Ermənistanda qan tökülə bilər
Ölkədə “məxməri inqilab” elan edildi
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri seçilib. Səsvermə Ermənistan parlamentində keçirilən xüsusi iclas zamanı baş tutub. Açıq səsvermə zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. Ermənistanda baş nazir postuna səsvermə kütləvi etirazlar fonunda keçirilib. Ümumiyyətlə, bir həftədir ki, parlamentin üzvü, "Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyanın rəhbərliyi ilə etiraz aksiyaları keçirilir. Kütləvi etirazlarda yüz minlərlə insan iştirak edir.
İrəvan polisinin rəis müavini Valeri Osipyan Nikol Paşinyana İrəvanda keçirilən kütləvi aksiyaların dayandırılması barədə qərarı təqdim edib. Paşinyan isə ona təqdim edilən qərarı hər kəsin gözü qarşısında cıraraq yerə atıb. Paşinyan öz tərəfdarlarına polisin əlinə keçməmək üçün necə etmək barədə təlim də verib. O, tərəfdarlarını kütləvi tətillərə başlamağa səsləyib: "Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayın. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.
Küçələrə tank və başqa zirehli texnika yeridilib
İrəvanda baş tutan aksiyalarda polislə ciddi toqquşmalar qeydə alınıb. Nəticədə onlarla adam yaralanıb. Yaralananlar arasında Paşinyan da yer alıb. Aksiyalarda 30 nəfər aktivist saxlanılıb. Abovyan, Koryun, Teryan və başqa mərkəz küçələr etirazçılar tərəfindən bloklanıb. Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib, digər küçələr isə tikanlı məftillərlə bağlanıb. Aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri, döyüş maşınları, suvuran avtomobillər yerləşdirilib. Buna cavab olaraq Paşinyan tərəfdarlarına bütün ölkə üzrə, müxtəlif şəhər və qəsəbələrdə aksiyaya başlamaq üçün çağırış edib.
Yerevanın mərkəzində mitinq keçirilir
Ermənistan paytaxtı Yerevanın mərkəzindəki Respublika meydanında müxalifət mitinq keçirir. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, mitinqin "Mənim addımım” təşəbbüs qrupu tərəfindən təşkil edilib.
Qeyd edək ki, bundan əvvəl sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.
"İndiki etirazlar əvvəlkilərdən fərqlənir”
Düşmən ölkədəki prosesləri dəyərləndirən ekspertlər hesab edir ki, İrəvanda 2008-ci ilin ssenarisi təkrarlana bilər. Həmin ilin martında hakimiyyətə gələn Sarkisyan ona qarşı etiraz aksiyası keçirən vətəndaşlara atəş əmri vermiş, onlarla insan ölmüşdü. Bu barədə "Şərq”ə danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, budəfəki etiraz aksiyaları əvvəlki mitinqlərdən bir neçə amilə görə fərqlənir. Onun sözlərinə görə, indiki aksiya 2008-ci il 1 mart qırğınlarının davamıdır: "Həmin ildə indiki kimi Serj Sarkisyan barrikadanın bir tərəfində, Nikol Paşinyan isə digər tərəfində idi. 2008-ci ildə mitinq iştirakçılarına atəş açılması əmrini məhz Sarkisyan vermişdi. O zaman mitinqi polis dağıtmadı, Qarabağdan gətirilən erməni əsgərlər insanları darmadağın etdilər. Ordunu təlimatlandırmışdılar ki, İrəvanda qarşılarına çıxanı əzsinlər”.
"Aksiyalara maliyyə dəstəyini Amerika səfirliyi verir”
Ekspert bildirib ki, indiki mitinq hazırlıq səviyyəsinə, planlaşdırılmasına görə mükəmməldir: "Nikol Paşinyan etiraz aksiyalarını hər kiçik detalına kimi incəliklə planlayıb. Kilometrlərlə qət edilən yol, İrəvana giriş və eyni formalı çadırlar, səsləndirilən şüarlar, bütün bunlar hamısı əvvəlcədən hazırlanmış məqamlardır.
