Separatçı ölkədəki durumu şərh edən politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında qeyd edib ki, Ermənistan cəmiyyəti çox çətin duruma düşüb: "Bir tərəfdən Azərbaycanın işğaldakı torpaqlarının gec-tez azad olunacağı qorxusu, digər tərəfdən sosial-iqtisadi problemlər belə bir nəticəyə gətirib çıxarıb. Şübhəsiz ki, bu toqquşmalar S.Sarkisyanın nüfuzuna, imicinə böyük zərbədir. Proqnozlar kifayət qədər mənfidir. Əldə etdiyim məlumata görə, etiraz dalğası Ermənistanın digər şəhərlərini də bürüyüb. Bütün aksiyalar şəxsən dövlət başçısına qarşı yönəlib. Camaat küçələrdə müxtəlif şüarlar səsləndirir. Aksiyalar uzun müddət davam edərsə, hakimiyyət dəyişə bilər”.

Beynəlxalq təşkilatlar susur

"Aksiyalarda saxlanılan və yaralananlara dair beynəlxalq təşkilatlar niyə bəyanat səsləndirmir” sualına gəlincə, müsahibimiz söyləyib ki, onların siyasi ikiüzlüyünə artıq bələdik: "Həmin qurumların Azərbaycanla bağlı müəyyən ssenariləri mövcuddur. Amma onlar həmişə Ermənistanı müdafiə edirlər. Bu siyasət davam edir. Hətta ABŞ dövlət departamenti və Avropa Birliyinin nümayəndələri də ağızlarına su alıb, otururlar. Düzdür, hansısa bəyanatlar səsləndirə bilərlər. Lakin bu bəyanatlar gecikmiş olacaq və ciddi xarakter daşımayacaq. Onların ikili standartlardan çıxış etməsi bizi artıq təəccübləndirə bilməz. Çünki biz dəfələrlə belə halların şahidi olmuşuq. Demokratiya və insan haqlarından dəm vuran beynəlxalq təşkilatlar öz mövqeyində qalacaq. İşğalçı ölkəyə yaxın dövlət kimi güzəştli bir münasibət sərgiləyəcəklər”.

Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətdən asılıdır

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Ermənistanı xəstə təfəkkürlü insanlar idarə edir: "Həmin adamlar da elə anlayır ki, iqtisadiyyat və siyasətin qanunları onların istəyi ilə tənzimlənməlidir. Amma bu iki sahənin öz ayrı qanunları var. Ermənistan işğalçı ölkədir. Bu ölkə Azərbaycanın torpaqlarını işğal edib. Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri yoxdur. Baxın, indiki halda dörd qonşusunun 4-ü ilə də normal münasibətdə olan dövlətlər çətin yaşayır. Ermənistanın da 4 qonşusu var. Onlardan ikisi ilə müharibə, ikisi ilə isə yarımmüharibə vəziyyətindədir. Ona görə də sözügedən ölkədə baş qaldıran etirazlar təsadüfi sayılmamalıdır”.

Ekspertin sözlərinə görə, İrəvan işğalçılığından əl çəksə idi, Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığa gedə bilərdi: "Bu halda Ermənistada sosial-iqtisadi vəziyyət yaxşılaşardı. İndi baş verənlər Ermənistan rəhbərliyinin apardığı yarıtmaz siyasətin məntiqi nəticəsidir”.

Amerika ermənilərə dəstək verir

Politoloqun qənaətincə, Amerikadakı erməni millətçiləri də İrəvəndakı xəstə ermənilərin dediyi ilə oturub durur: "Baxın, Amerika ermənilərə dəstək verir. Deyir ki, Ermənistan demokratik ölkədir. Budu sənin demokratiyan? 237 nəfər haqq-ədalət tələb edən etirazçı qanunsuz olaraq saxlanılıb, 18 nəfər ağır yaralanıb. Nə qədər ki, Ermənistan region dövlətləri ilə iqtisadi münasibətdə deyil, belə qarşıdurmalar davamlı hal alacaq.Onların vəziyyəti daha da pisləşəcək. Nə Rusiya, nə də Amerika separatçı ölkəni irəliyə apara bilməz. Rəsmi İrəvan müsbət dəyişikliklərə nail olmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır. Bunun üçün də Ermənistan işğalçılığından əl çəkməlidir. Nə qədər ki, təcavüzkar planlarından əl çəkməyəcək, bu ölkədə çaxnaşmalar davam edəcək”.

Ayyət Əhməd