Ermənistanın siyasi elitası depressiyadadır

Lavrovun bağlı qapılar arxasındakı danışıqları gərginliyi daha da artıracaq



"Lavrovun İrəvanda verdiyi açıqlamalar Ermənistanda artan anti-Rusiya ovqatını yumşaltmaq üçündür. Bu açıqlamaların böyük bir qismini təbii saymaq və ciddiyə almamaq lazımdır”. Bu barədə "Şərq”ə jurnalist, siyasi icmalçı Taleh Şahsuvarlı bildirib. Onun sözlərinə görə, məsələnin kökünə varmaq üçün Ermənistanda anti-Rusiya ovqatının niyə güclənməsi, Lavrovun İrəvana gəldiyi günlərdə Kreml əleyhinə nədən aksiyalar keçirilməsi kimi suallara cavab tapmaq lazımdır:

"İş ondadır ki, yaxın aylarda Ukrayna və Gürcüstan NATO ilə asossiativ saziş imzalayacaq. O da məlumdur ki, NATO dövləti olan Türkiyə ilə də Rusiyanın münasibətləri gərgindir. Bu sazişdən sonra NATO faktiki olaraq Qara dənizdə hakim mövqe əldə edəcək və Rusiyanı sıxışdıracaq. Vəziyyət bu şəkil aldığından Rusiyanın Azərbaycana marağı istər-istəməz artıb. Çünki Azərbaycan həm Türkiyə ilə yaxın müttəfiqdir, həm də GUAM formatında açar dövlətdir. İqtisadi, siyasi, hərbi gücümüzə görə heç bir halda Ermənistanla müqayisə oluna bilmərik, qat-qat üstünük. Azərbaycanın yerləşdiyi geopolitik bölgənin əhəmiyyətini də nəzərə alanda Rusiyada Ermənistanı qurban verməyə meyl yaranır”.

Ekspertin qənaətincə, hazırda həm Ermənistanın siyasi elitası, həm də ekspert dairələri çox ciddi depressiya içindədir və Lavrovun bağlı qapılar arxasındakı danışıqları bu depressiyasını daha da gücləndirəcək kimi görünür: "Azərbaycan ordusu aprelin əvvəlində çox peşəkar səviyyədə dörd günlük əks-həmlə əməliyyatları apardı. Bu əməliyyatlar Ermənistandakı "patriotik pafosu” darmadağın etdi, Sarkisyan rejiminin, obrazlı desək, dişini çəkdi. Ermənistan başa düşdü ki, Azərbaycan təkcə iqtisadi yox, həmçinin diplomatik baxımdan onu təcrid edib, hərbi bazalarına güvəndiyi, for-postu olduqları Rusiya üçün də əhəmiyyətlərini itiriblər. İndi "Dörd günlük savaş” informasiya müstəvisində və diplomatik masalarda davam edir, Ermənistan hər baxımdan nokaut vəziyyətdədir”.

Ermənistanın Rusiyanın for-postu olduğunu söyləyən icmalçı bildirib ki, Rusiya istədiyi an, istədiyi şəkildə onunla danışa, hara istəsə yönləndirə bilir: "Ermənistanın siyasi elitasında bu günə qədər heç bir qüvvə Rusiyanın qorxusundan Qarabağla bağlı "güzəştsiz” mövqe tutacağını bəyan edə bilməyib. Bunun qarşılığında Paruyr Ayrikyan Rusiyanı "əclaf” adlandırıb. Bu həmin Ayrikyandır ki, dəfələrlə prezidentliyə namizəd olub və 2013-cü ildə çiynindən güllələnib. Əgər Ayrikyan və ya başqa biriləri prosesləri fərqli yönə çəkmək istəyərsə, keçən dəfə çiyninə dəyən güllənin bu dəfə alnına açılacağı istisna deyil - Ermənistan demokratik dövlət olmadığından orada siyasi münasibətlərin silah, terror vasitəsi ilə çözüldüyü kimsəyə sirr deyil. Eyni zamanda Ayrikyan İrəvan ermənilərinin təmsilçisidir və onunla "Qarabağ klanı” arasında, belə demək olarsa, zümrəvi düşmənçilik var”.

T.Şahsuvarlı Sarkisyanın Xankəndinə baş tutan səfərinə də toxunub: "Bu səfər əvvəlkilərdən çox fərqlənirdi. Depressiyaya uğramış Sarkisyanın aprelin əvvəlində məğlub edilmiş hərbi

birləşmənin zabitlərinə və əsgərlərinə təsəlli medalları verməsi effektsiz gedişlər idi. Sarkisyan Xankəndinə hərbi xuntanın müdafiə gücünü hesablamağa gəlmişdi və Qarabağdan son dərəcə məyus qayıdıb. Çünki əsl gerçəkliyi başa düşmək zorunda qaldı. Gerçəklik isə budur ki, ermənilərin istehkam-müdafiə səngərləri ilə bağlı inandığı miflər apreldə dağıldı. Azərbaycan ordusunun peşəkar şəxsi heyətinin, müasir silahlarının və qələbə əzminin qarşısında yesir, qida və texniki vasitələr baxımından qıtlıq çəkən erməni əsgərləri səngərlərdən qaçmağa məhkumdur. Təsəvvür edin ki, erməni əsgərləri Qarabağda adi binokllarla belə təmin oluna bilmir. Fikir verin, Ermənistanda 2014-cü illə müqayisədə 2015-ci ildə hərbi xərclər 4,2 dəfə, polisin xərcləri 13.7 dəfə artıb. Bu o deməkdir ki, son zamanlara qədər hərbi xuntaya güvənən Sarkisyan son illərdə polisə etimad göstərir, ordu arxa plana keçib. Bu həm də o deməkdir ki, Ermənistanda Qarabağ erməniləri ilə "yerli”lər arasında qarşıdurma hər an kütləvi iğtişaşlara səbəb ola blər. Çünki polisdə daha çox "Qarabağ klanı”nın nümayəndələri təmsil olunur ki, onlara daha çox vəsait ayırmaqla yerli ermənilərin ağzı-burnu əzilir”.

"Bəs, Azərbaycanın diplomatik mövqeyi necə olacaq” sualına gəlincə, müsahibimiz deyib ki, Azərbaycanın xarici siyasəti "balanslı” deyil, çevik, rasional və ləyaqətli xarici siyasətdir: "Ermənistandan fərqli olaraq Azərbaycan tam müstəqil dövlətdir, heç kimdən asılı deyil. Odur ki, heç bir beynəlxalq güc Azərbaycanla təzyiq üslubunda danışa bilmir, danışa bilməz. Açıq görünür ki, Rusiya Qarabağ danışıqlarında təşəbbüsü ələ alıb, Minsk Qrupunun digər üzvləri arxa plandadır. Bu vəziyyətdə Azərbaycan maksimum çalışmalıdır ki, müstəqilliyinə xələl gətirmədən Rusiyanı Ermənistanı himayə etməkdən birdəfəlik çəkindirsin, ərazi bütövlüyümüzün bərpasına nail olsun. Bunun üçün zərurət və tarixi şərtlər mövcuddur”.

Ayyət