Paşinyanın rəhbərlik etdiyi etirazların arxasında erməni diasporası dayanır. Xatırladım ki, Serj Sarkisyanla mitinq meydanında publik şəkildə görüşən ilk şəxs İrs Partiyasının rəhbəri Raffi Ovanisyan olub. O, Ermənistanın ilk xarici işlər naziri olub. Hazırda isə ABŞ vətəndaşıdır. Raffi Ovanisyana və hətta ona qədərki etirazlara Amerika səfirliyi dəstək verib. Hesab edirəm ki, Paşinyanın aksiyalarına erməni diasporası ilə yanaşı, Vaşinqton da maliyyə dəstəyi verir”.
"Hadisələr qana doğru gedir”
Analitik bəyan edib ki, Sarkisyanın baş nazir olacağına heç kim şübhə etmirdi: "Bəs bundan sonra nə olacaq? Hazırda hamı üçün ən maraqlı məsələ budur. Bəllidir ki, artıq Paşinyan Ermənistanda məxməri inqilab elan etdi. Paşinyanın minimal məqsədi 2008-ci ildə qanla hakimiyyətə gələn Serj Sarkisyanın 2018-ci ildə öz hakimiyyətini yenə də qanla davam etdirdiyini sübut etməkdir. Hadisələr qana doğru gedir. İndi tökülən qan heç də 2008-ci ildəkindən az olmayacaq.
Məxməri inqilab uzun müddət davam edəcək və Serj Sarkisyan sıxışdırılacaq. Əgər Sarkisyan Rusiyanın mövqeyini ölkədə daha çox hiss etdirsə, Paşinyan da öz mitinqlərini gücləndirəcək. Ancaq mənim fikrim odur ki, yaxın müddətdə Rusiya KTMT-nin əli ilə İrəvana müdaxilə edə bilər”.
"Ermənistanda proseslər yığılır, uzun müddət davam edən özbaşınalıqlar özünü etiraz aksiyaları ilə büruzə verir”. Bunu isə "Sherg.az”a millət vəkili, siaysi elmlər doktoru Elman Nəsirov söyləyib. Onun sözlərinə görə, Ermənistan sistemli şəkildə böhran yaşayır: "Düşmən cəmiyyətdə həm siyasi, həm iqtisadi, həm də hərbi gərginlik müşahidə olunmaqdadır. Hazırda siyasi böhranın pik nöqtəsinə çatdığının şahidi oluruq. Serj Sarkisyan hakimiyyəti öz əlində saxlamaq üçün müxtəlif üsullara əl atır. Etirazların səbəbi də erməni xalqının keçmiş prezidenti baş nazir kürsüsündə görmək istəməməsidir. Ermənilərin etirazlarının səbəbi anlaşılandır. Çünki 10 il müddətində bu şəxsin prezidentliyi ölkə üçün yaxşı heç nə vəd etmədi. Əksinə ölkənin hansı bərbad vəziyyətə çatdığını, erməni əhalisinin dilənçi kimi yaşadığını görürlər. Serj Sarkisyanın prezidentlik müddətində Ermənistanın "uğurları” iqtisadi tənəzzül, ölkənin beynəlxalq layihələrdən təcrid olunması, ermənilərin ölkədən çıxıb getməsi, əhalinin yoxsulluq səviyyəsinin pik vəziyyətə çatmasıdır”. 10 il bundan əvvəl Ermənistanın xarici borcunun iki milyard dollar olduğunu xatırladan E. Nəsirov qeyd edib ki, Sarkisyanın prezidentliyi dövründə bu borc 7 milyard dollara çatıb: "Bu qədər borcun ödənişi isə erməni xalqının üzərinə düşür. Əhalinin sabaha ümidi qalmayıb. Serj Sarkisyan ölkəni baş nazir statusunda idarə edəcək. Bu o deməkdir ki, xalqın vəziyyəti pisləşəcək, ölkənin böhranı dərinləşəcək, tənəzzül prosesi daha da güclənəcək. Xalq artıq əziyyət çəkmək istəmir. Etirazlar dərinləşərsə, Sarkisyan 2008-ci ildə olduğu kimi öz xalqını gülləbaran edə bilər. Bu, baş verərsə, Ermənistanı ciddi fəlakət gözləyir”.
İsmayıl