"Ermənistanda iqtisadi və siyasi böhran səngiyən deyil” - Aclıq, səfalət və anarxiya






"Ermənistana indiyə qədər rəhbərlik edən Sarkisyan-Koçaryan cütlüyü özlərini cəmiyyətə Birinci Qarabağ Müharibəsinin qalibləri kimi təqdim edib, populyarlaşıb, hakimiyyətə gəliblər”.

Bunu "Sherg.az”a millət vəkili Tahir Kərimli Ermənistanda Sarkisyan-Koçaryan cütlüyünün formalaşdırdığı quldur rejimin təkcə Azərbaycan xalqına qarşı deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törətməsindən danışarkən bildirib. 

Onun sözlərinə görə, ermənilər ölkənin milli gəlirinin 70-80 faizinin hərbi xunta tərəfindən mənimsənildiyini anlayıb:

"İndiyə qədər erməni xalqı xaricdə yaşayan qohumlarının göndərdiyi vəsaitlə dolanıblar. Onların öz qazancı Sarkisyan-Koçaryan rejiminin cibinə gedib.

Ermənistanda insanların beyninə yeridilən "Böyük Ermənistan” iddiaları onların ideologiyasına hakim kəsilib. Ancaq Ermənistanda dərk edirlər ki, onların özlərini belə cəfəngiyatlarla aldatması cinayətkar rejimin yalançı təbliğatının nəticəsidir. Ermənistanın iqtisadiyyatı çökür, 90 milyonluq Türkiyə və Azərbaycan bazarı əlindən çıxıb, hətta İran da müəyyən qədər Azərbaycanı nəzərə alıb, Ermənistanla ticarət əlaqələrini məhdudlaşdırır. Erməni xalqının iqtisadi səfalətinin, dövlət idarəçiliyindəki anarxiyanın kökündə "Böyük Ermənistan” planının şüurlarına hakim olması dayanır.

Dağlıq Qarabağı - Azərbaycanın ərazisini işğal etmək erməniləri çıxılmaz vəziyyətə salıb. Bu Ermənistan cəmiyyətində getdikcə daha çox dərk edilir. Nikol Paşinyan qondarma Dağlıq Qarabağda hakimiyyətdə olanların Serj Sarkisyanın əlaltıları olduğunu bilir. Ona görə, baş nazir "DQR”də hakimiyyət dəyişikliyinin olmasında maraqlıdır. 

Bu məqamlar isə Dağlıq Qarabağda yaşayan ermənilərdə bir qədər ümid yaradıb. Onlar hər zaman türklərin –Azərbaycanın və Osmanlının hakimiyyəti altında daha yaxşı yaşadıqlarını söyləyiblər. Hətta ötən əsrin 20-ci illərində Dağlıq Qarabağda referendum keçiriləndə, əhali Azərbaycanın tərkibində olmağa səs verib. Bu fikirlərin güclənməsi öz nəticələrini verəcək.

Nikol Paşinyan Qarabağ məsələsində Rusiya amilini və Serj Sarkisyanın hakimiyyətdə qalan komanda üzvlərini nəzərə almağa məcburdur. Ona görə, baş nazir müəyyən manevrlər edir. Halbuki artıq Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətdədir, düşmən ölkədə iqtisadi durum düzəlməyəcək və siyasi gərginlik səngiyən deyil”.

Qeyd edək ki, 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləboran edilməsi və nəticədə 10 nəfərin qətlə yetirilməsi bilavasitə R.Koçaryanın öz xalqına qarşı cinayətidir.
Koçaryan-Sarkisyan cütlüyü bu illər ərzində Ermənistanda qanunsuzluğun hökm sürməsi, insan haqlarının kobud pozulması, iqtisadiyyatın hakim Qarabağ klanı tərəfindən mənimsənilməsi, Ermənistanda sosial və iqtisadi durumun acınacaqlı vəziyyətə düşməsi, insanların bu ölkədən baş götürüb getməsinə görə birbaşa məsuliyyət daşıyır.

Aysel Aslan