"Ermənistanın daxili bazarı Rusiyanın nəzarətinə keçir"




Ermənistan onsuzda Rusiyanın bir parçası kimi sayılır. Milli valyuta ilə ticarətdən sonra isə onun iqtisadiyyatı demək olar ki, Rusiya iqtisadiyyatının bir qoluna çevriləcək”.

Bunu Sherg.az-a Ermənistan və Rusiya arasında ticarət dövriyyəsində milli valyutadan istifadə olunması haqqında danışarkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, bu baş tutacağı təqdirdə Ermənistanın bütün əsas sahələri daha da Rusiyanın əlində cəmləşəcək:

"Həm Ermənistan, həm Rusiya tərəfindən göstərilir ki, ermənilərin əsas aparıcı müəssisələri rəsmi Moskvaya məxsusdur. İkitərəfli münasibətlər, ticarət mübadiləsi rubl və ya erməni dramla həyata keçiriləcəksə, bu, o deməkdir ki, Ermənistanın daxili bazarı Rusiyanın nəzarətinə keçir. Çünki bu münasibətlərdə əsas valyuta rolunu dram yox, məhz rubl oynayacaq. Çünki əsas aktivlər bu ölkənin əlindədir. Ermənistan iki-üç əsas ixrac malları çıxmaq şərtilə qalanlarını Rusiyadan alır. Yəni Ermənistanın iqtisadiyyatı üçün rubl tələbatı artır. Rusiya ilə münasibətlər quran iqtisadi obyektlərə rubl lazım olacaq. 

Dram heç kəsə lazım deyil. Rusiyanın iqtisadi subyektləri üçün dram lazım olacaq, amma cüzi miqdarda. Ermənistan üçün əsas idxal malları Rusiyadan gəlir. Ona görə deyirəm ki, rubl daha böyük rol oynayacaq. Belə vəziyyətdə dramın heçə endirilir. Bu, Ermənistanla münasibət saxlayan digər ölkələr üçün mesajdır. Rusiya Ermənistanın iqtisadiyyatını tam nəzarətinə keçirsə, onda Fransanın investorlarının, digər ölkələrin şirkətlərinin burada nə işi var? Bir müddət əvvəl S.Sarkisyan Fransaya səfər edib, investorları Ermənistana çağırıb. Amma real prosesləri izləyən ağıllı investorlar anlayır ki, proseslər daha çox Rusiya tərəfindən idarə olunur. Ona görə, investorlar əslində belə prosesləri görərək bu ölkədən qaçacaqlar”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimr Putin Ermənistanla ticarət əlaqələrində milli valyutadan istifadə edilməsinin nəzərdə tutulduğunu deyib.

Aysel Aslan