Fəsadlarını hesablayan yoxdur

Varlılar 100 manatını verib uşağını evdə otuzduracaq, bəs kasıblar?Millət vəkili də hesab edir ki, dərs buraxan məktəblinin 100 manatı verməyə gücü çatmırsa, valideynləri küçə süpürməyə məcbur edilməlidir
Orta məktəblərdə dərs buraxan şagirdlərin valideynlərinin 100 manat cərimələnməsinə dair İnzibati Xətalar Məcəlləsinə dekabrın 4-də Milli Məclis tərəfindən qəbul edilən dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu dəyişikliyə təhsil ekspertləri, ictimai təşkilatlar, hətta millət vəkilləri səviyyəsində mənfi münasibət var. Onlar sözügedən dəyişikliyin istənilən effekti verməyəcəyini, rüşvətə yol açacağını düşündüklərini bildirmişdilər.
Millət vəkili Fazil Mustafa bu dəyişikliyin rüşvətxorluğa şərait yaradacağını zənn edir: "Ayda 7 gün dərsə getməyən şagirdlərə görə valideynin 100 manat cərimələnməsi barədə müddəanın qəbul edilməsi həqiqətən də problemə absurd yanaşmanı göstərir. Şagirdin məktəbdən yayınması sosial problemdir, bu da məktəb rəhbərliyi və valideyn arasında sağlam münasibətlər əsasında həll edilməlidir. Bu, əlavə rüşvət mənbəyi yaradacaq və yanlış yanaşmadır. İndi düşünək ki, bir çox məktəblərdə istilik olmadığına görə valideyn iki həftə uşağı məktəbə buraxmır ki, xəstələnməsin. O zaman 100 manat pul ödəməlidirmi? Normal şərait təmin edildiyi təqdirdə belə bir tələb qoyula bilərdi. Əgər hədəf dini, siyasi və ya başqa səbəblərdən uşaqların dünyəvi icbari təhsildən yayınmasının qarşısını almaqdırsa, o zaman bu motivlə uşaqları məktəbdən yayındıran valideynlər üçün ən sərt cəza da düşünülə bilər və cəmiyyət də bunu təqdir edər”.
Uşaqların bu və ya digər səbəblərdən məktəbdən yayınma hallarının olduğunu bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalının fikrincə, bu cür halların qarşısı alınmalıdır: "Təkcə onların dini mərasimlərə cəlb edilməsi baxımından deyil, uşaqların məktəbdən yayınaraq əməklərinin istismarı, gəlir mənbəyi kimi onlardan istifadə olunması, qız uşaqlarının 4-cü sinifdən sonra məktəbdən uzaqlaşdırılaraq evdə oturdulması, erkən nikaha cəlb olunması və s. kimi hallar var. Bu cür halların qarşısını almaq üçün qanunvericilikdə dəyişiklik etmək və o boşluğun aradan qaldırılmasına ehtiyac duyulur”. Millət vəkili cərimənin məbləğinin hətta 100 manatdan 300 manata qədər artırılmasının tərəfdarıdır: "Ümumiyyətlə, uşaqlarını məktəbdən yayındıran şəxslər təkcə inzibati yox, digər cəzalarla da cəzalandırılmalıdırlar. Məktəb, oxumaq insanları cəhalətdən uzaqlaşdırır. İnsanların dünyagörüşü üstün dəyərlərlə formalaşır. Əgər uşaq və ya yeniyetmə məktəbə getmirsə, kitab oxumursa, o, cəhalət içində yaşayır - ya cinayətkar olur, ya hansısa çağırışların, cərəyanların təsiri altına düşür. Və yaxud arzuolunmaz vərdişlərin daşıyıcısına çevrilir. Nəticədə bu insan vətəndaş olaraq cəmiyyət üçün yararsız olmaqla bərabər, ictimai mühiti zəhərləyir. Özünün mənfi davranışları, emosiyaları ilə mühitə təsir edir. Ona görə də qanunun hazırkı müzakirəsi uşaqların dini meyillərə, mərasimlərə cəlb edilməsi, məktəbdən yayındırılması baxımından gündəmə gəldi. Hesab edirəm ki, bu, gələcəkdə daha ciddi şəkildə qanunverici aktlarda da təsbit olunmalıdır ki, biz sağlam nəsil formalaşdırıb cəmiyyətin ixtiyarına verə bilək”. Millət vəkili hesab edir ki, övladı məktəbdən yayınan valideyn cəriməni ödəyə bilməyəcəyi təqdirdə ictimai işlərə cəlb olunmalıdır: "Onda valideyn küçə süpürməli və yaxud hansısa bir cəzanı almalıdır ki, övladını cinayətə sövq etməsin”. Millət vəkilinin fikrincə, profilaktik tədbirlər görmək lazımdır ki, onlar gətirib cinayətə çıxarmasın: "Bunun üçün məktəblər, müəllimlər ciddi işləməli, valideynlərin məsuliyyəti artırılmalıdır. Onlar öz övladları üzərindəki məsuliyyətlərini dərk etməlidirlər. Bunun üçün cəmiyyətdə maariflənmə işinə geniş yer verilməlidir. KİV-in, sosial şəbəkələrin bu işə cəlb edilməsi lazımdır. Maariflənmədən yan keçən, onu qəbul etməyən əlbəttə ki, qanun qarşısında cavab verməlidir”.
