Evdə, həyətdə görən kimi mərkəzə müraciət edin!

“Sovetski”, “Papani” söküldü, ilanlar Bakıya daraşdı“Axşam saatlarında qapı pəncərəni açıq saxlamaq olmaz”
Son illər Azərbaycanda ilanvurmaların sayı xeyli artıb. Xüsusilə də Bakı şəhəri və Abşeron rayonu ərazisində ilanlar kütləvi şəkildə çoxalıb. Onların gözlə görünən yerlərdə dolaşması insanlarda qorxu və həyəcan hissini artırıb. Qeyd edək ki, iyun ayı ərzində Azərbaycanda 18 nəfəri ilan sancıb.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, zərərçəkənlərdən 12 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlıdır.
İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlan sancma halları, əsasən Bakı ətrafı qəsəbələrdə - Zirə, Güzdək, Maştağa, Qaradağ və digər ərazilərdə baş verib.
Onu da deyək ki, son zamanlar Bakıda ilanların çoxalması müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olub, hərə bunu cür izah etməyə çalışır. Bəs bunun əsl səbəb nədir?
Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının kiçik elmi işçisi Anar Cəfərov isə "Şərq”ə açıqlamasında deyib ki, ilanların Bakıda fəallaşması, xüsusən də şəhərin mərkəzlərində gözə görünməsinin əsas səbəbi "Sovetski”, "Papanin” kimi köhnə məhəllələrin sökülməsi ilə bağlıdır:
- İlanlar elə ta qədimdən Bakıda, Abşeronda yuva salıblar. Son illər şəhərsalma ilə əlaqədar olaraq, köhnə məhəllələrdəki qədim tikililər sökülür. Bu zaman da onların damında, divarlarında, yaşayan ilanlar görünməyə başlayıb. Şəhərsalma zamanı mütləq ekosistem nəzərə alınmalıdır. Əvvəllər həmin tikililərdə yuva salan ilanlar gözə görünmədən orda yaşayırdılar. Binalar söküldüyü üçün də onlar özlərinə gizlənməyə yer axtarırlar. Bu yerdəyişmə zamanı isə gözə çarpırlar. Bu yaxınlarda "28 May” tərəfdə 3-4 dənə dam ilanları öldürülmüşdü. Çox güman ki, bunlar köhnə binaların arasında yaşayan ilanlarmış. Binalar sökülən zaman hamısı koma şəklində bir yerə yığışıblar.
Şəhərətrafı kəndlər və Badamdar kimi ərazilərdə isə ilanlar həmişə çox olub. Bayıl qəsəbəsinin insan olmayan yerlərində, dağlıq-qayalıq yamaclarında ilanlara rast gəlinir. Çünki həmin
yerlərdə onların yaşaması üçün şərait var. Əgər ərazidə çoxlu quşlar, gəmiricilər, kərtənkələlər, daş qalaqları, kol-kos varsa, əlbəttə, orada ilanlar olacaq.
- İlandan necə qorunmaq lazımdır?
- İlk növbədə texniki qaydalara riayət eləmək lazımdır. Axşam saatlarında qapı pəncərəni açıq saxlamaq olmaz. Xüsusən də həyət evlərinin sakinləri bu qaydalara ciddi əməl etməlidirlər. İlan təhlükəsindən qorunmaq üçün, ilk növbədə yaşayış yerinin səliqə-sahmanlı olmasına diqqət edilməlidir. Çalışmaq lazımdır ki, ilan üçün əlverişli şərait olmasın. Yəni ərazidə ilanın qidalandığı siçan, siçovul, müxtəlif gəmiricilər, onun gizlənə biləcəyi kol-kos bitməsin, daş-kəsək olmasın. Evlərin ətrafı zibilliklərdən təmizlənməlidir. Təmizlik nə qədər çox olsa, təhlükə də bir o qədər minimum səviyyəyə enər. İlanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait olmamalıdır. Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ora ən kəskin iyli maye, bitki qoymaqla ilandan qorunmaq olar.
