Əvvəl araşdırma, sonra islahatlar aparılmalıdır

“Yəni nazirliklər, komitələr və agentliklər yaradılırsa, onun funksiyası və məqsədi dəqiq bəlli olmalıdır”



Bəzi dövlət qurumlarının ləğvi məsələsi gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı yenidən gündəmə gəlib. Bəzi millət vəkilləri hesab edir ki, bu qədər nazirliklərin, komitələrin fəaliyyətindənsə, təmərküzləşmə siyasəti həyata keçirilməlidir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadçı Azər Mehtiyev də hesab edir ki, ölkənin idarə edilməsində hökumət strukturlarında islahatların aparılması zəruridir: "Təbii ki, bu prosesdə əhalinin hər hansı bir formada əziyyət çəkməsi mümkündür. Söhbət ixtisarlardan gedirsə, bu məsələ aparılan islahatlar zamanı qaçılmaz bir prosesdir. Ümumiyyətlə, bu gün hökumətin strukturlaşdırılması ilə bağlı hüquqi baza çox zəifdir. Azərbaycanda hökumət haqqında qanun yoxdur. Yəni ayrı-ayrı dövlət qurumlarının nə üçün və hansı əsasla yaradılması barədə hüquqi sənədlər mövcud deyil. Nazirliklərin, komitələrin, icra strukturlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi barədə heç bir hüquqi baza yoxdur. Bu baxımdan siyasi postlarla peşəkar postların ayrılmasına, menecerlərin müəyyənləşməsinə ehtiyac var. Digər tərəfdən isə hökumətin strukturları optimallaşdırılmalı, onun səmərəliliyi artırılmalıdır. Yəni nazirliklər, komitələr və agentliklər yaradılırsa, onun funksiyası və məqsədi dəqiq bəlli olmalıdır. Nə üçün yaradılır? Hansı işləri həyata keçirəcək? Hansı sahələrdə nazirlik olmalıdır, yəni həmin istiqamətin siyasətini müəyyənləşdirib, icra etməlidir? Azərbaycanda bu məsələlərin heç birinə aydınlıq gətirilməyib”.

İqtisadçının sözlərinə görə, struktur islahatlarında ən vacib məsələ məhz siyasi qurumların digər funksional qurumlardan ayrılmasıdır: "Öncə hökumət üçün prioritet olan sahələr dəqiqləşdirilməlidir, önəm kəsb edən sahələr müəyyənləşdirilməlidir. Buna müvafiq olaraq ayrı-ayrı nazirliklər yaradılmalıdır. Bütün bunlar sistemli bir işdir”.

A.Mehtiyevin qənaətincə, dövlət strukturlarının tərkibi optimallaşdırılmalıdır: "Bir tərəfdən peşəkar və məsuliyyətli bir hökumət olmalıdır. Bu gün Azərbaycanda institusional məsuliyyət deyilən bir anlam yoxdur. Ayrı-ayrı qurumların dəqiq çərçivələri, dəqiq səlahiyyətləri və məsuliyyətləri mövcud deyil. Dövlət qurumları həyata keçirdiyi işlərin nəticələrinin məsuliyyətini daşımırlar. Yalnız fərdi məsuliyyət mexanizmi var. O da Prezident qarşısında öhdəliyi olduğunu düşünür. Yəni fərdi-peşə məsuliyyəti yenə diqqətdən kənarda qalır. Bütün bunlar həll edildikdən sonra nazirliklərin say tərkibinin optimallaşdırılması məsələsinə keçmək olar. Mümkün qədər az sayda, az xərcli bir hökumətin qurulmasına çalışmaq lazımdır”.

İqtisadçı hesab edir ki, itirilən iş yerlərini özəl sektorun inkişafı sığortalaya bilər: "İş yerlərinin itirilməsi islahatlar zamanı heç bir halda prioritet ola bilməz. Azərbaycanda iş yerlərinin yaradılması dedikdə, dövlət strukturlarında ştatların şişirdilməsi, biri-birini təkrarlayan, lazımsız qurumların yaradılması və onların dövlət büdcəsindən maliyyələşdirilməsi başa düşülür. Əslində, özəl sektorda yeni iş yerlərinin yaradılması barədə planlar həyata keçirilməlidir. Azad sahibkarlığa, əlverişli rəqabət mühitinə meydan verilməlidir ki, müstəqil iş yerlərinin açılması təmin olunsun. Dövlət strukturlarının tərkibində iş yerlərinin çoxaldılması, o qədər də səmərəli bir siyasət deyil. Elə hökumət qurumları var ki, orada görülən işlə çalışanların sayı arasında uyğunsuzluq var. Yəni elə dövlət qurumu var ki, işçi az, görülən fəaliyyət böyükdür, eləsi də var ki, ştatlar çoxdur, amma iş həcmi azdır. Bu baxımdan optimallaşdırma apardıqda bəzi dövlət müəssisələrində işçilərin sayı arta bilər, nəinki azala”.

Bu gün hansı dövlət qurumlarının birləşdirilməsinə ehtiyac olduğuna gəlincə, ekspert bildirib ki, bunlar detallı məsələlərdir: "Mən ümumilikdə mexanizmin necə olmalı olduğunu söyləyirəm. Amma detallara varmaq üçün araşdırmaq lazımdır”.

Şəymən