Etirazçı fəhlələr məhkəməyə müraciət etməlidirlər

Sahib Məmmədov: “Bəzi şirkət rəhbərləri üçün qanun keçərli deyil”



Ölkədə zaman-zaman fəhlələrin hüquqlarının pozulması ilə bağlı məsələlər gündəmə gəlir. Fəhlələr ən yaxşı halda etiraz aksiyası ilə bu problemin həllinə çalışırlar. Amma təbii ki, bu üsulla problemin həlli müvəqqəti olur. Dünən də Bakının Nərimanov rayonunda bir qrup fəhlə etiraz aksiyası keçirib. Fəhlələrinin aksiya keçirməsinə səbəb aylardır maaşlarının alınmamasıdır.

Tikinti şirkətlərindən birində çalışan fəhlələr bir neçə aydır məvacib ala bilmədiklərindən şikayətləniblər. Fəhlələrin sözlərinə görə, 3-4 aydır çalışsalar da, aylıq maaş verilməyib. Dəfələrlə tikinti şirkətinin rəhbərliyinə müraciət etsələr də, heç bir nəticə olmayıb. Fəhlələrə yaxın vaxtlarda maaş veriləcəyi deyilsə də, vəziyyət dəyişməyib.

Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov deyib ki, hüqularının pozulduğunu düşünən fəhlələr Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməldirlər: "Etiraz edən fəhlələr məhkəməyə də müraciət edə bilərlər. Əgər hər hansısa bir şirkətdə işçilərin adminstrativ şikayəti varsa ilk növbədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməldirlər. Yəni bu işlərin qanuni həlli yolu buradan keçir. Azərbaycan reallığı öz yerində, amma hüquqları pozulan işçilər vəkil tutub məhkəməyə müraciət etsələr müəyyən nəticələr əldə edə bilərlər.

Analoji hallarda şirkət rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Bir çox müəssiəslərdə əmək müqaviləsi olmur. Bunun aşkarlanması hallarında həmin şirkətin rəhbərliyi cinayət məsuliyyəti daşıyır. Amma Azərbaycan reallığında baxır şirkətin rəhbəri kimdir. Çünki bəzi şirkət rəhbərləri üçün qanun keçərli deyil”.

Şəymən