- Bəs ilan necə zərərsizləşdirilməlidir?
- Bizim laboratoriya ilanlar üzrə ixtisaslaşsa da, ilanları zərərsizləşdirmək səlahiyyətimiz yoxdur. Əslində, Azərbaycanda ilanları zərərsizləşdirmək üçün bir xidmətin yaradılmasına ehtiyac var. Bu xidmət isə Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılmalıdır. Xarici ölkələrdə belə bir təcrübə var. Evdə və həyətdə ilan görən kimi həmin mərkəzə müraciət edilir. Mərkəz də xüsusi İlantutanlar göndərməlidir ki, həmin ilanın canlı halda tutulmasına müvəffəq ola bilsinlər. Hadisə yerindən qutularda uzaqlaşdırılan ilanlar insan yaşamayan ərazilərdə yenidən azad buraxılmalıdır. Amma bizdə belə bir xidmət olmadığı üçün evində ilan görən kəslər o dəqiqə onun başını əzir. Halbuki ilan da canlıdır və onu öldürmək təbiətə ziyan vurmaq deməkdir.
- İnstitutun əməkdaşlarına heç müraciət edən olurmu?
- Yuxarıda da qeyd etdiyim kimi, əslində ilanların zərərsizləşdirilməsi ilə bağlı bizə xüsusi səlahiyyət verilməyib. Amma bəzi hallarda vətəndaşlar ilanların zərərsizləşdirilməsi ilə bağlı bizə müraciət edirlər. Biz isə yalnız şəxsi hallarda xidmət göstəririk. Bəzən JEK, İcra Hakimiyyətləri, nazirliklərdən zəng edib xahiş edən olanda onlara kömək etməyə çalışırıq. Amma bu hər zaman alınmır. Biz elmi işlərlə məşğuluq. Yəni bizdə belə bir xidmət olmadığı üçün hər çağırılan yerə getmək məcburiyyətində də deyilik. Kimin şəxsi maşını varsa, insanların köməyinə o gedir. Əgər dövlət bizə xüsusu maşın ayırsa, biz də ilanları zərərsizləşdirmək üçün çağırılan yerlərə gedə bilərik. Piyada alınmır. Amma buna rəğmən imkanımız çatan qədər kömək eləməyə çalışır, insanlara məsləhətlərimizi veririk.
- Yay aylarında ilan sancmalarının artmasının xüsusi bir səbəbi var, ya sadəcə təsadüfdür?
- Təkcə yay aylarında yox, bütünlükdə ilan sancmaları bir təsadüfdür. İnsanlar texniki qaydalara əməl etmədiyi üçün ilanların hədəfinə çevrilirlər. Təbiət qoynuna çıxan insanlar oturduqları, gəzdikləri yeri müşahidə eləmirlər. Onu da deyim ki, bəzi adamlar var ki, gürzə ilana oyuncaq kimi baxır, ondan gələcək təhlükəni real saymır. Amma bilmək lazımdır ki, bütün ilanlar bir-birinə oxşayır. Həm də ki, gürzə kifayət qədər təhlükəli bir ilandır. Gürzə sancmalarının 70 faizi ölümlə nəticələnir. Paytaxt sakinləri nəzərə almalıdır ki, Bakı gürzə ilanları ilə zəngindir. Hətta ilk gürzə Bakının Badamdar ərazisində tapıldığı üçün Bakı Gürzənin Vətəni sayılır. Yəni deməyim odur ki, yay aylarında ilanlar artmır, sadəcə olaraq insanlar açıq havada və təbiət qoynunda çox olduğu üçün ilanlarla da tez-tez rastlaşırlar. İnsanlar bir balaca ehtiyatlı olsalar, heç bir təhlükə ilə qarşı-qarşıya gəlməzlər.
Şəymən