Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə İştirak etmək üçün İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Bu barədə Sherg.az-a Müdafiə Nazirliyindən bildirilib.

Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan general-polkovnik K.Vəliyev ordularımız arasında əlaqələrin genişlənməsi və təcrübə mübadiləsinin artırılması baxımından qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən qonaq ölkəsinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın inkişafına maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.