Fəhlələrin təhlükəsizliyi təmin edilmir

İstehsalatda baş verən bədbəxt hadisələrin əksəriyyətinin neft sənayesinin payına düşməsi bu sahədə nəzarətin zəif olduğunu göstərir


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası istehsalatda bədbəxt hadisələrin statistikasını açıqlayıb. Trend-in məlumatına görə, 2017-ci ilin yanvar-iyul aylarında istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 15 nəfər həlak olub. Bədbəxt hadisələrin əksəriyyəti neft sənayesinin "payına düşür”.

Azərbaycan iqtisadiyyatının özəyi və öncülü hesab olunan neft sənayesində bədbəxt hadisələrin sayı niyə artıqdır?

Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "Şərq”ə açıqlamasında bədbəxt hadisələrin əksəriyyətinin neft sənayesində baş verməsinin bir çox səbəblərlə bağlı olduğunu dedi:

- Ölkə qanunvericiliyinə əsasən idarə və müəssisələrdə işçilərin təhlükəsizliyinə nəzarəti Dövlət Əmək Müfəttişliyi və Həmkarlar İttifaqları həyata keçirməlidir. Yəni, işçilərin təhlükəsizliyinə həm dövlət, həm də ictimai nəzarət olmalıdır. Hər bir işçinin sağlam və təhlükəsiz şəraitdə çalışmaq hüququ var. Azərbaycan Respublikasının Əmək Məcəlləsində də bu, təfsilatı ilə əksini tapıb, konkret maddələrdə qeyd edilib. İstehsalatda baş verən bədbəxt hadisələrin əksəriyyətinin neft sənayesinin payına düşməsi bu sahədə nəzarətin zəif olduğunu göstərir. 

Xüsusən də, SOCAR-da nəzarət zəifdir. Son zamanlar platformalarda, estakadalarda bədbəxt hadisələr baş verdi. Bunların kökündə həm də məsuliyyətsizlik dayanır. Tikintiyə ayrılan vəsaitlər düzgün istifadə olunmur. Fəhlələr köhnə, istifadə müddətini başa vurmuş estakadalarda işləyirlər. İstehsalatda alınmış xəsarətlərin gizlədilməsi ehtimalları da var. Bəzi məsul şəxslər vəzifə səlahiyyətlərini yerinə yetirmir. Fəhlələrin təhlükəsizliyi təmin edilmir. Deməli, vəzifəsində səhlənkarlıq, məsuliyyətsizlik edənlər var. Bunlar araşdırılmalı və səhvlər aradan qaldırılmalıdır.

Məlahət