"Ermənistanda valideyn komitələri yaranıb. Onlar övladlarının Azərbaycan torpaqlarında vuruşmasına qarşı çıxırlar. Başa düşürlər ki, istənilən hərbi toqquşmada balalarını itirəcəklər”.
Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Professorun sözlərinə görə, əsgər anaları Paşinyana məktublar göndəriblər:
"Paşinyan əvvəlki ölkə rəhbərliyini ordudakı xaos vəziyyətinə görə ciddi tənqid edir. Amma xeyli vaxt keçməsinə rəğmən özü də erməni ordusundakı özbaşınalığı, fərariliyi və ərzaq-geyim çatışmazlığını ortadan qaldıra bilmir. İndiki halda bu, mümkün də deyil. Baş nazir vədlərini yerinə yetirmək niyyətindədirsə, o halda sələflərinin yolu ilə getməməli, sağlam düşüncəli addım atmalı, işğal olunmuş torpaqlardan qoşunları geri çəkməlidir. Əks halda nəinki sadəcə cəbhə xəttində olan erməni əsgərlər məhv olacaq, eyni zamanda Paşinyan ölkə daxilində ciddi müqavimətlə üzləşəcək”.
Ekspertin fikrincə, müharibələrdə itkilərin olması qaçılmazdır:
"Əgər bir ölkə digər dövlətin ərazisini işğal edirsə, ölümlə üzləşəcəyini gözə almalıdır. Ermənistan təcavüzar ölkədir və 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğalda saxlayır. Nikol Paşinyan hökuməti anlamalıdır ki, İrəvan işğalçılıq siyasətindən vaz keçərək torpaqlarımızı boşaltmasa, rəsmi Bakı düşməni tamamilə sıradan çıxarmaq üçün əlindən gələni edəcək. Düşmənə göstərdiyimiz ən təsirli təzyiqlərdən biri məhz hərbi müstəvidə atılan addımlardır. Biz torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırıq. Belə olan halda cəbhə xəttində öldürülən ermənilər bizi qətiyyən maraqlandırmır. Ermənistan vətəndaşlarının Azərbaycana məxsus torpaqlarda nə işi var? Niyə bizim ərazilərdə hərbi xidmət keçirlər? Əgər özgəyə məxsus torpaqlar üçün boş yerə məhv olmaq istəmirlərsə, o zaman cəbhəyə gəlməsinlər”.
Qeyd edək ki, son dövrlər Ermənistan ordusunda stress vəziyyəti getdikcə artır. Ekspertlərə görə, erməni ordusunda yaşanan xaosun bir neçə səbəbi var. Birincisi, orduda təchizatın aşağı səviyyədə olması, ikincisi, ərzaq, geyim təminatından narazılığın artması, üçüncüsü isə erməni əsgərlərin Qarabağa getməkdən imtina etməsidir. Bütün bu amillər Ermənistan ordusunda stress vəziyyətini getdikcə artırır. Nəticədə bu da özünü intihar hallarında, qətllərdə göstərir. Koçaryan və Sarkisyan dövründən başlayan bu xaos son illər daha da artıb. Vəziyyətin Paşinyan dövründə daha kəskin hal alacağı şübhə doğurmur.
İsmayıl