"Ermənistanda kimin hakimiyyətdə olması Azərbaycanı maraqlandırmır" - Deputat





"Ermənistanda siyasətin deyil, yalnız fiqurları dəyişməsi nəticələrə heç bir təsir etməyəcək”.

Bunu "Sherg.az”a Prezident İlham Əliyevin Ermənistanın yeni rəhbərliyi barədə fikirlərinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə söyləyib.

 O vurğulayıb ki, Nikol Paşinyan seçki ilə deyil, təzyiq sayəsində hakimiyyətə gəldi:

"Cəmiyyət Serj Sarkisyanın apardığı siyasətin acı nəticələrinə artıq dözmək istəmirdi. İqtisadi böhran yaşanırdı və insanların sosial vəziyyəti ağır idi. Bu məqamda yeni simalarla yeni siyasətin aparılması gündəmə gəldi. Nəticədə, vəziyyətdən istifadə edən N.Paşinyan hakimiyyəti ələ keçirdi. Ermənistan baş nazirinin Dağlıq Qarabağ siyasəti Serj Sarkisyanınkından fərqlənmir. 

Deməli, Ermənistandakı vəziyyət pisləşməkdə davam edəcək. Müəyyən müddətdən sonra yenidən hakimiyyət dəyişikliyi ola bilər. Düşmən ölkədə kimin hakimiyyətdə olması Azərbaycanı maraqlandırmır. Bizi düşündürən problem Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasıdır. Bu gün çökmüş iqtisadiyyat, zəif silahlı qüvvələrlə, beynəlxalq cəmiyyətdən təcrid olunmuş vəziyyətlə Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlaya bilməz. Azərbaycan isə problemi həll etmək əzmindədir. Ona görə, Ermənistan Azərbaycan tərəfindən ciddi addımların atılmasını gözləməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev dünən Müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində çıxışı zamanı Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına ümid etdiyini söyləyib:

"Ümidvaram ki, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

Aysel Aslan