"Əsas odur ki, özümü tanıyıram" - Fotolar

Arzum: "Kənardakı insanların fikri mənim üçün önəmli deyil""Azərbaycanda açıq yataq səhnəsində çəkilmək təklifi gəlsə, razı olmaram"
Son vaxtlar Azərbaycan kino sahəsində gənc simalar maraqlı aktyor imkanları ilə diqqət çəkir. Elə bu gənc aktrisanın da adına Azərbaycan seriallarında çox rast gəlirik. Söhbət gənc aktrisa Arzumdan gedir. «Şərq»in qonağı olan gənc aktrisanın maraqlı fikirlərini oxucularımızla bölüşürük.
- İxtisasca hüquqşünassız, Aviasiya Akademiyasının hüquq ixtisası üzrə oxuyan gənc xanım aktrisa olmağa qərar verir…
- Uşaqlıqdan incəsənətə böyük marağım olub. Atam da, anam da incəsənət adamıdır. Buna baxmayaraq atam heç vaxt razı olmayıb ki, mən incəsənət aləmində olum. Atamın arzularını nəzərə alaraq hüquq ixtisası üzrə təhsil almalı oldum. Özümün isə incəsənətə hər zaman sevgim olub.
- Bəs o gücü kimdən aldın ki, atanın qadağalarına baxmayaraq incəsənət sahəsində özünü sınamağa qərar verdin?
- Həyatımda olan bütün qərarlarımda hər zaman anam dəstəyim olub. Anam həm mənə mənəvi, həm də maddi dəstək verən insandı.
- Ananız Dəniz xanım özünün həyata keçirə bilmədiyi arzularını Arzumda tapmağa çalışıb?
- Elə demək olar. Anam incəsənətlə yaşayan insan olub. Atam da o sahədə fəaliyyət göstərib. Anam rəqqasə olub. Eyni zamanda şairə-bəstəkardı. Ailə qurduqdan sonra atam anamın rəqqasə kimi çalışmasına icazə verməyib. Ona görə də anam səhnəyə dəyər verdiyindən məni səhnədə görməyi arzulayıb.
- Bu sahədə bir xanımın səhnədə olması birmənalı qarşılanmır. Təpkiləri qəbul etmək çətin olmur?
- Əsas odur ki, mən özümü tanıyıram. Mənim ətrafımdakı insanlar mənim kim olduğumu bilir. İnsan ilk əvvəl özünü tanımalıdır. Kənardakı insanların fikirləri mənim üçün o qədər önəmli deyil. Mənim sənətimlə bağlı fikirləri təbii ki, önəm daşıyır, məni aktrisa kimi qəbul edirlərmi? Buna diqqət edirəm. Amma kimsə mənim barəmdə nə düşünür, o maraqlı deyil. Kimsə məni qəbul edə bilər, kimsə də qəbul etməz.
- Bu sahədə gənc aktrisa kimi fərqlənmək o qədər asan deyil. Axın çoxdu sənət aləminə, amma istedad və potensial hamıda olmur. Necə oldu seriallara dəvət aldın?
- İlk dəfə 17 yaşında «Pərvanələrin rəqsi» serialına dəvət aldım və çəkildim. Bu serial mənə uğur gətirdi. Kifayət qədər səs-küylü bir serial idi. Sevinirəm ki, bu serialda rejissor məni gördü. 12 yaşında ilk dəfə çəkilmişəm. Bundan əvvəl bir çox kliplərdə çəkilmişəm. Bu günə qədər yadımdadı. Anamla studiyaya getmişdim. Orda bir dağıstanlı müğənni var idi, məni gördü klipində çəkməyi təklif etdi. Mənə qədər bir çoxlarını göstəriblər, bəyənməyib. İlk dəfə onun klipində çəkildim. Sonra bir çox təkliflər oldu. Rejissorlar da gördü dəvət etdi.
- Son çəkildiyin serialda tamaşaçıların təpkisi ilə üzləşdin. Çılpaq çəkildiyin üçün qınayanlar oldu.
- Əslində tamaşaçıların o təpkisi mənə ağır gəlmədi. Çünki mən aktrisayam. Neylədiyimi bilirəm. Bu sahəyə gələndə bilirdim ki, qınayanlar olacaq. Yəni bunlara hazır idim.
- Küçədə, yolda gedərkən tanıyan olurmu? Tamaşaçı təpkisi ilə qarşılaşmısız? Son vaxtlar daha çox mənfi obrazlarda görünürsüz.