Təhsil üzrə ekspert Nadir İsrafilov isə bu məsələ ilə bağlı bir qədər fərqli düşünür. Onun sözlərinə görə, təhsildən yayınmaya görə, valideyni cəzalandırmaq yox, direktoru vəzifəsindən azad etmək lazımdır.
Ekspert açıqlamasında bildirib ki, şagirdlərin dərsə getməməsinə görə valideynlərin cəzalandırılması uğursuz addımdır.
Onun fikrincə, belə bir sanksiyanın tətbiqi ciddi fəsadların yaranmasına gətirib çıxara bilər: "Bu, əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır”.
N.İsrafilovun sözlərinə görə, sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzifədən azad olunmaya qədər ağır cəza növləri tətbiq edilirdi. Rüb ərzində 40 saat dərs buraxan şagird isə proqram materialını mənimsəməmiş, biliyi isə qiymətləndirilməmiş hesab olunaraq həmin şagirdin müvafiq olaraq payız imtahanına cəlb edilməsi və ya təkrar sinifdə saxlanılması barədə qərar çıxarılırdı. Ekspert hesab edir ki, repetitor yanına, digər əlavə kurslara getmək üçün şərait yaradanlara qarşı cəza tədbirlərinin tətbiqi bu sahədə vəziyyətin normallaşmasına öz töhfəsini verə bilər: "Məktəb mühitinin sağlamlaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi daha çox effekt verər, nəinki valideynlərin cərimələnməsi. Dərsdən yayınmadan daha ziyanlı tendensiya intişar tapmaqdadır ki, bu da təhsildən yayınmadır. Xüsusilə regionlarda minlərlə 7 yaşlı uşaq var ki, onlar təhsilə cəlb olunmayıblar. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir” .
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü sözügedən dəyişikliyin hər hansı müsbət nəticələrə gətirəcəyinə nəinki inanır, hətta belə düşünür ki, bu, yeni neqativ hallara yol açacaq: "Mən birmənalı olaraq bu dəyişikliyin əleyhinəyəm və ümumiyyətlə, onun mexanizmini də görmürəm.
Qəti olaraq bu fikirdəyəm ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan bu dəyişiklik şagirdlərin dərsdən yayınma probleminin həllinə kömək etməkdənsə, onu daha da dərinləşdirəcək və əlavə neqativ hallara şərait yaradacaq.
Fikrimcə, dərsə getməyən şagirdə görə valideynin cərimələnməsi absurddur. Bu problemin həlli üçün dünya təcrübəsinə istinad edə bilərdilər.
Məsələn, Türkiyədə tədris ili ərzində bir şagird üzrsüz səbəbdən iyirmi doqquz gün dərs buraxırsa, o halda onun ali təhsil almaq imkanı məhdudlaşdırılır.
Bizdə analoji məhdudiyyətlər tətbiq oluna bilərdi. Mən bu cərimələnmə məsələsinin mexanizmini təsəvvür etmirəm. Düşünürəm ki, bu təklifin qəbul edilməsi məktəblərdə daha arzuedilməz vəziyyətə səbəb olacaq. İmkanlı ailələr övladlarını evdə oturdub ayda rahatlıqla yüz manat cərimə ödəyəcəklər. Bəs maddi problemlərə görə uşağını məktəbə göndərə bilməyən kasıb ailələr bu cəriməni necə verəcəklər? Yenə deyirəm, bu təklifin qəbul edilməsi yeni problemlərə səbəb olacaq”.
Şəymən