İndi QMİ-nin zəvvarlara kompensasiya ayırması qaranlıq məsələdir
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlardan ziyarətdə dünyasını dəyişənlərin ailələrinə və ya ağır xəsarət alanlara kompensasiya ödənəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. Məlumata görə, kompensasiyalar zəvvarların seçdikləri ziyarət xidməti növlərinə görə 5 və 6 min manata qədərdir: "Zəvvarlardan VİP ziyarət növünü seçənlər üçün 6 min, nisbətən ucuz ziyarət növünü seçənlər üçün isə 5 min manat nəzərdə tutulub. Bundan başqa, ağır xəsarət alanlara müvafiq olaraq müalicənin xərcinə görə kompensasiya veriləcək. Bu, sənədlərin qəbulu zamanı zəvvarla bağlanan müqavilədə əksini tapır”. Məlumat üçün bildirək ki, aprelin 1-dən ölkəmizdə Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli otellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən otellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır. Təşəbbüsü dəyərləndirən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə söyləyib ki, bu, gecikmiş addımdır: "Bilirik ki, ora imkanlı şəxslər gedir. Onlar üçün də 4-5 min manat elə də böyük məbləğ deyil. Lakin illərlə pul yığıb gedənlərə, yəni sosial təminatı zəif olan zəvvarlar üçün müsbət işdir. Onlara faydası ola bilər. Amma kim zəmanət verə bilər ki, o məbləğ təyinatı üzrə paylanacaq? Bu məsələlər nəzarətə götürülməlidi. Əslində deyim ki, çoxdan olmalı idi. Əvvəllər orada vəfat edənlərlə bağlı həmişə Ərəbistan yarımadasının özü qan pulu ödəyib. Bu, islamın özündə də var. İndi QMİ belə bir addım atır. Lakin gecikmiş təşəbbüsdür. "Bunu niyə məhz indi çıxardılar” sualı mənim üçün qaranlıq qalır”.
Ayyət Əhməd