İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moucani sosial mediada yaydığı açıqlamalarla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili görüş zamanı İran səfirinə sosial mediada yaydığı açıqlamaların diplomatik fəaliyyətin əhatə dairəsindən kənara çıxdığını bildirib.
A.Xvtisiaşvilinin sözlərinə görə, bu cür açıqlamalar ictimai əhvali-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və oxşar halların təkrarlanmayacağına ümid etdiyini deyib.
Nazir müavini İran səfirinin diqqətinə çatdırıb ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə müəyyən edilmiş normalara riayət etməli, həmçinin qəbul edən ölkənin tarixi və daxili məsələləri ilə bağlı şərhlərdən çəkinməlidirlər.