Ev əşyalarının öz-özünə yanması iddiası gülüncdür

“Belə fırıldaq şeylər ancaq bizdə mümkündür. Elmdə öz-özünə alışma adında bir şey yoxdu”
“Bunu araşdırmaq iki vur-ikidir. Ola bilər, sakinlər mənzili qəsdən yandırır, nəsə gözləntiləri var, yeni ev tikilməsini istəyirlər və s”

Lənkəranda yaşayış evlərindən birində qeyri-adi və sirli yanğının baş verməsi barədə məlumat yayılıb və bu cəmiyyətə təəccüblü hadisə kimi təqdim olunub.
Halbuki biz bu günə qədər də müxtəlif media orqanlarında evlərin, əşyaların öz-özünə yanması kimi xəbərlərə bir neçə dəfə rast gəlmişik. Əksəriyyəti isə əsassız çıxıb. Sonradan həmin evlərin elektrik və ya qaz təchizatındakı hansısa texniki nasazlıq səbəbindən baş verdiyi aşkar olunub.

Yeni yayılan məlumata görə, növbəti görünməmiş olay Lənkəranın aşağı Nüvədi qəsəbəsindəki evlərdən birində yaşanıb. Qəsəbə sakini 1948-ci il təvəllüdlü Davud Bağırzadəyə məxsus evdə 45 gündür, mənbəyi bilinməyən yerdən divarların, ev əşyalarının üzərinə su tökülürmüş. Su axan ərazilər qazılsa da, suyun mənbəyi aşkar olunmayıb. Bildirilib ki, artıq iki gündür, həmin evdə ayrı-ayrı vaxtlarda gün ərzində 20-25 dəfə kiçik yanğın hadisələri baş verir.

Yanğın zamanı hadisə yerinə dərhal FHN əməkdaşları çağırılıb və yanğınsöndürənlər baş verən hadisənin qarşısını alıblar. Yaşayış evindən bütün əşyalar təxliyyə olunub. Buna baxmayaraq, evdən çıxarılan əşyalar yığıldığı qarajda da yanır. Bu gün isə evin qapısı və pəncərəsi alışıb yanıb.
Qeyd edək ki, evdə bütün elektrik və qaz təsərrüfatı söndürülüb, lakin kiçik yanğınlar davamlı olaraq müşahidə olunur. Maraqlı detal olaraq da qeyd olunub ki, 6 nəfər ailə üzvündən ibarət olan bu "qeyri-adi” evə dəvət olunan din xadimləri də hadisəni təəccüblə qarşılayıblar.

"Azəriqaz” İstehsalat Birliyinin sabiq rəisi Nüsrət Qasımov isə "Şərq”ə açıqlamasında evin əşyalarının öz-özünə yanması kimi iddiaların absurd olduğunu deyib. Belə bir hadisənin heç bir elmi-nəzəri əsası olmadığını vurğulayan mütəxəssis dünya praktikasında da belə bir halın mövcud olmadığını qeyd edib: 

"Belə fırıldaq şeylər ancaq bizdə mümkündür. Elmdə öz-özünə alışma adında bir şey yoxdu. Alışma olması üçün mütləq iki elementin sürtünməsi lazımdı. Kibriti əlimizdə ha saxlayaq, onu kükürdə sürtməsək, kibrit alışarmı? Sənayedə, məişətdə alışma hallarının olması yalnız sürtünmə, qığılcım zamanı mümkündür. Fikir vermisinizsə, sintetik tərkibli geyimləri əynimizdən çıxaranda bəzən qığılcım görürük. Sanki tok yaranır, elektrik enerjisi kimi işıq saçır. Bu onun nəticəsidir ki, sintetik tərkibli materialda sürtünmə əmələ gəlir. Bədənimizə, ya da material bir-birinə dəyir. Məsələn, plastmas qablarda benzin saxlanılırsa, orada müəyyən statik yük əmələ gəlir, əgər çalxalanma baş verirsə, qabdakı benzini maşının benzin bakına tökəndə orada alışma baş verə bilər. Plastmas qab sintetik materialdan olduğu üçün çalxalanma zamanı əmələ gələn sürtünmə yanğına səbəb ola bilər. Ona görə də yanacaq məhsullarını plastmas qablarda saxlamağa icazə vermirlər. Bunlar elmi əsası olan hallardır. Amma mənzildə əşyalar durduğu yerdə alışdı, nə bilim, ev öz-özünə yandı, bunlar əsassız, mənasız, boş-boş söhbətlərdir. Fırıldaqçılığa, cindarlığa xidmət edən şeylərdir. Nə yazıq ki, bizim millətin də belə şeylərdən xoşu gəlir, o dəqiqə nəsə bir qeyri-adi hal görməyə meyl edirlər. Mövhumatla məşğul olmağı, reallıqla yaşayıb, real həyat sürməkdən üstün tuturlar. Əgər özünə yanma kimi bir hadisə olsaydı, dünya alışıb öz-özünə yanardı ki?”

N.Qasımovun media sensasiya buraxmaq xatirinə bu kimi xəbərlərdən istifadə edir. Hadisələri həddindən artıq qabardaraq verir: 

"Əgər yanğından mühafizə idarəsi 3 gün o evi söndürməyə gedibsə, onlar artıq bilməli idilər ki, bu yanğın nədən baş verir. Bunu araşdırmaq iki vur-ikidir. Ola bilər, sakinlər mənzili qəsdən yandırır, nəsə gözləntiləri var, yeni ev tikilməsini istəyirlər və s. Ya da məqsədləri budur ki, o evi saxta pirə çevirib pul qazansınlar. Mif yaratmaq istəyirlər. Amma bu da mümkündür ki, o evdə hardansa qaz sızması olsun. Rayon Qaz İstismar İdarəsi də, Yanğından Mühafizə Xidməti də evdəki bütün qaz, elektrik xətlərini yoxlamadan keçirməlidir. Bir müddət bundan əvvəl də Şəkidə, Göyçayda ev öz-özünə yanır deyə, xəbər yazmışdılar. Noldu? Sonradan heç kəsin səsi çıxmadı. Sensasiya yaydılar, cəmiyyətdə hay-küy yaratdılar, vəssalam. Bu cür absurd fikirləri yaymaqdansa, insanların təhlükəsizliyi baxımından faydalı məlumatlar paylaşmaq, onları maarifləndirmək lazımdır. Əgər hər hansı qaz sızması, qaz xətlərində, yaxud elektrik naqillərində nasazlıq varsa, dərhal aradan qaldırılmalıdır”.

Şəymən