Fazil Mustafa Almaniyada Qarabağ atlarını tapdı

Azərbaycanı təbliğ edən bu fədakar alman qadınını isə Bakıda hava limanında xeylı rahatsız ediblər
"Yolüstü gəldiyim Almaniyada dostlarımdan xahiş etdim ki, məni "Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyəti"nin rəhbəri xanım Verena Scholian ilə görüşdürsünlər. Haqqında bir neçə məqalə oxumuşdum və öz gözlərimlə onun Qarabağ atlarına sevgisini görmək istəyirdim. Bu 70-i haqlamış qadın həyat yoldaşı ilə birlikdə Hessen əyalətinin Ginsheim qəsəbəsinde yaşayır."
Bunu millət vəkili Fazil Mustafa feysbuk səhifəsində yazıb. Fazil bəyə  təşəbbüsündən dolayı təşəkkür edirik və Almaniyada tapdığı Qarabağ atları ilə bağlı geniş təəsüratlarını təqdim edirik.
"Qapısının üstündə „İG Karabagh und eurasische Pferderassen e.V" (Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyəti) sözləri yazılıb. Bu xanım 1989-cu ildə Rusiyadan gətirilən "İnturist" adında bir at alıb, sənədləri kiril əlifbasında olduğu üçün bir mütəxəssisə oxutdurub. Məlum olub  ki, "İnturist" Qarabağ at cinsindəndir. Bu at cinsləri barədə maraqlanmağa başlayıb. Araşdırmalarından aydın olub ki, yaradılması XVII-ci əsrə aid, dünyanın ən qiymətli at cinslərindən biridir. O vaxtdan etibarən Qarabağ atlarının yetişdirilib, artırılması ilə məşğul olub. 1994-cü ildən cəmiyyət fəaliyyət göstərir. Azərbaycanla ilk əlaqələri 2002-ci ildə yaranıb. Tez-tez Şəkiyə gedib-gəlib. Qarabağ atlarının kataloqunu çap etdirib. Adam pulsuz-parasız Azərbaycanı, Qarabağı, atlarımızı, mədəniyyətimizi təbliğ edir, əvəzində isə çox maraqlı münasibətlə qarşılaşıb. Soyadı Şolian (Şoliyan yox a...) olduğuna görə hava limanında çıxışda xeylı rahatsız ediblər. Şəcərəsi ilə tanış oldum. Bu qadının yeddi arxa dönəni təmiz almandır. Hər yanda Azərbaycanı təbliğ edir. Qarabağ adını alman cəmiyyətinə isinişdirir, biz isə adamı erməni çıxarıb ölkəmizdən incik salırıq.
Evində görüşdən sonra Qarabağ atlarının saxlandığı fermaya getdik. Verena xanım bizə sarı-qızılı rəngli Sirli, Şəki və Serko adlı Qarabağ atlarını göstərdi. Kataloqunda atlarının adı Qızıl, Sultan, Sağ ol və s.dir. Hər yana da Azərbaycan bayrağını asıb. Soyad uyğunluğuna görə adamı incidənlər anlamamışlar ki, Azərbaycana, onun bayrağına belə bir hörmət bəsləyən, Azərbaycanı təbliğ edən bir erməni görsək bu hərəkəti əlbətdə bizləri sevindirəcək. Halbuki Almaniyada özbəöz alman olan bir qadının vasitəsilə öz təbliğatımızı genişləndirməkdən imtina etməkdən başqa gördüyümüz bir iş yox...Bu da erməni axtarışı üzərində yoğunlaşan başqa növ saxta vətənpərvərliyimizin bir faktıdır.
Bu iradlar öz yerində, bu gözəlliyinə doymadığım atlardan ayrılmaq olmur... Qarabağın qoxusunu aldım. Təşəkkürlər, fədakar alman qadını..."