Əsgəran qalasının dağıdılmasına MÜNASİBƏT:"Yeganə yolumuz düşməni ərazilərimizdən çıxarmaqdır"




"Torpaqlarımız erməni tapdağında olduğu müddətcə düşmən orada istədiyini edəcək”.

Bunu "Sherg.az”a Xankəndinin 18 kilometrliyində yerləşən Əsgəran qalasının rekonstruksiya adı ilə formasının dəyişdirilməsindən danışarkən millət vəkili Aqil Abbas söyləyib. 

O bildirib ki, nə qədər sərt reaksiya versək də, ermənilər vandalizm əməllərindən əl çəkməyəcək:

"Bizim yeganə yolumuz torpaqlarımızı işğaldan azad etmək, düşməni ərazilərimizdən çıxarmaqdır. Azərbaycan öz ərazilərində antiterror əməliyyatları həyata keçirərək, yadelliləri Qarabağdan çıxartmalıdır. Bu, müharibə deyil. 

Müharibə iki dövlətin arasında olur, biz Ermənistanla müharibə etmirik. Sadəcə, torpaqlarımızı separatçılardan təmizləyirik.

Bütün dünyada antiterror əməliyyatları dəstəklənir. Hər bir dövlət ərazi bütövlüyünə təhdid yarandıqda bu cür addımlar ata bilir. İşğal olunmuş Azərbaycan torpaqlarında milli-mənəvi irsimizə, abidələrimizə qarşı vandalizm həyata keçirilir. 

Bu barədə beynəlxalq təşkilatlara dəfələrlə müraciət etsək də, heç bir tədbir görülmür. Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur. Ona görə, bizim yeganə çıxış yolumuz torpaqlarımızı işğaldan azad etməkdir”.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan qondarma rejim maddi-mənəvi abidələrə qarşı təcavüzü davam etdirir. Xankəndinin 18 kilometrliyində yerləşən Əsgəran qalasının rekonstruksiya adı ilə forması dəyişdirilir. Belə ki, XVIII əsrin sonlarında müdafiə məqsədilə Qarabağ xanı tərəfindən inşa edilmiş qalanın əsas qüllələrindən biri dağıdılıb. Erməni sosial şəbəkələrində yayılan fotolar bu iddiaları təsdiqləyir.

Aysel Aslan