Ərzağımız bol olacaq

Xaricdən gətirilib, büdcə təşkilatlarına satılan keyfiyyətsiz məhsulların qarşısı alınacaq
“Bu hesabla ölkədən daha az valyuta çıxarılacaq. İstehsalçı isə artıq məhsulunun alınacağını əvvəlcədən bilib, onu yüksək səviyyədə becərməyə çalışacaq”


Respublikada ərzaq təhlükəsizliyinin təmin olunması digər sahələr kimi prioritet hesab edilib və bu məqsədlə zaman-zaman müəyyən tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev də həmişə bu məsələni diqqətdə saxlayıb. Dövlət başçısı keçirilən görüşlərdə, iqtisadi sahəyə aid olan toplantı və iclaslarda ərzaq təhlükəsizliyi məsələsinin təmin olunmasının vacibliyini vurğulayıb.

Elə bu günlərdə Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında da dövlət başçısı bu məsələyə xüsusi olaraq toxunub. Prezident deyib ki, ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olub və bu gün də prioritetdir: "Bu, imkan verir ki, özümüzü yerli məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik”. Artıq bu istiqamətdə ciddi addımların atıldığını da müşahidə etməkdəyik. Hər halda bu günlərdə Prezidentin "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalaması belə deməyə əsas verir. Bəs görəsən, "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması nə vəd edir? Ümumiyyətlə, yeni yaradılan Səhmdar Cəmiyyətin başlıca vəzifələri nədən ibarət olacaq. Məsələ ilə bağlı danışan "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov indiki halda belə bir qurumun yaradılmasını təqdirəlayiq adlandırıb: "Bu həm də onu deməyə əsas verir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində hökumət üzərinə düşən vəzifələri icra edir və bu proses davamlı xarakter daşıyır. Yeni yaradılan "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədi ərzaq məhsullarını istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Hesab edirəm ki, bu qərar ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını kifayət qədər stimullaşdıra biləcək. Nəticə etibarilə, ölkədə məhsul bolluğunun yaradılmasına, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq”. F.Yusifovun sözlərinə görə, büdcə təşkilatlarının ərzaq məhsullarına olan tələbatının bu qaydada həyata keçirilməsi, bir tərəfdən bu məsələdə indiyə qədər mövcud olmuş pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, digər tərəfdən xaricdən gətirilərək büdcə təşkilatlarına satılan keyfiyyətsiz məhsulların qarşısı alınacaq: "Bu hesabla ölkədən daha az valyuta çıxarılacaq. İstehsalçı isə artıq məhsulunun alınacağını əvvəlcədən bilib, onu yüksək səviyyədə becərməyə çalışacaq. Bir sözlə, məlum qərar ərzaq təchizatı ilə bağlı bir çox problemlərin həllini təmin edəcək”.
İqtisadçı-ekspert Natiq Cəfərli də açıqlamasında deyib ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması müsbət addımdır: "Əvvəllər dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə təmin edilməsində yerli mallar prioritet deyildi. Həm xaricdən, həm də yerli məhsullar alınırdı. İndi isə bu ASC-nin vasitəsilə, ola bilər ki, tenderlərdə əsasən yerli məhsullara üstünlük verilsin. Bu da fermerlərə bir dəstək olar”. Ekspertin sözlərinə görə, sadəcə bunun mexanizmi çox dəqiq işlənib hazırlanmalıdır: "Əgər uzunmüddətli tədarük məsələsi gündəmdə olacaqsa, fermerlərlə uzunmüddətli müqavilələrin bağlanması daha məqsədəuyğun olardı. Məsələn, 3 illik, 5 illik müqavilələr ola bilər ki, fermerlər hesablarını apara bilsinlər. Bununla fermerlər öz hesablarını aparacaqlar ki, il ərzində gəlirləri nə qədər olacaq və əldə etdikləri gəlirlərin bir hissəsini yeni istehsal sahələrinin yaradılmasına, əkin sahələrinin genişləndirilməsinə, texnikanın alınmasına, modern üslubda kənd təsərrüfatı fəaliyyətinin aparılmasına sərf edə bilərlər”.

İsmayıl