Bakıda Hacı Zeynalabdin Tağıyevə qoyulacaq abidə ətrafında qızğın müzakirə gedir
Faytona "yox" dedilər
Abidə elə yaradılmalıdır ki, Tağıyev əzəmətli görünsün
Bakıda Hacı Zeynalabdin Tağıyevə qoyulacaq abidə ətrafında qızğın müzakirə gedir
Bakıda Hacı Zeynalabdin Tağıyevə qoyulacaq abidə ətrafında qızğın müzakirə gedir
Sabir Rüstəmxanlı: "Düşünürəm ki, abidə Tağıyevin ömrünün nisbətən yaşlı, ahıl, özünü artıq bu torpağın, dövlətin sahibi kimi hiss etdiyi vaxtlarını əks etdirməlidir"
Nəriman Əbdürrəmanlı: "Nə edirlər, etsinlər, bircə tələskənliyə yol verməsinlər. Tağıyevin abidəsi ilə bağlı ümummilli müsabiqə elan edilməlidir və təklif edilən layihələr arasından ən yaxşısı seçilməlidir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə irəli sürülmüş məsələlərin həllinə başlanılıb. Görüşdə irəli sürülən təkliflərdən biri də, Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin qoyulması idi. Bu təklifi «Parni iz Baku» KVN komandasının üzvü, Əməkdar artist Bəhram Bağırzadə səsləndirmişdi. Azərbaycan dövlətinin böyük xeyriyyəçi H.Z.Tağıyevə münasibəti özünü çox gözlətmədi və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva B.Bağırzadəni qəbul edərək təklif ətrafında bir daha fikir mübadiləsi aparıldı. B.Bağırzadə görüş haqqında məlumat verərək bildirib ki, təklifin həyata keçirilməsi istiqamətində işlərə başlanılıb. Heykəlin yerinin təyin edilməsi üçünsə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən birgə qərar veriləcək. Həmçinin heykəltəraşlar arasında da abidə ilə bağlı müsabiqə elan ediləcək. Heykəlin hazırlanmasının kimə həvalə olunması da bilinəcək.
Artıq indidən abidə ətrafında ictimaiyyətdə müzakirələr gedir. Sosial şəbəkələrdə müxtəlif rəylər yazılır, paylaşımlar edilir. H.Z.Tağıyevin faytonda əyləşmiş – harasa gedirmiş kimi obrazının yaradılmasını təklif edənlər də olub, lakin bu, bir çoxları tərəfindən məqbul sayılmayıb.
Dünən sosial şəbəkələrdə mövzu ətrafında aparılmış bəzi müzakirələri qısaca vermək qərarına gəldik. Ümumi rəy ortaya çıxsın deyə.
Tağıyev faytonda olsa heykəl mənasız görsənəcək
Yusif Alıyev (alim):
- Mən Hacı Zeynalabdin Tağıyevin heykəlini faytonda təsəvvür etmirəm. Çünki Tağıyev faytonda olsa heykəl mənasız görsənəcək. Kef çəkən kişi kimi görsənəcək. Tağıyevin əsas süjetini millət fədaisi, xeyriyyəçi insan, əzabkeşin yanında duran böyük şəxsiyyət kimi obrazlı vermək lazımdır. Ya da ki, ayaq üstə düşüncəli duruşlu bir heykəl olsun.
P.S. Heykəlin ideyasını Bəhram versə də, yaxşı olardı ki, gerisi ilə tarixçilər, sənətkarlar və heykəltəraşlar məşğul olsunlar. Sonda Bəhram da baxar.
Qəmnəli Allahverənov:
H.Z.Tağıyevin Zığ şossesində «Tağıyev kombinatı»nın qarşısında heykəli var. Həmin kombinatda 4 min insan çalışırdı və 4 min ailə dolanırdı. Sərf etmir, nədisə, kombinat neçə ildir fəaliyyət göstərmir.
Yazar Şuşalı: Hər kəs öz səviyyəsində fikirləşir.
Dürdanə Vəkilova: Çox düzgün düşünürsünüz! Savadlı heykəltəraş kimi! Fayton onun əzəmətini göstərmək üçün yetərli deyil və o şəxsiyyətin möhtəşəmliyini bir qədər kiçildəcək. Onun daxilini açan obrazını yaratmaq gərəkdir.
İlqar Ağayev:
- Mən də onu əlində əsa, başında buxara papaq, ayaq üstə, azca irəli əyilmiş formada təsəvvür edirəm.
