Fəhlə düşüb öldü

Tikinti şirkətlərinin rəhbərliyi məsuliyyət daşıyır



Tikinti şirkətlərinin təhlükəsizlik normalarını pozması hallarına biri də əlavə olunub. Bir neçə gün öncə paytaxt Bakıda güclü külək fəhləni binadan yıxıb. Məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb.

Fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev güclü külək nəticəsində binadan yıxılaraq ölüb. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Bu arada qeyd edək ki, Sumqayıtda da oxşar hadisə baş verib. Məlumata görə, fevralın 7-də sözügedən şəhər sakini Şahabbas Sadıqov fəhlə işlədiyi tikilməkdə olan binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Məsələyə münasibət bildirən "Vətəndaşların əmək hüquqları Liqası”nın sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, məlum hadisələr baş veribsə, bu, tikinti rəhbərinin məsuliyyətsizliyindən irəli gəlir: "Əmək məcəlləsinə görə, küləkli havada çoxmərtəbəli binalarda iş dayandırılmalıdır. Yox əgər dayandırılmırsa, təhlükəsizlik tədbirləri görülməlidi. Çoxmərtəbəli bina inşa olunursa, onun ətrafında qoruyucu "bezsetka” olmalıdır. Müxtəlif tədbirlər mövcuddur. Bunu küləyin üstünə atmaq düzgün deyil. Hadisə təsdiqini taparsa, şirkətə məsul olan şəxsə qarşı cinayət işi başladılmalı və işə götürən məsuliyyətə cəlb olunmalıdır”.

Ayyət Əhməd