FETÖ Azərbaycanda sevilmir
Akif Aşırlı
Dünyada eyni millətə mənsub başqa iki dövlət yoxdur ki, Türkiyə ilə Azərbaycan qədər yaxın olsunlar. Bütün dünya anlayır ki, Türkiyə ilə Azərbaycan təkcə müttəfiq, dost yox, ondan ötə, qardaşdılar. 1918-ci ildə qurulan, cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti zamanında da, sovet imperiyası dağılandan, müstəqilliyimizi bərpa edəndən bu yana da, hər zaman Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olub. Bu iki qardaş ölkə tək etnik kökən etibarı ilə deyil, tale bağlantılarıyla da yan-yana dayanıb.
Bu son proseslərdə - Türkiyədə terrorçu təşkilat olan FETÖ-nün 15 iyul dövlət çevrilişinə cəhdində də bir daha özünü göstərdi. Amerikada məskunlaşmış Fətullah Gülən şəbəkəsinin 15 iyul dövlət çevrilişinə cəhdindən sonra, illərdir qardaş ölkəni daxildən gəmirən bir terrorçu təşkilat ifşa edildi. Təbii ki, hər zamankı kimi Azərbaycan xalqı və dövləti qardaş ölkənin legitim hakimiyyətinin yanında oldu, özünü türk xalqının cərgəsində hiss etdi, qiyamın yatırılmasında şəhid olanlara rəhmətlər oxundu, bütün sferalarda öz mənəvi dəstəyini Türkiyəyə, türk xalqına göstərdi.
Tək Türkiyədə deyil, dünyanın 40-dan çox ölkəsində şəbəkələşən FETÖ terrorçularının Azərbaycanda da dayaqlarının olması inkar edilmir. Nəinki Azərbaycan, bütün türk dövlətləri kökü müstəqilliklərinin ilk illərinə, 90-cı illərə gedib çıxan, həlli müşkül olan bu problemləri yaşamaqdadır. Keyfiyyətli təhsil və loyal din, bəzən isə Osmanlıya qayıdış adı altında müxtəlif ölkələrdə şəbəkələşən Gülən tərəfdarlarının Azərbaycana gəlişinin tarixi də, oynadıqları rol da bəllidir. Bunu heç kəs inkar etmir. Amma Azərbaycan kimi keçmiş SSRİ-dən qopub öz istiqlalını elan edən Türk Cümhuriyyətlərində FETÖ şəbəkəsinin qurulmasında, gülənçilərin bu ölkələrin ictimai-siyasi, iqtisadi həyatına daxil olub, güc mərkəzlərinə çevrilməsində vaxtilə Fətullah Gülənlə hakimiyyət ortağı olan Türkiyənin siyasi hakimiyyətlərinin də günahı yox deyil.
Sayın Ərdoğanın 2013-cü ildən sonra "paralel yapı” təhlükəsini dilə gətirməsindən sonra bu bəlanın içərisinə salınan Azərbaycanda da fətullahçıların əl-ayağı yığışdırılmağa başlanıldı. F.Gülən şəbəkəsinin parlamentə saldırmağa bacardığı bəzi şəxslər növbəti seçkilərdə kənarda saxlanıldı. Fəaliyyəti şübhə doğuran və imam funksiyasını həyata keçirənlər dövlət strukturlarından kənarlaşdırıldı. Bu faktlar saytlarda, internet sistemlərində kifayət qədərdir.
Çox təəssüf ki, Azərbaycan dövlətinin bu mübarizəsini görməzdən gələn insanlar mövcuddur. Həmin insanlar, nədənsə, iddia edirlər ki, Azərbaycan FETÖ ilə mübarizədə səmimi deyil və görülən tədbirlər sadəcə görüntüdür.
Konkret olaraq, hazırda Türkiyədə yaşayan telejurnalist Sevil Nuriyeva da bu qənaətdə olanlardan biridir. Sevil xanım Türkiyənin "Star” qəzetində son zamanlar Azərbaycanda aparılan FETÖ əməliyyatından yazıb. Müəllif qeyd edib ki, bu tədbirlər mahiyyəti üzrə aparılmır, mübarizə yetərsizdir. "Türkiyənin yaxın coğrafiyasındakı vəziyyət” başlıqlı yazının Azərbaycan hissəsində müəllif FETÖ-nün Azərbaycanda oynadığı oyunlara diqqət çəkib: "Azərbaycan mühüm əhəmiyyətli bir ölkədir. Qafqazdakı yeganə qaladır və İslam-Türk coğrafiyası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycana baxış bucağı da yenidən nəzərdən keçirilməlidir”.
