Tanınmış jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərlə bağlı feysbuk statusu ciddi müzakirələrə səbəb olub.
Jurnalistin statusunu təqdim edirik:
"Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu. Qız və oğlan. Ayağını ayağının üstünə aşrımış 16 -17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar. Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin yox". Qeyd edək ki, həmkarımızın bu davranışı şəbəkə istifadəçilərivə eləcə də ictimaiyyət nümayəndələri tərəfindən də birmənalı qarşılanmayıb. Kimi bu hərəkəti təqdir edir, kimi isə tənqid...
Söyüşlər dəhşətə gətirir məniMəsələn, "Kaspi" qəzetinin baş redaktoru ilham Quliyev bildirib ki, bəlkə də Xəqani o gənclərə qarşı bir az sərt davranıb, bəlkə də statusu yazarkən ehtiyatsız ifadələr işlədib. Amma bütün bunlar onun təhqir olunmasına, linc edilməsinə zərrə qədər də əsas vermir:
" Dünəndən bəri onun ünvanına yazılan təhqirlər, söyüşlər dəhşətə gətirir məni. Cümlə yazmağı dünən öyrənən, ictimai yerlərdə nümayişkəranə şəkildə öpüşməyi ən təməl azadlıq kimi təqdim edənlərin Xaqani kimi mədəni, ömrünü sözə həsr etmiş birinə qarşı bu cür amansız davranışları çox narahatedicidir. Belələri Xaqaninin yanaşmasını tənqid edərkən, öz davranışlarını saf-çürük edirlərmi?"
Gənclik sevib sevilmək dövrünü yaşayır"Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, 99 faizi kişi kimi düşünür, onun 10 faizi təpik atır, 40 faizi təpik atmağı planlaşdırır ,amma cürət etmir, 10 faizi isə sosial şəbəkələrdə bunu müzakirə edir.
Yerdə qalan 29 faizi hələ tərəddüdədir, əxlaq nədir sualına cavab tapammır. 1 faizi düşünür ki, gənclik sevib sevilmək dövrünü yaşayır və cavanlığını yadına salıb gülümsəyib keçir. 99 faizi təlatümdədi, çox əhəmiyyəti, tale yüklü məsələ baş verib. Ölkənin gələcəyi təhlükə altındadı. Deyirəm ki, 7 yaşlı uşağı öldürən ataya hiddətlənib ona ömürlük cəza tələb etsəydiz və bu prosesin acıq kecirilməsini tələb etsəydiz bəlkə də o uşağın ruhu şad olardı".
Uşağa nəyin düzgün, nəyin yanlış olduğunu anlat!Xaqani Səfəroğlu gözəl insan olduöunu deyən Filoloq Yadigar Cəfərli söyləyib ki, o, dəyərli ziyalıdır, savadlı jurnalistdir:
"Cəmiyyətimizin sivil inkişafına ən çox can atan adamlardan biridir. Onun ömründə kiməsə təpik vurmasına qəti inanmaram. O ki qaldı metroda öpüşmək istəyən yeniyetmələr ola. Görünür, insanların belə məsələlərə münasibətini yoxlamaq üçün statusun "barıtını” bir az artıq edib. Nəticə isə çox yaxşıdır. Rəylər insanlarımızın xeyli sosiallaşdıqlarını göstərir. Belə məsələlərə tolerant münasibətdə toplum irəli gedib. Bu cür də davam etmək lazımdır. Uşağa nəyin düzgün, nəyin yanlış olduğunu anlat. Fərdi azadlıqların harda bitdiyini, ictimai hüquqların harda başlandığını göstər. Ondan sonra metroda kim böyük-kiçiyə məhəl qoymayıb öpüşər, kim sosial rol gözləmələrini nəzərə alıb öpüşməyi sonraya saxlayar özü bilər. Belə şeylərdən balacaların tərbiyəsinə ziyan gəlməz. Əgər evdə və məktəbdə tərbiyə adına nəsə verilirsə. O ki qaldı, fürsət düşdükcə öpüşməyə, bu, bir-birini sevən yeniyetmələrin ən təbii haqqıdır. Milli mentalitetə gəlincə, yadınızdadırmı, ulu babalarımızdan Beyrək də gənc olanda üç öpüb, bir dişləyib axırda altun üzüyü Banıçiçəyin barmağına keçirmişdi. Amma elmi tədqiqatlar göstərir ki, o bu hərəkəti Oğuz elinin qədim metrostansiyalarında yox, təbiətin xəlvət guşələrində etmişdi".
Metroda öpüşməyi qəhrəmanlıq bilənlərə...Jurnalist Gülşən Raufqızı hesab edir ki, valideyn olmayan Xəqani müəllimin hansı səbəbdən bu reaksiyanı verdiyini anlamaz:
"Azadlıq metroda açıq şəkildə intim hisslərini cəmiyyətə çatdırmaq deyil!
Ağlına gələni yazanlar əvvəlcə azadlığın nə olduğunu öyrənsinlər. Azadlıqdırsa, niyə metroda təpəsi üstə durub şəkil çəkdirən oğlanı təhqir edirdiz? Sizin məntiqinizlə, metroda öpüşmək olar, təpəsi üstə dayanmaq olmaz?! Onun dırnağındakı savad bəzilərinin başında yoxdur, amma götürüb status yazır ki, belə jurnalistlərə görə cəmiyyət korlanır. Cəmiyyət sənin kimi beyinsizlərə, metroda öpüşməyi qəhrəmanlıq bilənlərə görə korlanır!
Öpüşəcəksənsə, bizdən icazə alacaqsan, kardeşim!