- «O gecə» serialında Ləman obrazını canlandırmışam. Mənfi obrazdı. Muradı sevgilisindən ayırıram. Sizə bu obrazla bağlı bir maraqlı hadisəni danışım. Butikə alış-veriş üçün getmişdim. Mağazaya daxil olduqdan az sonra bir qadın mənə yaxınlaşıb az qala məni öldürəcəkdi ki, sən Muradı niyə sevdiyindən ayırırsan? Başa salmağa çalışdım ki, bu obrazdı, mən aktrisayam. Amma ən çox Pakisə obrazı ilə tanınmağa başladım. O obrazla çox sevildim. "Ay.. Ay.. Ay" serialında baş rolda olduğum üçün daha çox diqqət çəkdim.
- Arzumun iddiası nə qədər böyükdü. Haraya qədər getmək istəyin var?
- Maraqlı sualdı. Haraya qədər getməyi düşünürəm. Hədəfim Hollivuddu. İstəklərim, hədəflərim çox böyükdü.
- Hədəflərinə Azərbaycan serialları ilə çatmaq nə qədər realdı. Türkiyədən təkliflər gəlsə orada fəaliyyətini davam etdirmək istəyin ola bilərmi?
- Artıq Türkiyədən bir neçə təklif almışam. Film üçün dəvət etmişdilər. Sadəcə burda həmin dönəmlər çəkilişlər olduğu üçün dəyərləndirə bilmədim. Müqaviləm var idi. Amma gələcəkdə maraqlı təkliflər olsa, təbii ki, türk kinolarında, seriallarında çəkilməyi düşünürəm. Nəinki türk filmlərində, Hollivud filmlərində özümü görürəm. İnanıram ki, məqsədimə çata bilərəm.
- Əgər yüksək bir qonorar təklif edilsə və sizi açıq yataq səhnəsində çəkmək istəsələr, Arzum razı olarmı?
- Azərbaycan reallığında bu mümkün deyil. Azərbaycandan təklif gəlsə razı olmaram, çünki sərt təpkilər olar. Ancaq Avropa ölkələrindən təklif gəlsə və mən ora yerləşsəm təbii ki, çəkilərəm.
- Axı Hollivud hədəfindisə qurban verməyi bacarmaq lazımdı.
- Əgər Amerikada çəkilmək imkanım olsa, orda yaşamaq şəraiti təklif edilsə, bəli razı olaram.
- Sevdiyin insan səni seçim qarşısında qoysa ailəni, sevgini seçərsən, ya karyera arxasınca gedərsən?
- Təbii ki, ailə vacibdi. Amma mən bir dəfə karyeramı sevgimə qurban vermişəm. 7 il bir insanı sevmişəm. Yeni-yeni addımlarımı atmağa başlayanda o mənim sənətdə olmağıma qarşı çıxdı. Sevgimi üstün tutub arzularımdan vaz keçdim. 7 ilimi o insana qurban verdim. 7 il sonra o başqa bir xanımla ailə qurdu. Daha o səhvi bir də təkrarlamaram.
- Həyatında «O gecə» deyib unuda bilməyəcəyin gün olub?
- Olub. O günü heç vaxt unutmaram. Sevdiyim insanın toy gecəsini unuda bilmərəm. O gecə mənim mənən öldüyüm gecə oldu. Mən sevdiyim insanın toy karvanını izləmişəm, o insanın "Vağzalı" sədaları altında toy məkanına getdiyinin şahidi olmuşam. Heç bir qadına bu hissi yaşamağı arzu etmirəm. Amma sonralar ayaq üstə dayanmağı öyrəndim.
- Sevgiyə inamın qalmayıb?
- Yox, inamım qalmayıb. Sevgiyə inamımı öldürdülər. Amma həyatdı. İnsan vurulduqca bərkiməyi öyrənir. Mən gənc, cavan olmağıma baxmayaraq həyatın çətinliklərini yaşayan biriyəm. Amma insanın həyatında ona dayaq olanlar varsa o yıxılsa belə ayağa qalxa bilir. Mənim həyatdakı dostum, dayağım anam olub.
- Qayıdaq yenidən sənətinlə bağlı suallarımıza. "Dönərçi" filmində çəkiliş zamanı zədə almısan, dublyordan imtina etmisən.
- Bəli, filmdə meşədə qaçarkən dərədən aşıram. O kadrları görəndə hiss olunur ki, mən özüm oynayıram. İnşallah filmin qala gecəsini gözləyirik. Tamaşaçı reaksiyasının necə olacağı mənim üçün maraqlıdır. Mənim üçün sənətimdə əldə edəcəyim hər bir uğur məni bir qədər də bərkidir.
Tahirə Məmmədqızı