S.Nuriyeva kimi jurnalistikanın demokratik prinsiplərini müdafiə edən yazarın Azərbaycan dövlətinin FETÖ-yə qarşı mübarizəsinin yetərsizliyini iddia etməsi və radikal addımların tərəfdarı qismində çıxış etməsi xeyli suallar yaradır. Təəssüf ki, səsləndirdiyi iddialar bu xanım yazarın həqiqətpərəst, demokrat olmasına şübhələr yaradır. Məgər mübarizə 37-ci ildəki kimi "cəmiyyətdə iflas əhval-ruhiyyəsi yaradan”, "dövlət əmlakını talayan”, xarici ölkə casusu” ittihamıyla aparılıb, nəticədə "üçlər” tərəfindən güllələnmə hökmü səviyyəsindəmi aparılmalıdır? Bu gün Türkiyə cəmiyyətində yaşanan dövlət-vətəndaş münasibətlərindəki çatları Azərbaycana daşımaqla nəyə nail olmaq istənilir, aydın deyil. Türkiyədə 70 min müəllimin, həkimin, hüquq-mühafizə sistemi işçilərinin bir çoxunun FETÖ-çü damğasıyla işdən qovulması məgər yaxşı nümunədir? Bəlkə də əksərinin günahsız olduğunu gözəl anlayan sayın Ərdoğan son çıxışında bu məsələyə də toxunub, dillər əzbəri olacaq bir ifadə işlətdi: "At izi it izinə, it izi at izinə qarışıb”. Həqiqi FETÖ-çülər cildini dəyişib müasir Türkiyəçi, Ərdoğançı, gerçək demokrat, millətçi olur. Gülən şəbəkəsinin bir-iki tədbirinə qatılan, bu şəbəkədən məsafəcə çox-çox uzaqlarda dayananlar isə FETÖ-çü ittihamıyla işindən-gücündən olur, zəhməti hesabına qazandığı çörək əlindən alınır. Azərbaycan kimi vətəndaş cəmiyyətləri yeni formalaşan dövlətlərdə tarazlı münasibətin olduqca vacibliyini görünür, kimlərsə unudur və onların saxta iddiaları da, mülahizələri də yersiz qərəzdən, qisasçılıqdan, mənəmlikdən doğur.
Əgər S.Nuriyeva Azərbaycan iqtidarının FETÖ-yə qarşı 15 iyuldan sonra mübarizəsini görüntü kimi qiymətləndirirsə, köməyə əlahəzrət faktlar gəlir.
Belə ki, Fətullah Gülənə bağlı olduğu üçün Azərbaycandakı Qafqaz Universitetinin statusu, idarəçiliyi tamamən dəyişdirildi. Universitetdə çalışan Gülən şəbəkəsinə bağlı 50 müəllim ölkədən çıxarıldı. Müxalif düşərgədə FETÖ ilə bağlılığı şübhə doğuran insanlar istintaqa cəlb edildi, faktiki araşdırmalar aparılmaqdadır. Türkiyənin terrorda ittiham etdiyi Fətullah Güləndən müsahibə götürdüyü üçün, Türkiyə rəsmilərinin narazı intonasiyalı çıxışları əsasında ölkənin tanınmış telekanalı ANS-in lisenziyasına xitam verildi. Məsələ bundadır ki, S.Nuriyeva ANS üzərindən spekulyasiya edərək, bilərəkdən həqiqəti təhrif edir. "Yeni Müsavat” qəzetinə müsahibəsində Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun diplomatik tərzdə ANS-in bağlanmasına haqq qazandırır. Aydındır ki, Azərbaycan Türkiyə dövlətinin istəklərinə rəğmən FETÖ-yə qarşı mübarizə taktikası sərgiləmir. Anlayır və gözəl bilir ki, gec-tez Türkiyəni bürüyən bu bəla onu da tapa bilər. Elə onun üçün də hüquqi müstəvidə bu problemin həll yolunu arayır, tətbiq edir. Bir də ki, Azərbaycan terror şəbəkəsi ilə bağlı nə lazımdırsa, Türkiyəyə dəstəyini ifadə edib, və bu proses davam etməkdədir. Şəxsən Daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarı ilə terror şəbəkəsinə qarşı dəstək verdiyini ifadə etmək üçün Ankaraya getdi, müzakirələr apardı. Birgə əməliyyatın formaları araşdırıldı.
Sevil xanım məgər bu prosesləri izləmir ki, Azərbaycanın FETÖ-yə qarşı mübarizəsinin yetərli olmadığını iddia edir?
Ancaq fakt ondadır ki, Qırğızıstandan, Qazaxıstandan və FETÖ-nün kök saldığı digər dövlətlərdən fərqli olaraq, Azərbaycanın dərhal FETÖ-çülərə qarşı mübarizəyə başladığı açıq-aşkar ortadadır.
Bəlkə Sevil xanım Türkiyə rəsmilərinin bəyanatlarından, açıqlamalarından da xəbərsizdir? Axı Türkiyənin Prezidenti, Baş naziri, Daxili işlər naziri, Böyük Millət Məclisi başqanı, prezident və baş nazir köməkçiləri, səfiri, millət vəkilləri, müxalif Millətçi Hərəkat Partiyasının və Cümhuriyyət Xalq Partiyasının rəhbərliyi, ölkənin bütün səlahiyyətliləri FETÖ-yə qarşı mübarizədə Azərbaycana, Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edirsə,
Azərbaycanın terror şəbəkəsinə qarşı əzmli iradəsini təqdir edirsə, o zaman "Azərbaycanın FETÖ-yə qarşı mübarizəsi yetərli deyil” - fikrini ortaya qoymaq nə dərəcədə düzgündür?!
Bir zamanlar Fətullah Gülən şəbəkəsindən geninə-boluna yararlananlar, "hoca əfəndini” bəh-bəhlə tərifləyənlər, indi elə anti-gülənçilik ortaya qoyurlar ki, lap adam çaşıb qalır. Bu cür hücum planları quranlar bəlkə də FETÖ-nün "özünü gizlət, lazımi ana hazır ol” taktikasını yerinə yetirirlər. Lakin bu baş tutası iş deyil. FETÖ-nün planları, taktikası, uzaq illərə hesablanan gedişləri 15 iyulda türk milləti, xalqı tərəfindən darmadağın edildi.