Şair- publisist Aqşin Yenisey bunları deyib:
"Bu "təpik" məsələsində insan azadlıqları, vətəndaş cəmiyyəti kimi milli şüurumuza yad olan məsələlərin dərinliyinə varmaq istəməzdim, anlamadığımız mətləblərdir. Sadə həyat həqiqətlərinə baxaq. İctimai yer dediyimiz küçədə, metroda hər gün sevgilisini, arvadını döyən, söyən kişilərə rast gəlirik. Niyə kimsənin səsi çıxmır? Bu ictimai yerdə nəzakətsizlik, tərbiyəsizlik deyilmi? Bu səhnə qarşısında hamı belə bir öyrədilmiş əxlaqa sığınır ki, "özləri bilərlər". Amma həmin ictimai yerdə iki gənc öpüşürsə, bu, artıq ictimai nəzakətsizlik sayılır. Öpüşəcəksənsə, bizdən icazə alacaqsan, kardeşim! Döymək istəyirsənsə, başqa məsələ, bu, sənin öz işindir! Hanı ictimai təəssübkeşlik, səmimilik? Hanı ictimai əxlaq və onun keşikçiləri? Əgər o epizodda oğlan qıza bir şillə çəksəydi, bizim ağsaqqal dabanına tüpürüb aradan çıxacaqdı. Çünki ictimai yer bizim qorxmadığımz yerdir, harda ki, qorxuruq, orda hər kəs özü bilər!
Hər bir cəmiyyətin öz ictimai əxlaq normaları var
Hüquqşunas Əkrəm Həsənov məsələni belə izah edib:
"Gəncləri Qərb təcrübəsinə istinadən müdafiə edənlər də var. Mənasız olduğu üçün onlarla mübahisə etmək niyyətim yoxdur, çünki dünyagörüşümüz fərqlidir (mənim üçün azadlıq ilk növbədə məsuliyyət və heyvanlardan fərqlənməkdir!). Sadəcə hüquqşünas olaraq xatırlatmaq istəyirəm ki, Konstitusiyamızda elə Qərb hüququndan götürdüyümüz "ictimai əxlaq" məfhumu var. Hətta sərbəst toplaşanda və dini mərasimləri yerinə yetirəndə də ona riayət etmək lazımdır. O da ola ictimai nəqliyyatda yol gedəndə. İctimai əxlaq nədir? Hər bir cəmiyyətin öz ictimai əxlaq normaları var (Qərbin istənilən dövlətində bu normalar qanunda təsbit edilmir, amma məhkəmələr qərar verəndə ona istinad edir, çünki hamıya bəlli bir şeydir!). Bizim normalar erkəklə dişinin hamının gözü qarşısında edə bildiyini bəy və xanıma yasaq edir. Bu baxımdan Xəqani bəyin hərəkəti sərt olsa da, əslində ictimai əxlaqın qorunması idi. Hüquqi tərəfdən başqa məsələnin dini tərəfi də var. Başa düşürəm ki, Azərbaycanda ateistlər, deistlər və bu kimi digərləri də var. Amma müsəlmanlar mütləq çoxluq təşkil edir. İslamın əxlaq normaları isə bəllidir. Eyni zamanda müsəlman bacı və qardaşlarıma belə hallara təəccüblənməməyi tövsiyə edirəm. Peyğəmbərimiz (SAS) buyurmuşdur: 1. «Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». 2. «Qəlbim əlində olan Allaha and olsun! Bu ümmət məhv olmaz o vaxta qədər ki, bir kişi qadını yolda uzada və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin» deyəcəklər".
Sərnişinlərə qadağan edilmiş hərəkətlər arasında "öpüşmək" yoxdur"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metro istifadəçiləri üçün qanunla tənzimlənmiş davranış qaydaları var və metro rəhbərliyi də bu qaydaların pozulmasına cavabdehdir:
"Sərnişinlərə qadağan edilmiş hərəkətlər arasında "öpüşmək" yoxdur. Buna qarşı nə isə etmək düzgün olmaz. İnsanlar özləri bir-birini nəzərə almalıdır. Ümumiyyətlə, ictimai yerlərdə asayişin qorunması ilə bağlı qaydalar var. Metroda ictimai asayişin pozulmasına nəzarət edən polis əməkdaşları xidmət göstərir. Əgər kimsə ictimai asayişi pozursa, düzgün davranmırsa, bundan narahat olan sərnişinlər polis əməkdaşına müraciət edə bilər. Əhaliyə də müraciət edərək deyə bilərik ki, insanlar bir-birinə qarşı hörmətli olsunlar”.
Öpüşmək qanun pozuntusu deyilVəkil Fariz Namazlı bildirib ki, ictimai yerlərdə öpüşmək qanun pozuntusu deyil:
"Bəzən polislər öpüşən şəxslərə yaxınlaşaraq İnzibati Xətalar Məcəlləsinə istinad edirlər ki, qanunu pozurlar. Bildirirlər ki, onlar xırda xuliqanlıq edirlər. Polislər qızla oğlanı polis bölməsinə dəvət edirlər. Halbuki burada heç bir xuliqanlıqdan söhbət gedə bilməz. İndiyə qədər heç kim öpüşdüyünə görə məsuliyyətə cəlb olunmayıb. Sadəcə, bizdə oğlanlar qızın bölməyə getməməsi üçün digər yollara əl atırlar”.
Lakin vəkil onu da qeyd edib ki, öpüşmək seksual xarakterli davranışlarla müşayiət olunursa, o zaman qanun çərçivəsində inzibati qaydada cərimə oluna bilərlər.