Abidə Tağıyevin nisbətən yaşlı, ahıl vaxtına aid olmalıdır
Xalq şairi Sabir Rüstəmxanlı «Şərq»ə açıqlamasında Tağıyevə qoyulacaq abidənin onun şəxsiyyətinin böyüklüyünü və gördüyü işlərin miqyasını əks etdirməli olduğunu dedi:
- Bu elə bir abidə olmalıdır ki, Tağıyevin xalqımız, millətimiz üçün gördüyü nəhəng işlərin ölçüsünü, həm də onun özünün bir şəxsiyyət kimi ucalığını əks etdirsin. Abidə bütün hallarda Tağıyevin adına layiq olmalıdır. Düşünürəm ki, abidə Tağıyevin ömrünün nisbətən yaşlı, ahıl, özünü artıq bu torpağın, dövlətin sahibi kimi hiss etdiyi vaxtlarını əks etdirməlidir. Əsl Azərbaycan kişisi obrazı yaradılmalıdır. Elə bir abidə olmalıdır ki, Tağıyevin xeyriyyəçiliyi, yardımsevərliyi, Azərbaycanın maariflənməsi, mədəniyyətinin inkişafı uğrunda çalışması, əsl xalq adamı olması daşın diliylə hiss edilsin. Abidəni kompleks şəklində də hazırlamaq olar. Çünki Tağıyevin tikdirdiyi binalar, onun yaşadığı ev – hazırkı Tarix Muzeyinin binası, sənət əsərləridir. Abidəyə düzgün dizayn vermək böyük əhəmiyyət daşıyır. Bir çox ölkələrdə cəlbedici abidələr görmüşəm. Yunanların 2500 illik tarixə malik dahi şəxsiyyətlərə həsr etdikləri abidələri var. İndi də qorunub saxlanır. Heykəllər bir xalqın tarixini, mədəniyyətini nümayiş etdirən sənət əsərləridir. Bəzən kiçik bir daşın üzərində gözəl, obrazlı heykəllər görmüşəm, bəzən heykəli ucaldılmış adam, qəribədir ki, torpaqda əyləşmiş formada «olub». Yəni abidəyə sahibinə uyğun xarakter verilməlidir. Abidə o zaman baxımlı və obrazlı olur. H.Z.Tağıyev xalqımızın dəyəridir, bu, sözsüzdür. Amma çox istərdim ki, Azərbaycan Cümhuriyyətinin qurucularının hamısının ayrı-ayrılıqda abidəsi olsun. Niyə indiyədək dahi ideoloqlar Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun abidələri yoxdur? Bir «İstiqlal» abidəsi qoyulub, heç bir məzmun ifadə etmir. Bunun günahı o abidəni düzəldən heykəltəraşdadı.
«Bircə, tələsik olmasın»
Yazıçı-publisist Nəriman Əbdürrəmanlı «Şərq»ə açıqlamasında H.Z.Tağıyevə ucaldılacaq abidənin adına layiq olmasını arzu etdiyini bildirdi:
- Təklifin kim tərəfindən qaldırılmasından asılı olmayaraq Tağıyevə heykəl qoyulması o kişinin haqqıdır. Bu insan varidatını Azərbaycan xalqının maariflənməsinə, mədəni səviyyəsinin yüksəlməsinə sərf edib. Sovet hakimiyyəti qurulanda da müsadirə edilən əmlakından əlavə, özünə qalan əmlakını da yenə dövlətə bağışlayıb, könüllü.
Yəni Tağıyevin bütün mirası xalqa qalıb. Biz də Tağıyevə sahib çıxmalıyıq, onun adına, etdiyi xeyriyyəçilik əməllərinə haqqımızın çatdığını sübut etməliyik.
Tağıyevə abidə çoxdan qoyulmalı idi, müstəqilliyimizin ilk illərində. Amma olmadı, eybi yoxdur, indi qoyulsun. Təki qoyulsun. Qaldı ki, abidə necə olmalıdır, bunu heykəltəraşlar müəyyənləşdirməlidir. Amma nə edirlər, etsinlər, bircə tələskənliyə yol verməsinlər. Tağıyevin abidəsi ilə bağlı ümummilli müsabiqə elan edilməlidir və təklif edilən layihələr arasından ən yaxşısı seçilməlidir.
Bunun üçün də münsiflər heyətində mütləq güclü, təcrübəli, səriştəli mütəxəssislər əyləşməlidir. Tağıyevin əzəməti görünməlidir o abidədə. Sovet vaxtı heykəltəraşlıq məktəbi vardı, təcrübədən, sınaqdan keçmiş heykəltəraşlara iş həvalə olunurdu.
Nə qədər siyasi çalarlar olsa da, sovet illərində ucaldılmış abidələr görkəmli idilər, hamısı ən yaxşı abidələrdir. Amma «Koroğlu», «Xətai» kimi kiçik qabaritli abidələr təəssüf doğurur. Bu abidələr tarixi şəxsiyyətlərin daşıdığı ölçüyə uyğun gəlmir. H.Z.Tağıyevlə bağlı səhvə yol vermək olmaz. Abidə onun adına, şəxsiyyətinə layiq olmalıdır.
Məlahət Rzayeva